Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 13:37

50 min geyin məhkəmə hökmü ləğv olunacaq


Foto illüstrasiya

Almaniyada 2-ci Dünya müharibəsindən sonra homoseksuallığa görə cəzalandırılmış şəxslər təmizə çıxarılacaq. Hökumət uyğun qanun layihəsini dəstəkləyib. Cinayət məcəlləsinin 175-ci bəndi 1969-cu ildə yumşaldılsa da, o vaxtadək 50 min şəxsə qarşı hökm artıq çıxarılmışdı. BBC.com həmin şəxslərin çoxunun ya həbsə göndərildiyini, ya da intihar etdiyini yazır.

HƏR İL ÜÇÜN 1500 AVRO

Ədliyyə naziri Heiko Maas bunu «böyük ədalətsizlik» adlandırıb və deyib ki, sağ qalanlara kompensasiya verilməlidir.

Bir neçə ay öncə Böyük Britaniya da 65 min gey və biseksualın əfv olunacağını bildirib. Onlar 1967-ci ilədək qüvvədə olmuş, homoseksuallığa görə cəza nəzərdə tutan qanunla məhkum ediliblər.

Almaniyada həmin qanun qəbul olunsa, məhkum edilmiş hər bir şəxs 3 min avro (2 min 600 funt-sterlinq; 3 min 240 dollar) birdəfəlik kompensasiya, üstəgəl həbsdə keçirilmiş hər il üçün 1500 avro alacaq.

Cəmi 5 min nəfərin kompensasiya alacağı bildirilir, çünki çoxu artıq dünyasını dəyişib.

Ədliyyə naziri həmin hökmləri «dövlət cinayəti» adlandırıb, bu şəxslərin sadəcə, «kişilərə sevgisi» və seksual mənsubiyyətinə görə təqibə, cəzaya məruz qaldığını vurğulayıb.

Homoseksualın öldürməyə görə 10 il həbs yatan yahudi yenidən homoseksual bıçaqladı
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

175-Cİ MADDƏ

«Təbiətə zidd seksual hərəkətlər»i yasaqlayan qanun ilk dəfə Almaniyanın cinayət məcəlləsinə 1871-ci ildə, ölkə birləşəndən sonra salınıb. Veymar Respublikası dönəmində onun ləğvinə cəhdlər göstərilib, amma nasistlər 1935-ci ildə qanunu daha da sərtləşdiriblər. On minlərlə homoseksual həbsə atılıb və çoxu da konsentrasiya düşərgələrində həlak olub.

Bu maddə Şərqi və Qərbi Almaniyanın cinayət məcəlləsində qalıb. Şərqdə qanunvericilikdən 1968-ci ildə çıxarılıb. Qərbdə isə yumşaldılıb və 1994-cü ildə birləşmiş Almaniya hökuməti tərəfindən ləğv olunub.

1949-1969-cu illərdə 50 min nəfər cinayət təqibinə məruz qalıb. Amma 1994-cü ilədək daha 14 min iş mövcud idi.

Elə 98 yaşlı Wolfgang Lauinger də nasistlər tərəfindən mühakimə olunub, 1950-ci ildə Qərbi Almaniya hökuməti onu bir neçə ay ittihamsız həbsdə saxlayıb.

«Hələ də inanıram ki, onlar köhnə Gestapo fayllarından istifadə ediblər», – o, 2016-cı ildə verdiyi müsahibədə müharibədən sonrakı müstəntiqlər barədə belə deyirdi.

TURING QANUNU

Alan Turing isə tanınmış riyaziyyatçı olub, 2-ci Dünya müharibəsi zamanı kodların qırılması üzərində işləyib. O, 1952-ci ildə bir kişiylə cinsi əlaqədə olduğuna görə məhkum edilib. İşini itirib, kimyəvi metodla axtalanıb və iki il sonra, 42 yaşında həyatına son qoyub.

Turing 2013-cü ildə əfv olunub.

2017-ci ilin yanvarında Böyük Britaniyada «Turing qanunu» adlı əfv verilib, homoseksuallığa görə məhkum edilmiş 50 min nəfər əfvə düşüb. Onlardan 15 mini sağdır, amma məhkumluğun götürülməsindən ötrü müraciət etməlidir. Onlara kompensasiya verilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG