Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:37

Göyçay körpüsünə görə, 7 sahibkar həbs edilib


Göyçada dağılan körpü, 2018
Göyçada dağılan körpü, 2018

Göyçay çayı üzərində yerləşən körpünün uçmasına görə, 7 sahibkarın həbs edildiyi bildirilir.

Bu barədə Baş Prokurorluğun ekologiya və təbii sərvətlər, daxili işlər və fövqəladə hallar nazrilikləri ilə birgə açıqlamasında yazılır.

Birgə açıqlamada bildirilir ki, iyunun 2-də Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrində Göyçay çayı üzərində yerləşən körpü qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işləri səbəbindən uçub. Uçma nəticəsində dövlətə 3 milyon manatdan artıq ziyan dəydiyi iddia olunur.

Rəsmi qurumlar bildirir ki, körpünün uçması ilə əlaqədar olaraq, ayrı-ayrı şəhər və rayonlarda fəaliyyət göstərən 250-yə yaxın qum-çınqıl karxanasından 81-də monitorinq aparılıb. Qeyd edilir ki, karxanalardan 14-ünün fəaliyyəti qanunsuz olub,41 karxana isə Nazirlər Kabinetinin qərarına zidd olaraq fəaliyyətini davam etdirib. Nəticədə dövlətə 16 milyon manatdan çox ziyan vurulduğunun müəyyən edildiyi iddia edilir.

Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işinin açıldığı bildirilir.

Həmin cinayət işi çərçivəsində 7 nəfərin həbs edildiyi qeyd olunur. Onlar “ATF” MMC-nin təsisçisi, rəhbəri Fəxrəddin Muradov, “Azpod” MMC-nin qum-çınqıl zavodunun direktoru Nəcməddin Əliyev, “Elnicat” MMC-nin direktoru Bəhruz Sadayev və “Titanik-5” MMC-nin təsisçisi, rəhbəri Şahin Məmmədovdur. Bundan başqa fiziki şəxslər Natiq Zakirov, Nazim Qasımov və Nəriman Yəhyayevin də təqsirləndirilən şəxs qismində cəlb edildiyi, barələrində həbs qətimkan tədbiri seçildiyi vurğulanır.

Daha 2 sahibkar barəsində isə polis nəzarətinə vermə tədbirinin seçildiyi qeyd edilir.

Sözü gedən sahibkarların özlərinin və ya vəkillərinin bu rəsmi açıqlamaya, hələlik, münasibətlərini öyrənmək mümkün olmayıb.Onların ittihamlarla razılaşıb-razılaşmadıqları açıqlanmır.

Xatırlatma

Leysan yağışlar nəticəsində iyunun 2-də Göyçay çayında suyun səviyyəsi və axın sürəti artmışdı. Çay üzərindəki körpü uçmuşdu.

Nəticədə Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti dayandırılıb. Sürücülər alternativ olaraq Göyçay-Ucar-Kürdəmir-Bakı yolundan istifadə edirlər.

Bununla da şəhərin bir hissəsinin, həmçinin 30-dan çox kəndin rayon mərkəzi ilə birbaşa nəqliyyat əlaqəsi kəsilib. Rayon rəhbərliyinin bildirməsinə görə, əhali alternativ yollardan istifadə edir.

Körpüdə təmir işlərinin artıq başa çatdığı açıqlanıb.Bu günlərdə təmir edilən körpünün açılışı gözlənir.

XS
SM
MD
LG