Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 19:56

Dövlət Gömrük Komitəsinin (DGK) büdcədənkənar əməliyyatlar üzrə daxilolmaları artır, amma pulların necə xərclənməsi haqda bilgi yoxdur.

Hesablama Palatası dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların büdcədənkənar daxilolmaları haqda hesabatı açıqlayıb. Bəlli olub ki, gömrükçülərin «ikinci kassası» birincidən – dövlət büdcəsindən birbaşa ayırmalardan 2.6 dəfə böyükdür. 2015-ci ildə komitənin büdcədənkənar fonduna 46 milyon 366 min manat – əvvəlki ildəkindən 1.3 milyon manat çox daxil olub. Bu, ölkə üzrə çoxsaylı büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının 23.2 faizinə bərabərdir.

MALLARIN RƏSMİLƏŞMƏ QİYMƏTİ BAHA OLARSA...

Gömrükçülərin əsas «gəlir mənbəyi» malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə xidmət haqlarıdır: komitənin büdcədənkənar daxilolmalarının 97.6 faizi bu mənbənin payına düşür. Başqa sözlə, qurum malları nə qədər yüksək qiymətə rəsmiləşdirirsə, fondun daxilolmaları da bir o qədər artar. Yığımların yarıdan çoxunu (25.6 milyon manat) Bakı Baş Gömrük İdarəsinin əməkdaşları toplayıb.

HESABAT YARIMÇIQDIR

Nə Hesablama Palatası, nə də DGK toplanan vəsaitin necə xərclənməsi haqda məlumat verir.

Komitənin 2016-cı il üzrə büdcədənkənar daxilolmalarının məbləği isə, hələlik, açıqlanmayıb. Nazirlər Kabinetinin qaydalarına görə, büdcədənkənar fondların istifadəsi haqda hesabatlar üç aydan bir bu cür gəlir mənbələri olan dövlət təşkilatlarının informasiya resurslarında yerləşdirilməlidir. Bu qaydaya əməl edən iki təşkilat var: Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi.

Dövlət Gömrük Komitəsinə 2015-ci ildə dövlət büdcəsindən təhsil (Gömrük Akademiyası) və səhiyyə (Gömrük Hospitalı) sahələrinə vəsaitlər də daxil olmaqla, 17.6 milyon manat ayrılmışdı.

Komitənin işçilərinin say həddini dövlət başçısı müəyyən edir. Lakin komitənin mərkəzi aparatında və ərazi qurumlarında çalışanların sayı ictimaiyyətə açıqlanmır.

PULUN 60 FAİZİ MAAŞA ƏLAVƏDİR

«Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları» 1997-ci ilin dekabrında qəbul edilib. Sənəddə deyilir ki, fondun vəsaiti gömrük sisteminin fəaliyyətinin təminatına və inkişafına, maddi həvəsləndirməyə və sosial-mədəni tədbirlərə yönəldilir.

2016-cı ilin mayında fondun vəsaitlərinin komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavəyə yönəldilən hissəsi 25 faizdən 50 faizə, bu ilin aprelində isə 60 faizə qaldırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG