Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

'Gəncə işi'ndə üç nəfərin cəzası azaldıldı


'Gəncə işi' ilə bağlı məhkəmədə qarşıdurma (Geniş video)
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

'Gəncə işi' ilə bağlı məhkəmədə qarşıdurma (Video arxiv. 2019)

Gəncədə icra başçısına qarşı sui-qəsddən bir həftə sonra iki polis polkovnikinin öldürüldüyü aksiya ilə əlaqədar ağır cəza almış şəxslərdən üçünün işində dəyişiklik olub. Söhbət şərti olaraq "Oqtay Hüseynzadə və digərlərinin qrupu" adlandırılan şəxslərin işindən gedir. Bu qrupdakı üç nəfərə verilən ittihamlar dəyişib, cəza müddətləri kəskin azaldılıb. Buna oktyabrın 22-də Ali Məhkəmədə Şahin Yusifovun sədrlik etdiyi hakimlər kollegiyası qərar verib.

19 maddə ilə ittihama xitam verilib

Qərara əsasən, təqsirləndirilən şəxslərdən Ürfan MəmmədovOqtay Hüseynzadəyə qarşı irəli sürülmüş qəsdən adam öldürmə, terrorçuluq, mütəşəkkil dəstə yaratma da daxil olmaqla, 19 maddə ilə ittihama xitam verilib. Ali Məhkəmə Ürfan Məmmədovu yalnız CM-in 307.3 (xüsusilə ağır cinayəti gizlətmə), Oqtay Hüseynzadəni isə 220.1 (kütləvi iğtişaşları təşkil etmə və ya iştirak) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələri ilə təqsirli hesab edib. Gəncə Ağır Cinayətlər Məhkəməsi onların hər ikisinə 18 il həbs cəzası kəsmişdi. Ali Məhkəmə Məmmədovun cəzasını 5 ilə, Hüseynzadənin cəzasını isə 10 ilə endirib.

Daha bir təqsirləndirilən Abbas Abbasova CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə verilən ittiham isə 234.1 (satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq narkotik əldə etmə, saxlama) maddəsinə tövsif edilib. Onun cəzası 9 ildən 7 ilə endirilib.

İki nəfərin cəzası dəyişdirilməyib

Bu qrupdan Ali Məhkəməyə kassasiya şikayəti vermiş daha iki nəfərin - Elşən Məmmədov Rauf Bayramovun şikayəti isə təmin edilməyib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmmədov 7, Bayramov isə 9 il azadlıqdan məhrum edilib. Yuxarı instansiya məhkəmələri də bu hökmü qüvvədə saxlayıb.

Bu qrupda mühakimə olunanlardan 20 il azadlıqdan məhrum edilən Eşqin Quliyev hökmdən az sonra həbsdə vəfat edib. Rəşad Böyükkişiyev isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürüldüyünə görə o, təqsirli bilinsə də, cəza təyin edilməyib.

Xatırlatma

2018-ci ilin iyulunda Gəncədə icra başçısına qarşı sui-qəsddən bir həftə sonra - iyulun 10-da şəhərin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib. Cinayəti törətməkdə saxlanılarkən öldürülən Böyükkişiyev təqsirli bilinib.

Bu aksiya ilə əlaqədar 50-dən artıq adam həbs olunub. Onlar özlərini təqsirli bilməyib, bir çoxu, ümumiyyətlə, orada olmadığını, bəziləri isə yol keçərkən insanların toplaşdığını görüb, sadəcə, baş verənlərə tamaşa etdiyini söyləyib.

Həbs olunanlar həmçinin ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Daxili İşlər Nazirliyi isə işgəncə iddialarını təkzib edib.

Gəncə hadisələri ilə əlaqədar həbs olunanların bir qisminin cəzası başa çatıb və onlar azadlığa buraxılıblar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG