Keçid linkləri

2025, 07 İyul, Bazar ertəsi, Bakı vaxtı 23:17

Həqiqət keşikçiləri. 'Biz jurnalistlər ölkənin prokurorlarıyıq'


Mətbuat
Mətbuat

Türkiyəli jurnalist Can Dündar və meksikalı araşdırmaçı jurnalist Anabel Hernandes mühacirətdə yaşayırlar. Onlar öz hekayələrini DW-nin çəkdiyi yeni sənədli filmdə və filmin Berlində keçirilən premyerasında paylaşırlar.

"Guardians of Truth" (Həqiqət keşikçiləri) adlı sənədli serial Can Dündarın 2017-ci ildən bəri İtaliyada yaşayan Anabel Hernandeslə tanışlığını izləyir.

"Xalq nə baş verdiyini bilməlidir"

Dündar Türkiyə hökumətinin Suriyaya silah göndərdiyini işıqlandırdığı üçün vətənə xəyanətdə ittiham olunub. Hernandes isə illərlə narkotik kartelləri və onların bir-birini əvəzləyən hökumətlərlə əlaqəsini araşdırdığı üçün dəfələrlə ölüm təhdidləri alıb.

Dündar Türkiyəyə qayıda bilmir. Hernandes isə ölüm təhdidləri almasına rəğmən, hələ də araşdırmaları üçün Meksikaya gedib-gəlir. Filmdə Dündar ondan niyə bu qədər böyük riskin altına girdiyini soruşur. "Ora mənim evimdir və biz jurnalistlər ölkənin prokurorlarıyıq. Müstəqil məhkəmə sistemi yoxdur, ədalət yoxdur. Xalq nə baş verdiyini bilməlidir", Hernandes cavab verir.

Filmdə onun hər gün insanların itkin düşdüyü və öldürüldüyü ölkədə işini nə qədər çətin şəraitdə görməsindən söz açılır. Anabel Hernandes Meksikaya qayıdanda öz köhnə mənzilində yox, oteldə qalır. O, gizlicə hökumət işçilərinin villalarının şəklini çəkir. Bu məmurların həyat standartları maaşlarına uyğun gəlmir. O, şahid ifadələrini təsdiqləmək üçün sənədləri araşdırır və müxtəlif informatorlarla, o cümlədən narkotik biznesi ilə bağlı adamlarla görüşür.

Cangüdənlər

Can Dündar deyir ki, bəlkə də, onlar Anabel Hernandeslə günahlarını rahibə etiraf edirlərmiş kimi danışırlar. Hernandesə görə isə, onlar, sadəcə, ona inanırlar.

Linda Virek və Can Dündarın birlikdə çəkdiyi sənədli film çətin şəraitdə ərsəyə gəlib. Veteran DW müxbiri əvvəllər də çətin vəziyyətlərdə işləyib. Ancaq iş zamanı cangüdənlərlə əhatə olunmaq onun üçün yeni idi. O, Mexiko şəhərinin içərisində və ətraflarında çəkiliş aparmağa qorxduğunu, ancaq Anabel Hernandesin cəsarətindən ilham aldığını deyir.

Hernandesin öz azyaşlı oğlu yeriməyə başlamazdan öncə cangüdənlərlə əhatə olunmağa başlayıb. Jurnalistin özü filmdə bunu üzr istəyirmiş kimi ifadə edib.

Həqiqəti üzə çıxarmaq

Bir saata yaxın davam edən sənədli filmdə ən təsirli anlardan biri Mario adlı bir kişinin öldürülmüş qardaşının qalıqlarını axtarmasıdır. O, hər gün həyatını riskə ataraq narkodilerlərin qardaşını öldürdüyü bölgəyə gedir və yeri çubuqla qazaraq onun qalıqlarını axtarır. Mario insan qalıqları tapır, ancaq qardaşını tapa bilmir.

Filmdə yumor və optimizm də var. Məsələn, Anabel Hernandes Can Dündarla birlikdə 83-yaşlı anasını ziyarət edəndə gözlənilmədən Dündarın özünün eyniyaşlı anası ilə WhatsApp söhbəti baş tutur.

Hernandes deyir ki, Meksikada həqiqəti üzə çıxarmaq həyati təhlükə daşıya bilər. Ancaq hətta Avropada belə insanlar heç də həmişə həqiqəti bilmək istəmirlər. Dünyadakı kriminal strukturlar həm də Qərbin sayəsində fəaliyyət göstərə bilirlər. O əlavə edib ki, heroin və kokain istifadəsi birbaşa qanunsuz narkotik trafikinqi ilə bağlıdır.

Anabel Hernandes və Can Dündarın ümumi cəhətləri həm zorakılıq və ölüm təhdidləri qarşısında məğlubedilməz cəsarət, həm də istilik və insanilikdir.

Mariupoldan reportaj edənlər

"Guardians of Truth" filminin premyerası Ümumdünya mətbuat azadlığı günü ilə eyni vaxta salınmışdı. DW direktoru Peter Limburq öz çıxışında bildirib ki, Ukraynada gedən hazırkı müharibə mətbuat azadlığının əhəmiyyətini bir daha aydın xatırladır.

DW-nin builki Söz azadlığı mükafatı ukraynalı jurnalistlər Yevgeni Maloletka və Mstislav Çernova verilib. Onlar Mariupoldan reportajlar hazırlamaq üçün həyatlarını riskə atıblar.

DW-nin "Guardians of Truth" sənədli serialının növbəti filmində Rusiya və Ukraynadan olan azadlıq və insan haqları mübarizlərindən söz açılacaq. Ancaq, hələlik, onların adları açıqlanmayıb.

XS
SM
MD
LG