Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:24

Gəncə məhbusu: "O, mən deyiləm..."


arxiv foto
arxiv foto

Gəncə hadisələrinə görə həbs olunan və polis idarəsində işgəncələrə məruz qaldığını deyən 6 nəfərin şikayətilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət olunub. İyunun 24-də məhkəmədə hakim bu barədə məlumat verib.

İşgəncəyə məruz qaldığını deyən 6 nəfər Elvin Nəzərov, Elman Rüstəmov, Elvin Allahverdiyev, Nemət Heydərli, Renat Məmmədov Vüqar Xudiyevdir. Hakim bildirib ki, təqsirləndirilən şəxslərin işgəncə şikayətləri ilə əlaqədar üç dövlət orqanına sorğu göndərilib, amma hələlik, onların heç birindən cavab gəlməyib.

Vüqar Xudiyevin vəkili Zibeydə Sadıqova deyir ki, hüquqlarını müdafiə etdiyi şəxsi ötən il iyunun 10-da saxlayıblar. Öncə ona inzibati qaydada 15 sutkalıq həbs cəzası verilib. İyunun 14-də onu Gəncə hadisələrilə bağlı cinayət işinin istintaqına öncə şahid, 20-də isə təqsirləndirilən şəxs qismində cəlb ediblər:

"Mən iş materialları ilə tanış oldum. Ayın 14-nə qədər ona aid sənədlər, inzibati həbs haqqında məhkəmə qərarı iş materialları arasında yoxdur. Üzərindəki xəsarətlərlə bağlı ekspert rəyini də görmədim".

"GƏNCƏYƏ PALTAR ALMAĞA GETMİŞDİM"

Məhkəmədə Gəncədə ötən il iyunun 10-da keçirilən aksiyanın videosundan bir neçə saniyəlik kadrlar nümayiş etdirilib. Təqsirləndirilən şəxslər bildirib ki, onların heç biri həmin kadrlarda yoxdur.

Elman Rüstəmov bildirib ki, aksiya günü polis əməkdaşlarını qətlə yetirdiyi iddia olunan Rəşad Böyükkişiyevlə birlikdə olması, onu öncədən tanıması barədə ittihamda yazılanlar həqiqətə uyğun deyil:

"Həmin gün mən aksiyada olmuşam. Amma Rəşadla yanaşı olmamışam. Onu əvvəldən tanımamışam".

R.Böyükkişiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.

Aksiyada olduğu iddia olunan təqsirləndirilən şəxslərdən biri də Nemət Heydərovdur. Cinayət işinin materiallarında aksiyanın videosundan çıxarıldığı iddia olunan foto var. Həmin fotodakı şəxsin də N.Heydərov olduğu qeyd edilib. Amma foto Nemətə göstəriləndə o bildirib ki, şəkildəki adam başqasıdır:

"Həmin gün mənim əynimdəki paltarlar ekspertizaya təqdim olunub. Oradan da dəqiqləşdirmək olar ki, əynimdə tünd rəngli paltarlar vardı. Bu şəkildəkinin paltarı isə ağdır. İkincisi, mən həmin gün Tərtərdən Gəncəyə paltar almağa getmişdim. Aksiyadan bir saat əvvəl o ərazidə olmuşam. O vaxt da tutub aparıblar. Aksiya vaxtı çəkilən videoda mən ola bilməzdim axı..."

Məhkəmə iyulun 8-də davam edəcək.

Bu təqsirləndirilən şəxslərə martın 1-də hökm oxunub. Hakim Xaqani Səmədovun sədrliyilə çıxarılan hökmə əsasən, təqsirləndirilən şəxslərdən dördü Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaşların təşkili və ya iştirak) maddəsilə təqsirli bilinib, Renat Məmmədov 6 il, Elvin Allahverdiyev, Elvin Nəzərov və Vüqar Xuliyev isə 7 il azadlıqdan məhrum edilib. Daha iki nəfərə - Elman Rüstəmov və Nemət Heydərliyə Cinayət Məcəlləsinin 220-ci maddəsindən əlavə 315-ci (polisə müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsilə də ittiham irəli sürülüb. Onlara isə 8 il həbs cəzası kəsilib.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb. Onun məhkəməsi başlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Baş Prokurorluğun bir müddət öncə bildirməsinə görə, Gəncə olayları ilə bağlı ümumilikdə altı qrupun (51 nəfər) işi məhkəməyə göndərilib. Onlardan yalnız, hələlik, iki qrupun məhkəməsi başa çatıb. Onlar, əsasən, zorakılıqların, talanların törədilməsi, odlu silahdan, partlayıcı maddələrdən istifadə, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət ilə müşayiət olunan kütləvi iğtişaşlarda ittiham ediliblər. Mühakimə edilənlərə 5 ildən 9 ilə qədər həbs cəzası verilib. Onların çoxu özlərini günahsız sayıb.
Daha bir neçə qrupun məhkəməsi də Bakıda davam edir.

Gəncə hadisələri ilə bağlı tutulanlardan bəzilərinin işi isə, hələlik, heç məhkəməyə göndərilməyib. Ümumilikdə bu olaylarla bağlı 70-dən çox şəxsin həbs edildiyi açıqlanmışdı.

Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər. (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

Daxili İşlər Nazirliyi saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri də təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə həqiqətəuyğun olmayan iddialar səsləndirirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG