Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:47

Sahibkar: 'Gübrə qara bazara nisbətən dövlətdə bahadır'


Səmədağa Həmidov
Səmədağa Həmidov

Prezident İlham Əliyevin bu il sentyabrın 1-də verdiyi fərman ilə "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nda dəyişiklik edilib. Fərmana əsasən, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək.

Torpaq sahibi, Masallı rayonu Təklə kənd sakini Səmədağa Həmidov bunu müsbət hal kimi dəyərləndirsə də, deyir ki, subsidiyaların verilməsində problemlər var: "Bizdə payı bəlli torpaqlardır. Ona görə də şərtlərə əməl etməklə subsidiya ala bilirik. Arpanın, buğdanın, kartofun və digər məhsulların ayrı-ayrı subsidiyası var".

"Subsidiyaları əkinçi tam ala bilmir"

Sahibkar vurğulayır ki, subsidiyanı tam ala bilmirlər. O deyir ki, əkin vaxtı pula ehtiyacları olur, ona görə də banklara, sələmçilərə üz tuturlar, borca düşürlər: "Subsidiyaları da əkinçi tam ala bilmir. Nağd bankomatdan pulun 20 faizini çıxarda bilirsən. Qalan məbləğ qalır kartda. Bazalar var, gübrələri, dərmanları gətirib töküblər oralarda. Məcbur edirlər ki, gübrəni və dərmanları oradan götürək. Həmin o verilməyən məbləği köçürdürlər ora. Tutaq ki, qara bazarda gübrənin kisəsi 20 manatdır, bazada isə bizə 40 manatdan hesablanır".

Tərəvəz sahəsi
Tərəvəz sahəsi

Sahibkarın sözlərinə görə, azot gübrəsini onlara 80 faiz bahasına təklif ediblər: "Soruşurlar ki, sənə nə qədər gübrə lazımdır? Deyirsən, 5 kisə. Onu hesablayıb kartından silirlər. Kartda pul qalırsa, növbəti mərhələdə silirlər. Belə oyunlar gətirirlər bizim başımıza".

"Qanunların bizə zərrə qədər xeyri yoxdur"

O, əkinçilərə dəstəyi yetərli saymır: "Qanunların da bizə zərrə qədər xeyri yoxdur. Məhsul istehsalı artmır. Əkinçi elə ehtiyac içində yaşayır. Elə olmasaydı, kartofun 1 kiloqramı 1 manata qalxmazdı. Məhsul yığan vaxtı xaricdən gətirib tökürlər bazarlara, qiymət düşür. Belə vaxtlarda qiymət qalxır. Hələ qiymət qalxacaq. Elə edirlər ki, idxaldan asılı olaq".

S.Həmidovun fikrincə verilən subsidiya kəndlinin problemlərini tam həll etmir: "Subsidiyanın verilməsi yaxşı haldır. Ancaq bu məbləğ problemlərimizi həll etmir. Əkinçi torpaqla yaşayır. O isə həmin torpaqla övladını evləndirə bilmir, ev inşa etmək mümkün deyil. Ona görə də gənclərimiz kənddə qalmırlar".

"Bu necə olur ki,..."

Təklə kəndinin digər sakini, Birinci Qarabağ müharibəsinin veteranı Qüdrət Sabirov da hesab edir ki, kəndliyə dəstəyi gücləndirmək lazımdır. Onun fikrincə, bu dəstək təkcə subsidiya ilə bitməməlidir: "Necə olur ki, gübrə qara bazara yol tapır? Bu necə olur ki, gübrənin qiyməti qara bazara nisbətən dövlətdə bahadır? Subsidiyanın elə də ciddi dəyəri yoxdur".

Hökumət kəndlidən məhsul ala bilər - yeni şərtlər açıqlanır
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

"Əkin sahəsini sığortalamaq yaxşıdır"

Şikayətlərə Masallı rayonunun rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb. Amma oxşar şikayətlər Astara rayonundan da eşidilir. Astara Rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Etibar Abbasov da deyir ki, 10 hektardan çox olan əkin sahələri hökmən sığorta olunmalıdır: "Amma 10 hektardan aşağı sığortasız veriləcək. Əkin sahəsini sığortalamaq yaxşıdır. Təbii fəlakətdən ziyan dəyəndə pul ödənilir. Sığorta əslində könüllüdür. Gördülər vətəndaşlar buna getmir, məcburi etdilər. Sığortanı aşağı ölçülü sahələrə tətbiq etmədilər. Ola bilər, gələcəkdə 5 hektardan yuxarı nəzərdə tutsunlar. Sığorta kağızını təqdim etmədən subsidiya verilmir. 5 hektardan yuxarı əkin sahəsi olanlar torpaq analizi də verməlidirlər".

"Burda bütün hallar qanunla tənzimlənir"

Onun bildirdiyinə görə, subsidiyanın verilməsində problem yoxdur: "Burda bütün hallar qanunla tənzimlənir. Sahibkar subsidiyanın ümumi məbləğinin 25 faizini nağdılaşdıra bilir. Qalan hissəsi isə gübrə və dərmanlara xərclənir. Gübrənin də qiymətləri bu il qalxıb. Keçən il gübrənin kisəsi 26 manat 40 qəpik idi, indi olub 30 manat. Qara bazarda kimsə tapır, gətirir, verir 20 manata. Görürsən ki, qara bazarda qiyməti 20 manatdır, amma dövlətdə 26 manat. Bunlarla inzibati orqanlar məşğul olmalıdır".

O əlavə edib ki, subsidiyalar əkin sahələrinin genişlənməsinə və məhsuldarlığın artmasına xidmət edir: "Dövlət əkinçilərə subsidiyanı kömək məqsədi ilə verir. Bizim fermerlər bəzən aqrotexniki qaydalara əməl etmirlər... Bu da məhsuldarlığa mənfi təsir göstərir".

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG