Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Gəncə hadisəsi, şahid danışır: ‘Həkimlər iynə vurub çıxdılar…’


“Səhər saat 6-ya 20 dəqiqə işləmiş böyük partlayış səsinə oyandıq. Elə bildik, nədisə, bizim binada baş verdi. Evdəkilər dəli oldular. Hamımız balkona qaçdıq, gördük partlayış qarşı binada olub”, – Gəncə şəhər sakini, Qarabağ müharibəsi veteranı Rasim Yolçiyev AzadlıqRadiosu-na noyabrın 20-də Şahlar Hüseynov küçəsi 13-də baş verən partlayış haqqında danışır.

“Baxdıq ki, qarşı binada birinci mərtəbədən dördüncü mərtəbəyə kimi ikiotaqlı mənzillər uçub. Əynimizi geyib həyətə qaçdıq. Amma əldən nə gəlir. Uçqunların altından 3-4 nəfərin səsi gəlirdi: “Kömək edin”. Zəng vurduq. Birinci polis gəldi, sonra Fövqəladə Hallar Nazirliyi...” – o deyir.

Şahidlərin sözlərinə görə, uçqun altında qalanlar köməyə çağırsa da, yardım göstərmək mümkün olmayıb. Onların dediyinə görə, haraya çağıranlardan biri də qadın olub. Rasim Yolçiyev danışır:

“Haraya çağırırdılar. Amma içəri girmək mümkün deyildi. Bir nəfərin ayağı betonun altında qalmışdı. Təcili Tibbi Yardımın həkimləri ona iynə vurub çıxdılar. Onu texnika olmadan çıxarmaq mümkün deyildi. Onların qabağında “kubik” daşlar vardı. Biz götürmək istəyəndə qoymadılar ki, üstlərinə tökülər. Həmin xanım deyəsən, ölüb. Burda kirayədə qalırmış oğluyla”.

Universitet əməkdaşı, iki övlad anası

Hadisə zamanı ölənlərin sayının 3 nəfər olduğu bildirilir. Həlak olanlardan biri burda kirayədə yaşayan iki hərbçidən biridir. İkisi ana-baladır: 47 yaşlı Nigar Tağıyeva və 24 yaşlı oğlu Heydər Hüseynov. Haraya çağıran da Nigar Tağıyeva olub.

O, Gəncə Dövlət Universitetində (GDU) xüsusi şöbənin əməkdaşı, inspektor imiş. GDU-dan məlumatı AzadlıqRadiosu-na təsdiqləyiblər. Nigar Tağıyevanın 15 ildir burda çalışdığını deyiblər. “Bacarıqlı, işinə məsuliyyətli, sakit təbiətli bir xanım kimi tanımışıq. Baş verənlərə görə təəssüflənirik”, - GDU-nun mətbuat xidmətinin rəhbəri Rauf Hacıyev deyir.

Nigar Tağıyeva iki övladını - oğlunu və qızını təkbaşına böyüdübmüş.

Qonşu binalarda durum

Binanın partladığı küçədə - Şahlar Hüseynov 12-də yerləşən 44 saylı ingilisdilli bağça-məktəb-lisey kompleksinin direktoru Knyaz Süleymanov orta məktəbdə tətil olduğundan dərsi dayandırmağa gərək qalmadığını, onların binasına təhlükə olmadığını bildirir.

“Məktəbdə heç nə yoxdur. Elə ətraf binalar üçün də təhlükə yoxdur”, – direktor əlavə edir.

Ümid Partiyasının Gəncə şəhər şöbəsinin sədri Salman İmanlı AzadlıqRadiosuna deyir ki, partlayış nəticəsində ətraf binaların pəncərələrinin şüşələri qırılıb, bəzi mənzillərə, avtomobillərə xətər dəyib.

“Bu binanın birinci mərtəbəsində iki hərbçi kirayədə yaşayırmış, hətta hadisəyə onların səhlənkarlığının səbəb olması haqda ehtimallar da səslənir”, – Salman İmanlı deyir. “Həftədə bir dəfə Gəncədə qaz söndürülür, axşam saatlarında yanır. Bəlkə də qaz açıq qalıb. Ola da bilsin, sızma olub, zirzəmidə yığılıb və...” – o, sözlərinə əlavə edir.

Hadisə yerində olan Fövqəladə hallar naziri Kəmaləddin Heydərov da yerli KİV-lərə deyib ki, ilkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub. Ancaq o, araşdırmalardan sonra daha dəqiq cavab veriləcəyini söyləyib.

Mütəxəssis rəsmi qurumları günahlandırır

Neft-qaz sahəsi üzrə mütəxəssis Mirvari Qəhrəmanlı partlayışın qaz sızması nəticəsində baş verməsini mümkün sayır. O, ötən qış Bakıda qaz sızmasından bir ailənin məhv olduğunu yada salır. Mütəxəssis bu cür hadisələrin baş vermə səbəbini “Azəriqaz” İstehsalat Birliyi ilə Fövqəladə Hallar Nazirliyinin məsuliyyəti bölüşə bilməməsində görür. “Qazın sızıb-sızmamasını, evdə və ya çöldə avadanlıqların vəziyyətini yoxlamırlar” – deyə söyləyir.

Mirvari Qəhrəmanlı xarici ölkələrdə qazla təchiz olunan binalarda vaxtaşırı xüsusi aparatla yoxlama aparıldığını deyir:

“Amma mən hələ görməmişm ki, evimizdə və ya ofisimizdə qaz sızmaları ilə bağlı müşahidə aparılsın. Bir ara “Təmiz qaz” adlı qurum çöldən qapılara ağ və ya qırmızı rəngdə nəsə vururdu ki, hardasa sızma var. İndi onlar da görünmür”.

Konkret bu hadisəyə gəlincə, M. Qəhrəmanlının ehtimalına görə, sovetdən qalan yeraltı qaz borularında sızma olması və onun orda toplanaraq partlayışla nəticələnməsi ağlabatandır.

"Azəriqaz": "Yoxlama mənzilə qədər aparılır"

“Azəriqaz” İB-in mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev hadisənin baş vermə səbəbinin araşdırıldığını və adıçəkilən qurumun əməkdaşlarının hadisə baş verdiyi andan orda olduğunu bildirir. Onun sözlərinə görə, ictimaiyyət nəticə haqqında məlumatlandırılacaq.

“Azəriqaz” rəsmisi qurumun ünvanına səslənən ittihamları rədd edir, vaxtaşırı “mənzilə qədər” həm binalarda, həm yaşayış evlərində qaz xətlərinin gündəlik yoxlanıldığını qeyd edir. O, mənzillərdə bu cür yoxlama aparılmadığını deyir. “Bəlkə mənzillərdə də araşdırma aparılsa, belə faciələr olmazdı” sualına “Onu mən müəyyənləşdirmirəm” deyə cavab verir.

İbrahim Kərbalayev rəsmi qurumların səlahiyyətlərinin isə Nazirlər Kabinetinin qərarı əsasında müəyyənləşdirildiyini və “Azəriqaz”ın da üzərinə düşən məsuliyyəti həyata keçirdiyini vurğulayır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG