Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:50

Gədəbəydə komaya düşən 2 yaşlı körpənin xilası üçün 9 uşaq tapılmalıdır?


Foto: arxiv

Gədəbəyin Çiçəkli kəndinin sakini 2 yaşlı övladının peyvənd olunmaması səbəbindən ağır xəstəliyə yoluxduğunu iddia edir.

“Vaxtında peyvənd üçün apardıq, dedi, peyvənd preparatlarını açandan sonra, azı, 10 uşağa istifadə olunmalıdır. Kənddə yeni doğulmuş və peyvənd olunmalı bu qədər uşaq yoxdur. Bir uşağa görə isə dərmanı açmağa icazə yoxdur”.


Gədəbəyin Çiçəkli kənd sakini Mətin İmranoğlu AzadlıqRadiosu-na rayon səhiyyəsindən şikayət edib. O,peyvənd olunmaması səbəbindən 2 yaşlı övladının komaya düşdüyünü və xəstəxanada reanimasiya şəraitində saxlandığını bildirir.

Buna da bax: Gədəbəyli özünü və ailəsini niyə yandırdı?..

"Hər dəfə deyirdi ki..."

Ağcabədi rayon mərkəzi xəstəxanası, 2013
Ağcabədi rayon mərkəzi xəstəxanası, 2013



Atanın sözlərinə görə, mərkəzi rayon xəstəxanasının Çiçəkli kəndi üzrə sahə həkiminə körpəyə peyvənd olunması üçün dəfələrlə müraciət etsə də, həkim uşağa peyvənd etməyib:

“Hər dəfə deyirdi ki, bahalı preparatı bir uşağa görə korlaya bilmərəm. Deyirdi, get, 10 uşaq da tap gətir, hamısına istifadə edim. Bir uşağa görə dərman açmağa icazə yoxdur. Bir ay əvvəl uşağın səhhəti pisləşdi. Rayon xəstəxanasında dedilər ki, bizlik deyil. Gətirdik Bakıya. Hazırda 4 saylı vərəm dispanserində koma vəziyyətindədir. Həmin xəstəxanada müayinələrdən sonra həkimlərin ilk sualı peyvəndlə bağlı oldu. Dedilər, vaxtlı-vaxtında peyvəndləri vurulmadığından, immunitet zəifləyib və virus uşağı asanca yaxalayıb. Uşağın beyninə su yığılır, həkimlər komadan ayılıb-ayılmayacağına da zəmanət vermirlər".

Bu yaxınalrda “Qaynar xətt”ə müraciət edən Tovuz sakini Naibə Əşrəfova bildirmişdi ki, 2 yaşlı qızı virusa yoluxaraq həyatını itirib. Ana körpənin peyvənd olunmaması üzündən immunitetinin azaldığını və bu səbəbdən virusa yoluxduğunu iddia edirdi. Tovuz Mərkəzi Rayon Xəstəxanasından bildirilmişdi ki, yeni doğulan körpələrin müəyyən yaşadək bütün peyvəndləri vurulub.

Buna da bax: Rayon xəstəxanası 1 ildə dəftərxanaya 30 000 manat xərcləyib​

Foto: arxiv
Foto: arxiv

"Hər dəfə bir bəhanə eşidirsən"

Mətin İmranoğlu da kənd yerlərində yeni doğulmuş körpələrin böyük hissəsinin peyvəndsiz qaldığını iddia edir:

“Yeni doğulmuş uşağı bir neçə dəfə aparırsan, hər dəfə bir bəhanə eşidib qayıdırsan. Beləcə, uşaqların çoxu peyvənd olunmur. Nəticədə, immunitet zəifləyir və uşaq xəstələnərkən, çətin sağalır”.

Buna da bax: 30 milyon ayrılan Ağcabədi xəstəxanası «dərman yoxdur, Bakıya get» deyir...​

"Valideynlərin özü səhlənkardır"

Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında atanın dedikləri ilə razılaşmırlar. Bu müalicə ocağından “Qaynar xətt”ə bildirilib ki, çox vaxt valideynlərin özü səhlənkarlığa yol verir, uşaqları peyvənddən yayındırırlar:

“Sahə həkimlərimiz peyvənd məsələsinə həmişə ciddi yanaşıblar. Əsasən, kənddə yaşayan əhali peyvəndə ciddi yanaşmır, fəsadlarını düşünmür. Həkimlərimiz izah etməyə çalışsalar da, uşaqları ağır fəsadlara tutulanda valideynlər həmişə günahı həkimdə axtarırlar”.

İki yaşlı körpənin taleyi yenə həkimlərin əlindədir. Körpə komadan ayılanda, həkimlər müalicənin dəqiq yolunu müəyyənləşdirəcəklər.

Sənin fikrin

Şərhləri göstər

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG