Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:12

‘9 saata 250-300 manat maaş təklifi biabırçılıqdır…’


Gənclərin neçə faizi işsizdir? Hökumət düz deyir yoxsa camaat?
Gözlə

No media source currently available

0:00 0:14:02 0:00

Gənclərin neçə faizi işsizdir? Hökumət düz deyir yoxsa camaat?

Azərbaycanda gənclərin əsas problemləri hansılardır? Hökumət bu problemlərin həlli üçün hansı işlər görür?

Dekabrın 14-də və 15-də Azərbaycanda Parlamentlərarası İttifaqın Gənc parlament üzvlərinin 5-ci Qlobal Konfransında gənclər problemi yenidən gündəmə gəlib.

Milli Məclisin spikeri Oqtay Əsədov 44 ölkədən gələn 250-yədək təmsilçiyə Azərbaycan hökumətinin gənclərlə bağlı siyasətindən, görülən işlərdən danışıb:

“Bu gün Azərbaycanda gənclər sosial, humanitar, iqtisadi və siyasi fəaliyyətə yaxından cəlb olunmuşlar. Gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Dövlətin yaratdığı geniş imkanlar sayəsində gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişlər. Bizim gənclərimiz Azərbaycan parlamentində də önəmli mövqelərə malikdirlər. Onlar qanunvericilik prosesiində, beynəlxalq parlament təşkilatlarının fəaliyyətində yaxından iştirak edirlər”.

Bakıda söhbət etdiyimiz gənclərdən Rəhman Məmmədli 2015-ci ildə iqtisadiyyat universitetini bitirib, biznesin təşkili və idarəolunması ixtisasına yiyələnib. Amma deyir ki, ötən 3 ildə iş tapa bilmir. Onun fikrincə, işsizlik tək onun deyil, bir çox gənc tanışlarının əsas qayğısıdır. Ya maaşlar olduqca aşağıdır, ya da ixtisasa uyğun iş tapılmır:

“Tələbə olarkən də işləmişəm. Amma çox çətinliklə, 250-300 manata işləmişəm. Bu maaşla da bir gəncin keçinməyi mümkün deyil. İş tapmaq bir problemdir, münasib maaşlı iş tapmaq başqa bir problemdir. Bütün bunlardan başqa işdə istismar da üçüncü əsas problemdir. Bəzən iş tapılır iş saatı ilə maaş arasında fərq fantastikdir. 9 saat işə 250-300 manat maaş təklifi biabırçılıqdır”.

Statistika yoxdursa

Hökumətin “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nda da işsizlik gənclərin əsas problemi kimi vurğulanır.

Sənəddə qeyd olunur ki, gənc mütəxəssislərin bilik və bacarıqlarının səviyyəsinin əmək bazarının və işəgötürənlərin tələblərinə yetərincə cavab vermir, peşə sahiblərinin sayı azalır.

Hökumət 2025-ci ilə qədər bir sıra peşələr üzrə kadr çatışmazlığının aradan qaldırılmasını, təhsil sisteminin, xüsusilə də peşə təhsilinin ölkə iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması kimi problemləri həll etmək istədiyini bildirir.

Gənclər arasında işsizliklə bağlı ayrıca statisika yoxdur. Amma ümumi statistikaya görə ölkədə işsizlik 5 faiz civarındadır.

Gənclər və İdman naziri Azad Rəhimov deyib ki, Azərbaycan əhalisinin 60 faizinin yaşı 30-dan aşağıdır. O, gənclərin problemlərinin həllini pioritet olduğunu vurğulayıb.

Azad Rəhimov Parlamentlərarası İttifaqın Gənc parlament üzvlərinin 5-ci Qlobal Konfransındakı çıxışında bildirib ki, son 10 ildə 41 gənclər mərkəzi yaradılıb, ölkədə 300-dən çox gənclərlə bağlılığı olan qeyri-hökumət təşkilatı faəliyyət göstərir. Dövlət büdcəsindən gənclər sahəsinə ayrılan vəsait ötən 15 ildə 100 dəfə artırılıb.

İctimai fəal Bəxtiyar Hacıyev isə öz müşahidələrinə əsaslanaraq, deyir ki, hələ də gənclərin iş, mənzil, sosial təminat, keyfiyyətli təhsil almaq və digər problemləri qalır:

“2015-ci ildə hökumət bir çox sahələrdə xərcləri azaltmadı, amma Xaricdə Təhsil üzrə Dövlət Proqramı dayandırıldı. Yeni məzunların iş problemi var, iş tapanların da karyerada yüksəlmə problemi var. Bu sahədə biz korrupsiyanın başqa formasını nepotizmi müşahidə edirik. Kiminsə yaxını, qohumu daha üstün vəzifələrə qalxa bilir, amma həqiqətən savadı, biliyi, bacarığı qalan kadr qalır kənarda”.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Sizcə, gənclər arasında işsizlik neçə faizdi
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

Hökumət gənclərin probleminin həllini əsas hədəflərdən biri kimi bəyan edir. 2007-ci il Azərbaycanda “gənclər İli” elan olunub. Gənclərin problemlərini həll etmək üçün prezidentin sərəncamı ilə Gənclər Fondu yaradılıb. “Gənclər siyasəti”, "Gənc ailə", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi” və digər müxtəlif qanun və proqramlar qəbul olunub.

Amma Bəxtiyar Hacıyev düşünür ki, bu qədər qəbul olunan proqramlara baxmayaraq, problemlər hələ də qalırsa, deməli, nəticə verməyib. O təklif edir ki, hökumət bu proqramların icrasını yenidən nəzərdən keçirsin. Əks halda Azərbaycan gənclərinin ən bəsit problemləri əsas problemlər arasında sadalanacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG