Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:20

Gəncə məhbusunun məhkəmədə vəziyyəti pisləşdi: ağzı əyildi, təcili yardım çağrıldı


Bakı , məhkəmə qarşısında təcili tibbi yardım maşını 26 Avqust, 2015
Bakı , məhkəmə qarşısında təcili tibbi yardım maşını 26 Avqust, 2015

Gəncə hadisələrinə görə həbs olunan Şahin Verdiyevin vəziyyəti məhkəmədə pisləşib. Durum o həddə çatıb ki, məhkəməyə Təcili Tibbi Yardım çağrılıb. Bu, iyunun 21-də Sabunçu Rayon Məhkəməsində baş verib.

Gəncə hadisələrinə görə həbs olunanların işi sonradan bir neçə qrupa bölünərək, ayrı-ayrılıqda məhkəməyə göndərilib. Ş.Verdiyevin daxil olduğu 8 nəfərlik qrupun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Bakıda – Sabunçu Rayon Məhkəməsinin binasında baxır.

Məhkəmə iclasının əvvəlindən Ş.Verdiyevin durumunun yaxşı olmadığı onun üzündən də görünüb, ağzının əyildiyi aşkar hiss olunurdu.

Vəkil Zibeydə Sadıqova
Vəkil Zibeydə Sadıqova

Ş.Verdiyevin vəkili Zibeydə Sadıqova təqsirləndirilən şəxslərin şüşə kabinədən çıxarılıb vəkillərinin yanında əyləşməsinə icazə verilməsi üçün vəsatət qaldırıb. Amma Dadaş İmanovun sədrlik etdiyi hakimlər kollegiyası təmin etməyib.

“Heç nə insan həyatından önəmli deyil”

Bundan sonra Ş.Verdiyev özünü yaxşı hiss etmədiyini deyib, hakimdən ona heç olmasa, əl-üzünə su vurmağa imkan verilməsini istəyib. Ona icazə verilib. Bir müddət sonra geri qaytarılanda ona müəyyən tibbi yardım da göstərildiyi bəlli olub. Buna baxmayaraq, durumu əvvəlkindən daha pis idi. Digər təqsirləndirilən şəxslər də bunu hakimlərin nəzərinə çatdırıblar.

Hakimlər də vəziyyətin daha da pisləşdiyini görüb, məhkəməyə təcili tibbi yardım çağrılıb.

Belə olan halda, vəkili Z.Sadıqova vəsatət qaldırıb ki, məhkəmə prosesi təxirə salınsın: “Heç nə insan həyatından önəmli ola bilməz. Bu adamın vəziyyəti həddindən artıq pisdir. Xahiş edirik, prosesi təxirə salasınız”.

Prokuror vəsatətə qarşı çıxıb, amma məhkəmə vəsatəti təmin edərək, prosesi dayandırıb.

Məhkəmə qərarları iş materiallarından yoxa çıxıb

Gəncə hadisələri ilə bağlı bir neçə qrupun birinci instansiyada məhkəməsi yekunlaşıb, onlara hökm oxunub. Amma onlar hökmdən şikayət verib və hazırda şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

7 il 6 aydan 9 ilə qədər həbs cəzası almış 11 nəfərin apellyasiya şikayəti üzrə iyunun 21-də keçirilən məhkəmədə təqsirləndirilən şəxslər bəzi sənədlərin iş materialları arasından yoxa çıxdığını bildiriblər. Gəncə hadisələrinə görə saxlanılanların bir qisminə öncə 15-20 sutka inzibati həbs cəzaları verilib. Bəzilərinin işində inzibati cəza başa çatandan sonra barəsində cinayət işi başlanıb. Elələri də var ki, iki-üç gün inzibati həbsdən sonra polis idarəsinə gətirib, cinayət işi qaldırılıb, ittiham irəli sürülüb.

Azərbaycan qanunvericiliyi bir əmələ görə iki dəfə cəzalandırılmanı qadağan edir. Təqsirləndirilən şəxslər bildiriblər ki, bu faktın üstü açılmasın deyə, onların inzibati qaydada cəzalandırılmaları barədə məhkəmə qərarları iş materialları arasından yoxa çıxarılıb.

Təqsirləndirilən Ruslan Həsənov iddia edir ki, sənədlərin yoxa çıxmasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin rəhbərliyinin də rolu var. Onun sözlərinə görə, məhkəmənin sədri Natiq Əliyev Gəncənin keçmiş icra başçısı, ötən ilin iyulunda güllələndikdən bir müddət sonra vəzifəsindən çıxarılan Elmar Vəliyevgilin qohumudur: “Xanlar Vəliyevin (E.Vəliyevin qardaşı, ölkənin hərbi prokuroru-red.) qudasının qardaşıdır. Onlar nəyi necə istəyir, bu da elə eləyir”.

Buna da bax:Gəncə işi: 'Məni stula bağlayıb, hara gəldi çırpırdılar...'

“Pulum olmadı, yalan ittihamları mənə yüklədilər”

Təqsirləndirilən Vaqif Əşrəfov bildirib ki, əslində, Gəncə hadisələrindən sonra saxlanılanların sayı daha çox idi. Onun iddiasına görə, yüzlərlə insanın yaxınlarından müəyyən məbləğdə pul alıb, onları buraxıblar: “Məndən də buraxmaq üçün pul istədilər, amma pulum olmadı. Ona görə bu yalan ittihamları mənə yüklədilər...”

Vərəm xəstəliyindən əziyyət çəkən və bu üzdən Penitensiar Xidmətin Binə qəsəbəsindəki 3 saylı ixtisaslaşmış müəssisəsində saxlanılan Şahlar Rzayev iki aydır ki, ailə üzvlərilə əlaqə saxlaya bilmədiyini deyir.

Məhkəmədə vəkillər də çıxış edib. Bildiriblər ki, ittihamları təsdiq edəcək heç bir mötəbər sübut ortaya qoyulmayıb.

Gəncə hadisələrilə bağlı məhkəmə prosesi iyunun 24-də davam edəcək.

Gəncədə etiraz aksiyası, 22Aprel, 2019
Gəncədə etiraz aksiyası, 22Aprel, 2019

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb. Onun məhkəməsi başlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Baş Prokurorluğun bir müddət öncə bildirməsinə görə, Gəncə olayları ilə bağlı ümumilikdə altı qrupun (51 nəfər) işi məhkəməyə göndərilib. Onlardan yalnız, hələlik, iki qrupun məhkəməsi başa çatıb. Onlar, əsasən, zorakılıqların, talanların törədilməsi, odlu silahdan, partlayıcı maddələrdən istifadə, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət ilə müşayiət olunan kütləvi iğtişaşlarda ittiham ediliblər. Mühakimə edilənlərə 5 ildən 9 ilə qədər həbs cəzası verilib. Onların çoxu özlərini günahsız sayıb.

Daha bir neçə qrupun məhkəməsi də Bakıda davam edir.

Gəncə hadisələri ilə bağlı tutulanlardan bəzilərinin işi isə, hələlik, heç məhkəməyə göndərilməyib. Ümumilikdə bu olaylarla bağlı 70-dən çox şəxsin həbs edildiyi açıqlanmışdı.

Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər. (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

Daxili İşlər Nazirliyi saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri də təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə həqiqətəuyğun olmayan iddialar səsləndirirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG