Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 05:11

«Alphabet Inc» şirkətinə məxsus «Google» uzun zamandır ki, milyonlarla müştərinin almaq istədiyi mal axtarışlarını təmin edir. İndi isə o, həmin satışlardan öz payını götürmək istəyir.

Texnologiya nəhəngi bu işdə Amerikanın iri pərakəndə satış şirkətləri olan «Target Corp», «Walmart Inc», «Home Depot Inc», «Costco Wholesale Corp» və «Ulta Beauty Inc»lə əməkdaşlıq edəcək. Yeni proqrama görə, dükanlar öz məhsullarını həm «Google Search»ə, həm «Google Express» şopinq xidmətinə, həm də mobil telefon və səsli cihazlardakı «Google Assistant»ə yerləşdirəcəklər.

«Google»a ödəniş olunacaq

Bunun əvəzində pərakəndə satıcılar alınan hər maldan «Google»a pay ödəyəcəklər. Bu, «Google»da elan yerləşdirmək üçün edilən ödənişdən fərqlidir.

Şirkət bildirib ki, bu elanlar «sponsored» kimi qeyd olunmuş nəticələrdə görünəcək və sizin «Google»dakı axtarışınıza təsir etməyəcək.

«Google»ın bu addımı istehlakçıların hər hansı malı almaqla bağlı qərarlarına təsir etmək üçün daha yaxşı imkan yaradır. O, eyni zamanda, həmin dükanlara əsas rəqibləri olan Amazon.com-la daha uğurlu rəqabət aparmağa kömək edəcək. «Google» müxtəlif cihazlarda istifadə olunan bu proqramın həmin dükanların satış səviyyəsini yüksəldəcəyinə ümid edir. Bu mənada səsli axtarış funksiyası ilə təchiz olunmuş «smart home» cihazları xüsusi qeyd olunmalıdır. Şirkət elektron ticarətin yaxın gələcəyini bu cihazlarda görür.

«Google»ın satış və şopinq üzrə prezidenti Daniel Alegre-nin sözlərinə görə, şirkət on milyonlarla istehlakçının məhsulun şəklini yükləyərək «Bunu haradan ala bilərəm?», «Bunu haradan tapa bilərəm?», «Bunu necə ala bilərəm?», «Ödənişi necə edə bilərəm?» kimi suallar verməsinə diqqət yetirib və nəticədə bu təklif ortaya çıxıb.

Google-un özügedən maşını gəlir
Gözlə

No media source currently available

0:00 0:02:46 0:00

Alegre deyib ki, son iki il ərzində məhsulların haradan alına biləcəyinə dair mobil axtarışların sayı 85% artıb.

Hər şeyi birdən almaq

Ancaq təhlilçilər deyirlər ki, hazırda bir çox istehlakçılar «Google»da axtarış edərək, son nəticədə yenə də malı «Amazon»dan alırlar. «Google»ın «Shopping Actions» adlı yeni proqramı ABŞ-dakı irili-xırdalı bütün satış şəbəkələrinə müştərilərini əllərində saxlamaq imkanı verəcək.

Satış şəbəkələri bundan başqa öz mallarını «Google Home» səsli şopinq cihazı ilə axtardığı malı «Amazon»da daha sərfəli qiymətə tapmağa çalışan müştəriyə təklif edəcəklər. Məsələn, öz telefonu ilə «Google»da idman ayaqqabısı axtaran alıcı həmin satış şəbəkələrinin yerləşdirdiyi elanı görüb onu öz «Google Express» səbətinə ata biləcək. Sonradan həmin müştəri öz mətbəxində durub «Google Home» səsli cihazının köməyi ilə mətbəx salfeti almaq istəyəndə onu da eyni səbətə əlavə edə, beləliklə, hər şeyi birdən ala biləcək.

Hazırda «Amazon»un populyar «Echo» ev cihazı səsli şopinq bazarında dominantlıq edir. Ancaq təhlilçilər və konsultantlar müxtəlif satış şəbəkələrinin sürətlə böyüyən bu bazara daxil olmağa səy göstərdiyini deyirlər.

8 aya 8 milyonluq elektron ticarət...
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00

Evlərin 55%-də səsli cihazlar olacaq

Ötən il «Walmart» və «Target» məhsullarının «Google Home»da axtarışlar zamanı görünməsi üçün uğurlu sövdələşmələrə nail olublar.

«Juniper Research» şirkətinin proqnozlarına görə, 2022-ci ilədək «Amazon Echo» və «Google Home» kimi səslə çalışan cihazlar ABŞ-dakı evlərin 55%-də çalışacaq. «RBC Capital Markets»in hesablamalarına görə isə, «Amazon»un «Alexa» platforması 2020-ci ilədək 10 milyard dollaradək gəlir gətirə bilər.

«Brendlər «Google»a düşmənin düşməni gözü ilə baxırlar. Bu isə «Google»ı onların dostu edir», – «Boomerang Commerce» satış texnologiyaları şirkətinin rəhbəri Guru Hariharan deyir. Burada o, «Walmart» və «Target» kimi satış şəbəkələrinin «Amazon»la rəqabətini nəzərdə tutur.

««Target»dən alış-veriş edənlər «Target»i barmaqlarını belə qaldırmadan, sadəcə səs interfeysi ilə işlətmələrindən məmnundurlar. Bu, «Target» və «Google» üçün sadəcə başlanğıcdır. «Target»in müştəriləri tezliklə öz onlayn hesablarını və loyalti kartlarını «Google» hesabları ilə əlaqələndirə, 5% endirim və pulsuz çatdırılma əldə edə biləcəklər», – şirkətin əməkdaşı Mike McNamara deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG