Vətəndaş cəmiyyəti nümayəndələri Amerika Birləşmiş Ştatlarının Azərbaycanda səfərdə olan dövlət katibi köməkçisinin müavini George Kentlə görüşüblər.
Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, hüquqşünas Səməd Rəhimli və REAL Partiyasının üzvü, iqtisadçı Natiq Cəfərli görüşdə iştirak ediblər. Görüş aprelin 30-da gerçəkləşib.
İştirakçıların bildirməsinə görə, onlar ABŞ rəsmisi ilə vətəndaş cəmiyyətinin və məhkəmə-hüquq sisteminin problemlərini müzakirə ediblər.
Natiq Cəfərli AzadlıqRadiosuna bildirib ki, Azərbaycan hökümətinin elan etdiyi hüquq və məhkəmə islahatları çərçivəsində atılan addımlar da müzakirənin əsas mövzulardan biri olub.
Onun sözlərinə görə, o, həmin məsələlərin iqtisadi aspektlərindən danışıb və bildirib ki, azad və ədalətli məhkəmə sistemi olmadıqda iqtisadiyyatda atılan addımlar heç bir effekt vermir.
Xatırlatma
ABŞ Dövlət Katibinin köməkçisinin müavini George Kent aprelin 30-da Azərbaycanda görüşlərə başlayıb.
Onu prezident İlham Əliyev qəbul edib.
Görüşdə ABŞ-Azərbaycan əlaqələrinin siyasi və iqtisadi aspektlərinə dair fikir mübadiləsi aparıldığı bildirilir.
Daha sonra isə George Kent Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla da göürüşüb.