Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:22

Gəncə işi: Dindarların aksiyasında tutulan "spirtli içki içirəm", deyir


Gəncə
Gəncə

Gəncə hadisələrinə görə həbs olunub, altı aydan sonra işləri ayrılan 8 nəfərlik daha bir qrup var. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə onlara 5 ildən 8 ilə qədər həbs cəzası verilib. Onlar Gəncədə ötən il icra başçısı və onun mühafizəçisinin güllələnməsindən sonra iyulun 10-da keçirilən aksiyada iştirakda, həmin vaxt polislərə müqavimət göstərməkdə, zorakılıq etməkdə suçlanırlar. Amma heç biri özünü təqsirli bilmir və hökmdən də apellyasiya şikayəti veriblər.

İyulun 1-də Bakı Apellyasiya Məhkəməsində onların şikayətinə baxılıb. Amma şikayəti araşdıran Gəncə Apellyasiya Məhkəməsindən, Əlizamin Abdullayevin sədrlik etdiyi hakimlər kollegiyasıdır.

Vəkil Polad Məhərrəmov deyib ki, bu apellyasiya şikayətlərinə məhkəmə istintaqı keçirilmədən, sübutları araşdırmadan qiymət vermək mümkün deyil. Təqsirləndirilən şəxslərin əslində, törətmədikləri əmələ görə cəzalandırıldığını, ittihamı sübut edən heç bir fakt ortaya qoyulmadığını deyən vəkilin fikrincə, əgər doğru-düzgün məhkəmə istintaqı aparılsa, onların günahsızlığı da təsdiqini tapar.

Təqsirləndirilən şəxslərdən Sabir Əzizovun vəkili deyir ki, cinayət işinin materiallarında müvəkkilinə aid səs yazısı olduğu yazılıb. İddia olunur ki, həmin səs yazısında Sabir digər təqsirləndirilən Gülmirzə Nuruzadəni Gəncədəki aksiyaya çağırıb. Müdafiəçinin sözlərinə görə, ittiham tərəfi həmin səsi ortaya qoymayıb. Gəncə Ağır Cinayətlər Məhkəməsi də Sabirin haqqında hökm çıxaranda o səs yazısına istinad edib, amma onun mövcud olub-olmadığını yoxlamayıb: “Birinci instansiya məhkəməsi yoxlamayıb ki, bu var, yoxsa yoxdur. Ümumiyyətlə, belə bir səs yazısı yoxdur”.

“Gecə-gündüz döyürdülər”

Gəncə məhbuslarının özləri də çıxış edib, təqsirsiz olduqlarını deyiblər. Bu qrupda mühakimə olunanlar arasında qardaş olanlar da var – Riya və Gülmirzə Nuruzadələr, Sabir və Cabir Əzizov qardaşları.

R.Nuruzadə bildirib ki, ötən il iyulun 10-da qardaşı Gülmirzə, dostları Fikrət və Sabirlə istirahət məqsədilə Göygölə getmək üçün evdən çıxıblar, Gəncədən keçəndə “İmamzadə”ni ziyarət ediblər: “Sonra çay içib, yemək yeməyə münasib bir yer axtardıq. Hətta belə bir yer soruşmaq üçün polisə yaxınlaşdıq. Həmin vaxt bizi götürüb idarəyə apardılar. Dedilər ki, guya, polisə müqavimət adıyla 15 gün “sutkalıq” verəcəklər. İnanın, bizi 4 gün gecə-gündüz döydülər. Tələbləri də bu idi ki, bizi Gəncəyə aksiyaya Elman Quliyevin çağırdığını deyək”.

E.Quliyev də bu qrupda onlarla birlikdə mühakimə olunur.

Qardaşı Gülmirzə Nuruzadə də oxşar ifadə verib. Deyib ki, özü maşın ustasıdır. Həmin ərəfədə ataları rəhmətə getmişdi, onun yoxluğuyla barışa bilmirdi. Həm də bu üzdən dostları qərara gəliblər ki, birlikdə Göygölə gedib, bir az dincəlsinlər.

G.Nuruzadə də bildirir ki, polis idarəsində onları döyüb, Gəncəyə E.Quliyevin çağırması barədə ifadəyə imza atdırmağa çalışırdılar: “Azərbaycanda hamı bilir ki, aksiyalarda iştirak edənləri polislər tutur. Əgər aksiyaya gəlirdimsə, qardaşımı niyə gətirirdim? Kökündən yalandır. Telefonlarımız hələ də polisdədir. Yoxlasınlar, sübut ortaya qoysunlar ki, Elman çağırıb”.

“Ölmək istəyirdim”

Sabir və Cabir Əzizovlar ifadə verəndə onların məhkəmə zalında olan analarının vəziyyəti pisləşib.

Cabir danışıb ki, öncə Gəncədə polis idarəsinə aparıb, onlara polisə müqavimət ittihamıyla 15 gün inzibati həbs cəzası veriblər. Amma bu cəzanı çəkmək üçün heç yerə köçürməyiblər, idarədə saxlayıb, işgəncə veriblər. O da iddia edir ki, işgəncənin məqsədi E.Quliyevin əleyhinə olan ifadəyə imza atdırmaq idi: “Bizi o qədər döyürdülər ki, huşumuzu itirdik. Hər gün döyürdülər. Axırda ki, gördüm dözə bilmirəm, ülgüclə damarlarımı doğradım. Başdan ayağa - qollarımı, boğazımı... Ölmək istəyirdim. Elə işgəncə verirlər ki, zaldakı ana-bacılardan utanıram deməyə. Qadınlar çıxsın, deyim necə işgəncə verdilər, şalvarı əynimdən çıxartdılar... Belə yaşamaq olar? Mən Elmana niyə böhtan atmalıyam?”

C.Əzizov bildirib ki, spirtli içki qəbul edir, amma onu dindarların aksiyasının iştirakçısı kimi təqdim ediblər.

Digər qardaş Sabir Əzizov ailələrinin ağır durumundan danışıb. Bildirib ki, evin çörək gətirəni olan iki övladın həbsindən sonra valideynləri köməksiz qalıblar: “Atamın bir ayağı yoxdur. Mən gözümü açandan işləmişəm, zəhmət çəkmişəm ki, ata-anama kömək edim. Gəncənin Alüminium zavodunu prezidentə təhvil veriləndə mən rəngləmişdim...”

Məhkəmə iyulun 26-da davam edəcək.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb. Onun məhkəməsi başlamayıb.
Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.
Baş Prokurorluğun bir müddət öncə bildirməsinə görə, Gəncə olayları ilə bağlı ümumilikdə altı qrupun (51 nəfər) işi məhkəməyə göndərilib. Onlardan yalnız, hələlik, iki qrupun məhkəməsi başa çatıb. Onlar, əsasən, zorakılıqların, talanların törədilməsi, odlu silahdan, partlayıcı maddələrdən istifadə, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət ilə müşayiət olunan kütləvi iğtişaşlarda ittiham ediliblər. Mühakimə edilənlərə 5 ildən 9 ilə qədər həbs cəzası verilib. Onların çoxu özlərini günahsız sayıb.
Daha bir neçə qrupun məhkəməsi də Bakıda davam edir.
Gəncə hadisələri ilə bağlı tutulanlardan bəzilərinin işi isə, hələlik, heç məhkəməyə göndərilməyib. Ümumilikdə bu olaylarla bağlı 70-dən çox şəxsin həbs edildiyi açıqlanmışdı.
Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər. (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.
Daxili İşlər Nazirliyi saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri də təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə həqiqətəuyğun olmayan iddialar səsləndirirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG