Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 20:25

Bir ildir ki, müəmmalı ölümün səbəbləri bilinmir


Foto illüstrasiya

«Bir il bir həftə əvvəl atamız və analığımız yaşadıqları mənzildə ölü tapılıblar. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yevlax və Goranboy şöbələri bir il ərzində bir neçə fərqli rəy verib. Gah yazırlar ki, atamın yumşaq ilgəklə boğulduğu ehtimal olunur, analığımızın ölümünün səbəbini müəyyən etmək olmayıb. Gah deyirlər, ikisi də qazdan boğulub...».

Ötən il avqustun 7-də Goranboyda köçkünlər üçün yeni salınmış qəsəbədə bir evdən ətrafa yayılan qoxu qonşuları şübhələndirib. Bir uşağın köməkliyi ilə arxadan kilidlənmiş qapını aça bilən qonşular içəri daxil olanda evin kişisi Nurməmməd İsmayılovla xanımı Yasəmən İsmayılovanı ayrı-ayrı çarpayılarda ölmüş vəziyyətdə görürlər. Hadisə barədə yerli polisə məlumat verilir. Polis və prokurorluq əməkdaşları ünvana gəlib hadisə yerinə baxış keçirirlər.

FƏRQLİ VERSİYALAR

Mərhumların övladı Mərdan İsmayılov deyir, bir il bir həftə ötməsinə və bu müddət ərzindəki tələblərinə baxmayaraq, valideynlərinin ölümünün əsl səbəbləri araşdırılmayıb:

«Gah dedilər, qazdan boğulublar. Qaz idarəsinin işçiləri gəldi, qaz avadanlıqlarına texniki baxış keçirdilər, akt tərtib etdilər ki, hadisə qazdan baş verməyib. Sonra da başladılar ehtimallar üzərində rəylər yazmağa. Gah yazdılar, ehtimal olunur ki, kişi yumşaq ilgəklə boğulub, qadının hansı səbəbdən öldüyünü müəyyən etmək mümkün deyil. Gah yazdılar, meyitlər çürüyüb... Ancaq atamın da, anamın da üstündə işgəncə izləri vardı. Onların üstünə çaydandan qaynar su tökmüşdülər. Yayın istisində valideynlərim darısqal evdə soba yandırmazdılar, ancaq hadisə vaxtı sobadan istifadə olunub, üstündə çaydan vardı. Bir sözlə, bunu kim edibsə, bir ildə üzə çıxarmayıblar».

Mərhumların övladı deyir, istintaq orqanı hadisəni araşdırmağa maraq göstərmədiyindən Baş Prokurorluğa da müraciət ediblər:

«Mərhumların 40 mərasimi çıxandan sonra gördük istintaqdan maraqlanan, gəlib-gedən yoxdur, özümüz maraqlanmağa başladıq. Baş Prokurorluğa yazdıq, dəvət olunduq, bizi qəbul etdilər. Bildirdilər ki, şübhəli şəxs qismində bir nəfərin üzərində dayanıblar, hələ ki, araşdırılır. Ancaq xeyli vaxt keçib, hələ də xəbər yoxdur».

ÜÇ EKSPERTİZA KEÇİRİLİB

İsmayılovlar meyitlərin ekshumasiyası üçün müraciət ediblər, ötən ilin dekabrında qəbirlər açılıb, meyitlər təkrar ekspertiza olunub:

«Ümumilikdə üç ekspertiza keçirilib. Bunlardan biri qəbirlərin açılması ilə keçirilib. Ancaq heç birində ölümlərin hansı səbəbdən baş verməsi qeyd olunmayıb. İstintaq da deyir, əvvəl ölümlərin hansı səbəbdən baş verdiyi dəqiq bilinməlidir ki, ona uyğun da istintaq hərəkətləri aparılsın, kimsə şübhəli şəxs qismində cəlb olunsun».

Goranboy prokurorluğundan da «Qaynar xətt»ə bildirilib ki, Yasəmən və Nurməmməd İsmayılovların ölüm faktı üzrə araşdırmalar davam edir:

«Qonşular dindirilib, bütün mümkün istintaq əməliyyatları aparılıb. İstintaq sirri olduğu üçün açıqlama verə bilmərik».

İsmayılovlar müəmmalı ölümün üstünün açılması üçün prezidentə müraciət ediblər. Onlar ölkə başçısından istintaqı nəzarətə götürməsini istəyiblər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG