Keçid linkləri

Təcili xəbərlər
2019, 19 May, bazar, Bakı vaxtı 22:27

'General Abduyev niyə bu işdən kənarda saxlanılıb?'


Həbs

Ölkəyə milyonlarla dəyəri olan dərmanların gömrükdən kənar gətirilməsi və Səhiyyə Nazirliyində qeydiyyatdan keçirilmədən müxtəlif apteklərdə satılması, Mərkəzi Gömrük Hospitalında istifadəsinin üstü açılandan sonra iki nəfər gömrük generalı vəzifədən çıxarıldı – Tibbi Xidmət İdarəsinin rəisi, hospitala rəhbərlik edən Fikrət Qədiməliyev və Hava Nəqliyyatında Gömrük Baş İdarəsinin rəisi Sadiq Abduyev. Onların hər ikisi cinayət məsuliyyətinə cəlb olunsa da, heç biri həbs edilməyib.

F.Qədiməliyev müavini olmuş Fərman Məmmədli və daha altı nəfərlə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Həmin altı nəfərin də dördü hospitalın işçiləri, ikisi isə hava limanında işləyən gömrükçülər olub. General S.Abduyevin haqqındakı cinayət işi bunlardan ayrılıb, aqibəti də bəlli deyil.

Onun işi ayrılanda bu biri işdəki vəkillər prokurorluğa şikayət ediblər. Məhkəmənin hazırlıq iclasında da bununla əlaqədar vəsatət qaldırdılar ki, S.Abduyevin bu işdən kənarda saxlanması doğru deyil, çünki hava limanında məhz onun göstərişiylə ölkəyə gətirilən dərmanlar gömrük baxışından keçirilməyib. Sənədlərdə uşaq bezi göstərildiyi halda əslində qutularda dərmanlar olduğu üzə çıxarılmayıb.

«Hamı deyir ki, göstərişi idarə rəisi verib»

Martın 14-də məhkəmədə təqsirləndirilən F.Məmmədlinin vəkilləri vəsatət qaldırıblar ki, heç olmasa, çağrılıb şahid qismində dindirilsin.

«Abduyev dindirilməsə, bu iş üzrə obyektiv nəticəyə gəlmək mümkün deyil. Burada gömrüyün sıravi işçilərini, fəhləni dindirdik, amma şöbə müdirlərini yox. Niyə? Məhkəmədə dindirilənlərin hamısı da deyir ki, göstərişi idarə rəisi verib. Əslində, bu işlərə eyni icraatda baxılmalıydı. Niyə bu işdən ayrılıb, kənarda saxlanıb, başadüşülən deyil. Bir halda ki, onun işi ayrılıb, heç olmasa, çağırıb şahid qismində dindirin», - vəkil Gülşən Salmanova deyib.

Vəkillər həmçinin, digər general Fikrət Qədiməliyevin bacanağının, katibəsinin dindirilməsini, cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış keçirilməsini istəyiblər. Həmin görüntülərdə hava limanında gətirilən malların gömrükdən kənar (monitorda baxılmadan) keçirilməsi əks olunub.

Müdafiəçilər bu işin istintaqını aparmış Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqi Sənan Veyisovun da məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıblar.

Vəsatətlərin heç biri təmin olunmayıb.

General susur...

Təqsirləndirilən general F.Qədiməliyev məhkəmədə heç nə danışmır. O, ifadə verməkdən imtina edib. Bu üzdən martın 14-də vəkillər ona bir xeyli suallar verib, məsələləri aydınlaşdırmağa çalışıblar. Məsələn, Gömrük Hospitalında qara mühasibatlığı kim, nə məqsədlə yaratmışdı?

Ona verilən aylıq 29 min manatlıq maaşı kim müəyyənləşdirmişdi və haradan ayrılırdı? Hospitalın bəzi avadanlıqları niyə onun qohumlarına verilib? Niyə onun qohumları, dostları hospitalda pulsuz müalicə olunmalıydı?

F.Qədiməliyev sualların heç birinə cavab verməyib.

Məhkəmədə general S.Abduyevin bacısı oğlu Sultan Süleymanov şahid kimi dindirilib. O, dayısının rəhbərlik etdiyi idarədə inspektor işləyib. Deyir ki, bu hadisələrdən sonra işdən çıxarılıb. Bildirdiyinə görə, işi anbardan qaimə ilə çıxarılan malların sayına nəzarət etmək olub, rütbəsi də kapitandır.

Vəkillər etiraz etsələr də, Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası bu iş üzrə məhkəmə istintaqının yekunlaşmasına qərar verib. Martın 18-də prokuror çıxış edib təqsirləndirilən şəxslərə cəza istəyəcək.

Təqsirləndirilən şəxslərə qarşı CM-in 179.4 (mənimsəmə), 206 (qaçaqmalçılıq) və 314-cü (səhlənkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Bu ittihamlarda 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG