İlin başa çatmasına ayyarım qalmış Dövlət Gömrük Komitəsi (DGK) illik planı artıqlaması ilə yerinə yetirib. Təkcə oktyabr ayında 183,1 milyon manat toplanıb.
Əvvəlki ildəkindən 46 faiz çox
Komitənin noyabrın 15-də açıqladığı məlumata görə, bu ilin 10 ayında qurum dövlət büdcəsinə 1 milyard 837 milyon manat vergi və rüsum toplayıb. İllik plan bundan 27 milyon manat az idi.
Buna da bax: Gömrükdə plan doldurmaqda rekord vurur
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə gömrükçülər 46 faiz daha çox vəsait toplayıblar. Səbəb - devalvasiyadır. Dollarla hesablanıb, manatla ödənilən gömrük vergi və rüsumları sayəsində komitə planı asanlıqla yerinə yetirib.
Plan artırılıb
Gələn ilin dövlət büdcəsi layihəsində DGK-ya 2,2 milyard manatlıq plan müəyyənləşdirilməsi nəzərdə tutulur. Bir çox ekspertin fikrincə, idxal həcmi azalmayacaqsa, gömrükçülərin bu hədəfə çatması çətin olmayacaq.
Buna da bax: Devalvasiyalardan sonra hökumət artıq ÜDM-lə öyünmür
Hökumət 15 illik fasilədən sonra bəzi mallara (mis və dəri) ixrac rüsumu tətbiq etməyə başlayıb, bəzi məhsullarınsa idxal vergisi artırılıb. Həmin siyahını genişləndiriləcəyi gözlənilir.