Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:21

George Kent: ‘Ümid edirik ki, bir gün AzadlıqRadiosu Azərbaycana qayıdacaq…'


ABŞ dövlət katibi köməkçisinin müavini George Kent
ABŞ dövlət katibi köməkçisinin müavini George Kent

Bu gün, mayın 2-si ABŞ dövlət katibi köməkçisinin müavini George Kent Bakıda brifinq keçirib. Bu barədə “Turan” agentliyi məlumat verib.

Agentliyin xəbərinə görə, brifinqdə G. Kent həbsdə olan jurnalistlərin məsələsinə toxunaraq, onları azadlıqda görməyə ümid etdiyini bildirib:

“Ümumdünya Mətbuat Azadlığı Günü ( mayın 3-də) münasibətilə sizin peşəyə öz hörmətimi bildirmək istərdim. ABŞ hesab edir ki, Azərbaycan da daxil olmaqla, istənilən ölkəyə azad media lazımdır. Bilirik ki, burada həbsdə olan bir neçə jurnalist var. Ümid edirik ki, onlar azad olunacaq və bütün jurnalistlər sərbəst işləmək imkanları əldə edəcək. Azad medianın zonası genişlənir və bir gün AzadlıqRadiosu yenə Azərbaycana qayıdacaq".

Səfərin detallarına toxunan G. Kent bildirib ki, Azərbaycanda üç gün ərzində (30 aprel - 2 may) ölkə prezidenti də daxil olmaqla bir sıra şəxslərlə görüşüb.

Onun qeyd etməsinə görə, təhlükəsizlik, islahatlar, Qarabağ münaqişəsinin dinc yolla nizamlanması və Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələrinin dəstəklənməsi ikitərəfli münsibətlərdə mühüm mövzular olaraq qalır.

Türkiyənin S-400 alması barədə

Türkiyənin S-400 raketdən müdafiə sistemi almasının və onların Azərbaycana verilməsinin mümkünlüyü barədə sualın cavabında Kent deyib ki,Vaşinqtonun mövqeyi dəyişməzdir.

Onun deməsinə görə, NATO üzvü olan Türkiyənin Rusiya sistemindən istifadə etməsi NATO-nun təhlükəsizliyinə ziddir. "Biz birmənalı şəkildə bəyan etmişik ki, əgər Türkiyə həmin sistemi yerləşdirərsə, bizim F-35 təyyarələrini almayacaq", - G.Kent bildirib.

S-400-ün Azərbaycana verilməsinə gəlincə, G.Kentin sözlərinə görə, bu söhbətlər əsassızdır.

George Kent Azərbaycanda səfəri zamanı prezident İlham Əliyevlə, xarici işlər naziri Elmar Məmmədyarovla və vətəndaş cəmiyyətinin nümayəndələrlə görüşüb.

O Azərbaycanın şimalında, Xaçmaz rayonunda da olub. USAİD-in (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin) kənd təsərrüfatı layihəsi ilə tanış olub, fermerlərlə görüşüb.

George Kentin sözlərinə görə, kənd təsərrüfatı sahəsində əməkdaşlıq ABŞ və Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətlərindən biridir.

Onun fikrincə, bu zonada meşə fındığının istehsalına diqqət yetirilməsinin fermerlərə gəlir mənbəyi kimi böyük faydası var və Azərbaycandan ötrü də ixrac baxımından əhəmiyyət kəsb edir.

ABŞ dövlət katibi köməkçisinin müavini George Kent ötən ilin oktyabrında da Azərbaycanda səfərdə olmuşdu.

O, onda da AzadlıqRadiosunun məsələsinə toxunmuşdu. “Çox ümid edirəm ki, növbəti səfərim zamanı AzadlıqRadiosunun reportajlarını dinləyə biləcəyəm" demişdi.

Xatırlatma

Azadliq.org Azərbaycanda 2017-ci ilin martından, Baş Prokurorluğun müraciəti ilə bloklanıb.

Prokurorluq vebsaytın ölkənin milli təhlükəsizliyinə “hədə” yaratdığını bildirib. Amma məhkəmədə bu iddianı müdafiə tərəfi təkzib edib.

2017-ci il mayın 12-də Yasamal Rayon Məhkəməsi Azadliq.org-un, Azadlıq qəzetinin, Meydan TV-nin, daha iki internet TV proqramının (Turan TV, "Azərbaycan saatı") saytlarının bloklanması barədə qərar çıxarıb. Beynəlxalq insan haqları qrupları, Qərb hökumətləri bu addımı pisləyib.

Azərbaycan Baş Prokurorluğunun sözü gedən müraciətindən əvvəl AzadlıqRadiosunun Azərbaycan xidməti, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Jurnalistika Layihəsi ilə birlikdə prezident ailəsinin və onun yaxın çevrəsinin maliyyə fəaliyyətinə dair materiallar dərc etmişdi.

2018-ci ilin yanvarından AzadlıqRadiosunun ingilisdilli saytı da Azərbaycanda bloklanıb.

Azərbaycan Baş Prokurorluğu 2014-cü ildə AzadlıqRadiosu-nun Bakı bürosunda reyd keçirərək onun qapısını möhürləyib. Hakimiyyət orqanları radionu vergi və maliyyə pozuntularında ittiham edirdi.

AzadlıqRadiosu bu iddiaları qəbul etməyərək, bununla əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

Azərbaycanda internet saytının bloklanmasına baxmayaraq, AzadlıqRadiosunun Azərbaycan xidməti rəqəmsal strategiyadan və peyk rabitəsindən istifadə edərək milyonlarla ölkə vətəndaşını informasiya ilə təchiz etməkdədir.

Azərbaycan prezidenti İlham Əliyev isə insan haqları qrupları və Qərb hökumətlərinin tənqidlərini qəbul etmir.

O belə tənqidləri ölkəyə qarşı “müəyyən dairələr tərəfindən aparılan məqsədli qarayaxma kampaniyası” adlandırır.

Üstəlik, rəsmilər ölkədə jurnalistlərin həbsini də onların peşə fəaliyyəti ilə bağlamırlar və mətbuata təzyiqlərlə bağlı deyilənləri qəbul etmirlər.

XS
SM
MD
LG