►Gömrük Komitəsi: “Bəzi işbazlar qaydalardan sui-istifadə edirdilər”
“Ayda iki dəfə keçirəm İran tərəfə, ailəmə gərəkən ərzağı İran Astarasından alıram, orda çox ucuzdur”. Astaralı Lətif Əliyev deyir ki, Astara gömrüyündə onlara iki dəfə o tərəfə keçib özləri ilə ərzaq gətirməyə icazə verirlər: “Hər dəfə 10 kq gətirirəm, nə bilim, yağ, düyü, şəkər tozu, evdə nə işlədərsən? Onlarda bizdən qat-qat ucuzdu. Elə siqareti də İrandan alıram, onlarda ucuzdu”.
Lətif Əliyev deyir ki, Novruz bayramına qədər onlara “iki dəfə məhdudiyyəti” yox idi, “bu Novruzda o taya o qədər adam getmək istədi ki, gömrükdə başladılar incitməyə. Ancaq Biləsuvarda belə qayda yoxdur, nə qədər istəyirsən get, hər dəfə də özünlə 10 kq ərzaq, 3 blok siqaret gətir”.
“Orda çox şey ucuzdu”
Qazaxda sərhəd kəndlərinin birində yaşayan Rasim Ağayev də söyləyir ki, qohumları həftədə bir dəfə Rustaviyə, hətta bəzən Tbilisiyə gedib alış-veriş edirlər:
“Orda çox şey ucuzdu, hər dəfə adama 10 kq ərzaq gətirirlər”.
Ancaq indi hər dəfə adama 10 kq ərzaq gətirmək olmayacaq, daha doğrusu, xaricdən quru yolla şəxsi ehtiyaclardan ötrü ay ərzində 30 kq ərzaq gətirmək imkanı var. Yəni istərsən, 3 dəfə qonşu ölkəyə get, hər dəfə 10 kq ərzaq al, ya da elə birdəfəlik 30 kq al, gəl. Bu zaman gömrük rüsumu tələb olunmur.
Bundan sonra vətəndaşlar gömrükdən ayda cəmi bir dəfə 3 litr həcmində alkoqollu içki və 600 ədəd siqareti gömrük rüsumu ödəmədən keçirə biləcəklər.
Nazirlər Kabineti bununla əlaqədar “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”na dəyişikliklər edib.
“Elə adamlar var gündə 3 dəfə keçirdilər sərhəddi”
Gömrük Komitəsi bu məhdudlaşdırmanın bəzi işbazların qarşısının alınmasından ötrü atıldığını deyib.
Komitənin mətbuat xidmətinin rəhbəri Natiq Axundov AzadlıqRadiosuna bildirib ki, əvvəl vaxt məhdudiyyəti yox idi:
“Bəzi işbazlar gün ərzində bir neçə quru yolla sərhədi keçib hər dəfə 10 kq ərzaq, 3 litr alkoqollu içki, 3 blok siqaret gətirirdilər. İndi isə yalnız ay ərzində 30 kq ərzaq, 3 litr alkoqol, 600 ədəd siqaretgətirə bilərsən”.
Natiq Axundov deyir ki, elə nərə balığını da, kürünü də artıq ayda bir dəfə gömrük rüsumu ödəmədən gətirməyə icazə var:
“5 kq nərə balığı, 125 qr kürü gətirmək olar”.
Bəs alkoqolsuz içkilər ərzağa daxildirmi?
Natiq Axundov deyir ki, Gömrük Komitəsində eynicinsli məhsulun iki ədəddən artıq gətirilməsi kommersiya kimi qiymətləndirilir:
“Mineral sular da 30 kq-a aiddir, ancaq iki ədəddən artıq olanda rüsuma cəlb oluna bilərlər”.
Buna da bax: Biri şad, biri də bəd xəbər?
Gömrük rəsmisi əlavə edir ki, şəxsi məqsədləri üçün gətirilən mal 1500 dollar ekvivalentini keçməməlidir.
Natiq Axundov deyir ki, əvvəlki qaydalardan, yəni hər dəfə 10 kq ərzaq gətirmək imkanından sui-istifadə edənlər çox olub:
“Həm vergidən, rüsumdan yayınırdılar, həm də gətirilən ərzaq məhsulları, kənd təsərrüfatı məhsulları ölkədə eyniadlı məhsulların istehsalına da təsir göstərirdi. Məsələn, kəndçi öz məhsulunu bazarda real qiymətə sata bilmirdi. Gömrük Komitəsi də məsələlərə kompleks baxıb Nazirlər Kabinetinə təklif verdi və təkliflərimiz qəbul olundu”.
“Azad ticarət zonaları yaratmaq lazımdır”
İqtisadçı, keçmiş millət vəkili Nazim Məmmədovun fikrincə, sərhədyanı ticarət inkişaf etdirilməlidir, məhdudiyyətlər yaradılmamalıdır. Onun sözlərinə görə, Gürcüstan, Rusiya, Rusiyanı Dağıstan Respublikası ilə sərhəddə yaşayanların çoxu qonşu ölkədən ehtiyac duyduğu ərzağı alıb gətirirdi.
“Çünki heç kəsə sirr deyil ki, Azərbaycanda ərzaq bahadı, qənaətlə yaşamaq istəyən adamlar sərhəd ölkələrdən öz ehtiyaclarını ödəyirlər” deyən Nazim Məmmədov hesab edir ki, sərhədyanı kommersiya imkanlarını da sadələşdirmək, azad ticarət zonaları yaratmaq lazımdır.
Buna da bax: "Sınıq Körpü" gömrük məntəqəsində
Bu videonu paylaşan iddia edir ki, gömrükçülər bir qadını döyür