Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:42

'Odun bahalaşıb, ümid kürkümüzə bürünməyə qalıb'


Foto illüstrasiya
Foto illüstrasiya

«İki gün idi işığı kəsmişdilər. Dünən axşamtərəfi zəng vurdum, dedim, «AzadlıqRadiosuna yazmışam», şükür, çox keçmədi ki, işığı verdilər. Ancaq bu qaz problemi elə bil taleyimizə əbədi yazılıb. Göytəpədə qazlaşdırılmayan küçə qalmadı, bircə bizim küçədən başqa…».

Cəlilabadın Göytəpə qəsəbəsinin sakini İlhamə Teymurova «Qaynar xətt»ə şikayət edir ki, yaşadığı Fəzail Bayramov küçəsində illərdir mavi yanacağa həsrətdirlər. Arabir sakinlərin əsəbləri coşanda, Cəlilabad rayon Qaz İstismar Sahəsinə üz tuturlar. İdarədən də hər dəfə şirin vədlər eşidib geri qayıdırlar.

«ODUN BİZİ HEÇ 2 AY GÖRMÜR»

Bu küçə mərkəzi küçələrdən sayılır. Gəl ki, qəsəbənin bütün küçələrində qaz var, burda yox... İlhamə xanımın ailəsi qışı gah odunla, gah həyətdəki ağacların qurumuş budaqlarıyla, gah da qaz balonu ilə yola verməli olur. Bu il isə odun çox bahalaşıb:

- Bizə yaxın meşəlik yoxdur. Odunu Masallıdan gətirirlər, küçə-küçə düşüb satırlar, imkanı olan alır, imkanı olmayan kürkünə bürünüb oturur. İş orasındadır ki, odun da getdikcə qəhətə çıxır. Meşələri qırmağa qoymurlar deyə, indi odunsatanlar da küçədə az gözə dəyir.

- Neçəyə alırsınız?

1 metrini 12 manata... 10-20 metr alanlar var. Təsəvvür edin ki, 20 metr alırıq, həyətdəki qurumuş ağacları da qırıb böyrünə vururuq ki, aldığımız odun tez tükənməsin. Üstəlik də, qaz balonu işlədirik. Bununla belə, odun bizi heç iki ay görmür. Ailələr var ki, heç bir metr də ala bilmir. Adamlarda imkan yoxdur, hökumətsə qazla sınağa çəkir.

«METRƏSİNİ 12-13 MANATA SATIRLAR»

Sahib Əsgərov küçəsinin sakini Aslan Dəmirovunsa nə odun almağa, nə də günaşırı qaz balonu doldurmağa imkanı var: «Qaz yoxdur, elektrik qızdırıcılardan istifadə edirsən, sayğac «uçur», odun bahalaşıb, 2-3 il öncə 5-6 manata olan odunun metri indi 12-13 manata satılır. Qaz balonunda da qaz tez tükənir, üstəlik də təhlükəlidir. Bir dəfə partlayıb, azyaşlı uşağım yanıb. Əlac qalıb kürkümüzə bürünüb oturmağa».

«2018-Cİ İLDƏ YEKUNLAŞACAQ»

Cəlilabad rayon Qaz İdarəsindən «Qaynar xətt»ə bildiriblər ki, sovet hökuməti dağılandan Göytəpə mavi yanacaq görməyib. Qaz xətləri çürüyüb, sayğaclar, qazpaylayıcılar sıradan çıxıb. Son illər qəsəbədə qazlaşdırma işləri aparılıb və bu işlər, demək olar ki, 2-3 küçədən başqa bütün küçələrdə başa çatıb. Həmin küçələrdən biri Fəzail Bayramov, biri də elə həmin küçənin yaxınlığındakı Sahib Əsgərov küçəsidir: «Həmin küçələrin qazlaşdırılması da 2018-ci ilədək yekunlaşacaq».

Lakin Fəzail Bayramov küçəsinin sakinləri bildirirlər ki, qaz idarəsi 2 il öncə onlara qazlaşdırma işlərinin 2015-ci ildə, ötən il isə 2016-cı ildə başa çatacağını vəd edib.

XS
SM
MD
LG