Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Generalın ailəsinin ölkədən qaçması işi yenidən araşdırılır


E.Şəkinski
E.Şəkinski

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş həyat yoldaşı Gülnarə Şəkinskaya və dörd övladının Azərbaycandan qaçıb xarici ölkədə sığınacaq alması məsələsi yenidən araşdırılır. Bakı Ağır Cinayətlər Məhkəməsində həmin işə görə bu dəfə hakim qarşısına çıxarılan isə generalın keçmiş qaynı Fərid Yusubdur. Ona CM-nin 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq), 318.2 (dövlət sərhədini qanunsuz keçmə) və 320-ci (saxta sənədlər hazırlama və ya belə sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. F.Yusub bacısı uşaqlarının saxta sənədlərlə atalarından xəbərsiz ölkədən çıxarılması, E.Şəkinskinin evindən 60 min manatlıq oğurluqda suçlanır.

«Bacımın pulu olub, istifadə edib»

Rusiyada saxlanıb Azərbaycana ekstradisiya edilən F.Yusub hazırda həbsdə deyil. Yanvarın 11-də məhkəmədə prokuror ittiham aktını elan edəndə o, özünü təqsirli bilmədiyini deyib. Hakim ona ifadə verməyi təklif etsə də, imtina edib. Bildirib ki, istintaq vaxtı da heç bir sənədə qol çəkməyib.

F.Yusub Rusiyadan Bakıya - DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib. Onun idarədə avqustun 18-də verdiyi ifadə elan olunub. Həmin ifadədə bildirir ki, 2008-ci ildə Azərbaycanı tərk edib və 2014-cü ildə bacısıgil xaricə gedəndə də ölkədə olmayıb.

F.Yusubun sözlərinə görə, bacısı Gülnarə 1998-ci ildə Emin Şəkinski ilə ailə həyatı qurub, 2008-ci ildə isə rəsmi qaydada ayrılıblar. Heç vaxt bacısının ailə işlərinə qarışmayıb.

G.Şəkinskaya və uşaqlarının ölkədən qaçması və evdən 60 min manat oğurlanmasıyla bağlı cinayət işi üzrə 2014-cü ildə 12 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan bir qisminə şərti cəza verildi, qalanı 8 ilə qədər azadlıqdan məhrum edildi.

F.Yusub bildirib ki, cinayət işində adı çəkilən adamlardan ancaq bacısını tanıyır, qalanlarıyla heç bir əlaqəsi olmayıb: «İttiham əsassızdır. Bacım uşaqlarını da götürüb ölkəni tərk etmək haqqında mənə heç nə deməyib. Onların saxta sənədlər hazırlayıb sərhədi keçmələrindən xəbərim yoxdur. Oğurlandığı iddia edilən 60 min bacımın evində olub. O pulun Emin Şəkinskiyə aidiyyəti yoxdur. Bacımın pulu olub, istifadə edib».

F.Yusub məhkəmədə sualları cavablandıranda deyib ki, 2014-cü ilin aprelində bacısı onunla telefonla əlaqə saxlayıb, onu Gürcüstana çağırıb. O da Rusiyadan Gürcüstana gələrək bacısıyla görüşüb: «Bacım mənə ölkədən necə çıxması barədə heç nə deməyib».

«57 dəfə məhkəməyə çıxmışam»

Bu iş üzrə əvvəl cinayət məsuliyyətinə cəlb olunub, 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 8 il azadlıqdan məhrum edilmiş Namiq Camalov da şahid qismində dindirilib. O, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşı olub. O bildirib ki, sonradan Ali Məhkəmə işi apellyasiya instansiyasına geri qaytarıb və oğurluq ittihamı üzrə ona bəraət verilib. Cəzası da 3 il 6 aya endirilib. Bu müddət başa çatıb və azadlıqdadır.

N.Camalov deyir ki, onlara mütəşəkkil dəstə ittihamı verilsə də, F.Yusubu tanımır: «Bu işə görə 57 dəfə məhkəməyə çıxmışam. İlk gündən demişəm ki, mən Fərid adlı adamı tanımamışam. Bütün sənədləri Gülnarə özü düzəldib. Nəyə görə həbs olunduğumu indi də bilmirəm. Gülnarəni öz maşınımla Bərdəyə aparıb-gətirmişəm».

E.Şəkinskinin övladları üçün başqa adamların adlarına olan şəxsiyyət vəsiqələri və pasportlar Bərdədə alınıb. Həmin vaxt E.Şəkinski DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi idi.

N.Camalov sualları cavablandıranda deyib ki, onu G.Şəkinskaya ilə Əlövsət Əliyev tanış edib. «Azərbaycan Miqrasiya Mərkəzi» İctimai Birliyinin sədri Ə. Əliyev bu işə görə axtarışa verilib. Bununla əlaqədar o, Azərbaycanı tərk edib və Almaniyada sığınacaq alıb. O, sonradan Ukraynada İnterpol xətti ilə saxlansa da, Azərbaycana təhvil verilməyib və buraxılıb.

E.Şəkinski bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.

Ə.Əliyev isə miqrasiya sahəsində ixtisaslaşmış təşkilatın rəhbəri olaraq F.Yusub və G.Şəkinskayanın bacısına hüququ yardım göstərdiyini bildirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG