Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:03

Gerilla çəkilişinin 8 qaydası


Çəkiliş. Foto arxiv
Çəkiliş. Foto arxiv

Son illər sosial mediadan "gerilla çəkilişləri" haqda eşitmiş ola bilərsiniz. Gerilla çəkilişi (guerilla shooting) ictimai yerdə icazə olmadan aparılır. Əlbəttə, bu çox qeyri-peşəkar səslənir. Ancaq bəzi tanınmış filmlər, ümumiyyətlə, hər hansı icazə alınmadan çəkilib. Ən məşhur nümunə Oskar mükafatına layiq görülmüş "The French Connection" (1971) filmidir. Bu film Nyu-York şəhərində kifayət qədər böyük çəkiliş qrupu tərəfindən heç bir icazə olmadan çəkilib. Nisbətən yaxın zamanlarda çəkilmiş daha bir nümunə isə "Disney World" parkının içində icazəsiz çəkilmiş "Escape FromTomorrow" filmidir. Maraqlıdır ki, bu film bir yox, bir neçə gün ərzində çəkilib.

Bundan başqa, hər şeyi icazəsiz çəkən çox sayda televiziya şousu var. Onların çoxu realiti və layfstayl proqramlarıdır. Hətta daha böyük filmlərin çəkilişi zamanı icazəsiz çəkiliş hallarına çox rast gəlinir. Məsələn, "Black Swan" filminin bəzi səhnələri belə çəkilib. Bu filmdəki metro səhnələri icazə alınmadan "Canon 7D" kamerasına çəkilib.

Gerilla çəkilişinin əsas üstünlüyü icazə almağa xərclənəcək vəsaitə qənaət edilməsidir. Az vəsaitli kiçik prodakşnlar, xüsusən də bir yox, bir neçə məkanda çəkiliş aparmalı olduqları zaman bu seçimi diqqətlərində saxlayır, beləliklə, həm pula, həm də vaxta qənaət edirlər. Ancaq nəzərə almaq lazımdır ki, icazəsiz çəkilişin mənfi tərəfləri də var.

"Indie Wire" saytı gerilla çəkilişi aparmağın qaydalarını dərc edib:

1. Çəkiliş qrupu mümkün qədər kiçik olmalıdır

Qrup nə qədər böyük olsa, çəkiliş bir o qədər çox diqqət cəlb edəcək. Məlumdur ki, küçədə gedən insanlar çəkiliş aparıldığını görəndə toplaşıb baxmağı xoşlayırlar. Komandanız nə qədər çox çəkiliş qrupu kimi görünsə, bir o qədər böyük kütlənin toplaşmasına səbəb olacaq. Əlbəttə, bu halda dükan sahibləri, polis, sakinlər və s. sizə yaxınlaşıb nə baş verdiyini soruşacaqlar.

Buna görə də çalışın qrupunuz yalnız aktyorlar, rejissor və operatordan ibarət olsun. Şəxsi köməkçilər, qrim ustaları və s. göz qabağında olmamalıdır. Onlar bir kənarda, maşında gözləyə bilərlər. Təcili lazım olsalar, onlara sakitcə mobil telefonla zəng vurmaq olar. "Nə qədər dostlarını kamerayla çəkən adi adam kimi görünsəniz, o qədər yaxşıdır", - sayt yazır.

2. DSLR, yaxud başqa bir gizli kamera ilə çəkin

Bu, "Blackmagic" cib kamerası da ola bilər. Burada da məqsəd birinci qaydada olduğu kimi, diqqət cəlb etməməkdir.

3. Səs avadanlığını gizlədin

Bir qrup insanın birlikdə adi kiçik kamera ilə nəsə çəkməsi dostların yeni kameralarını sınaqdan keçirməsi kimi görünə bilər. Ancaq iri yarıpeşəkar mikrofonun gözə dəyməsi şübhəli görünəcək. Buna görə də, sizə simsiz yaxa mikrofonları lazım olacaq. Bu halda səsyazma avadanlığı ya maşında, ya da yaxınlıqda dayanan səs operatorunun bel çantasında ola bilər.

4. Ştativ işlətməyin

Bu qayda bir çoxlarını məyus edə bilər. Xüsusən də, əldə tutulmuş kamera çəkilişini sevmirsinizsə. Bu halda monopod, yaxud xüsusi çiyin asqısı köməyinizə gələ bilər. Hər şey nə qədər kiçik olsa, o qədər yaxşıdır.

5. Düzgün məkanı seçin

Bəzi məkanlar çəkiliş üçün digərlərindən daha rahatdır. Əvvəlcədən araşdırıb hansı məkanın çəkiliş üçün daha rahat olduğunu öyrənmək lazımdır. Çünki hər məkanın öz qaydaları ola bilər. Bəzi ərazilərdə çəkiliş üçün icazə tələb oluna bilər. Bəzilərində isə buna ehtiyac yoxdur.

6. İşinizi tez bitirin

Çəkiliş nə qədər uzun çəksə, onun diqqət cəlb etmək ehtimalı bir o qədər çoxdur. Məşq, qrim, səsi tənzimləmək və s. üçün daha çox vaxta ehtiyacınız varsa, bütün bunları əvvəlcədən fərqli məkanda edin. Hazır olanda çəkiliş məkanına gedib işinizi tez bitirin.

7. Planlaşdırmağı unutmayın

Bəzi məkanlar gündüz, bəziləri isə gecə çəkilişləri üçün əlverişlidir. Bəzi məkanlarda yalnız günün müəyyən saatlarında çəkiliş aparmaq olur. İşıq, insanların çoxluğu, səs və s. mane ola bilər. Ancaq bütün bunları əvvəlcədən araşdırmaq və planlaşdıran zaman nəzərə almaq lazımdır.

Əvvəlcədən kameranızla həmin məkanlara gedib kiçik sınaq çəkilişləri edin. Əgər məkan risklidirsə, çəkiliş zamanı kiçikölçülü vasitələrdən istifadə etmək, tez-tez maşına baş çəkmək lazım olacaq.

8. Deyin ki, bu, kurs işidir

Əlbəttə ki, bir dəfə mütləq sizdən çəkiliş barədə soruşacaqlar. Onlardan bəziləri, xüsusən də polis çəkdiyiniz filmə nəzər salmaq istəyəcək. Yaxud kiminsə həmin gün əhvalı pis, reaksiyası daha sərt ola bilər. Bu halda adi bir tələbə filmi çəkdiyinizi deyin. Qrupunuz çox kiçik və gənc olarsa, bu bəhanə işə yaraya bilər. Əlbəttə, adi foto çəkdiyinizi də deyə bilərsiniz. Bütün bu fəndlər yalnız çox kiçik kamera və gizli mikrofonlardan istifadə etdiyiniz halda işə yaraya bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG