«Evlərimiz Çovdar qızıl mədəninin yaxınlığında yerləşir. Demək olar ki, hamının evi qəzalı vəziyyətə düşüb. Mədən işçiləri tez-tez dağlarda süni partlayışlar edirlər. Özlərinə qızıl çıxarırlar, bizim evlərimiz qəzalı vəziyyətə düşür. Şəxsən bizim evin divarları cadar-cadar olub. Mədən rəhbərliyinə rəsmi müraciət etmişəm ki, təmir-bərpa işləri aparsınlar. Bəlkə də cırıb atıblar».
Bunu «Qaynar xətt»ə Gədəbəyin Arıxdam kənd sakini Elşad İbrahimov deyir. Onun sözlərinə görə, hər partlayış zamanı zərbədən qopan daş-kəsək ətrafdakı həyətlərə tökülür. Bu da insanların həyatına təhlükə yaradır: «Bu boyda iş qurublar, ancaq adamların təhlükəsizliyindən ötrü tədbir almayıblar. Mal-heyvan qalmadı, zəhərli sudan içib qırıldı. Əkin sahələri əlimizdən getdi. Örüş sahələrimiz zəbt olunub, 50 il əvvəl çəkilən bulaqlar dağılır. Özümüz də suyu kənardan pulla alırıq. İllərdir ki, bu problemləri özümüz deyib özümüz eşidirik».
«QƏSDƏN ELƏ MÜNASİBƏT GÖSTƏRİRLƏR Kİ...»
Mədənin yaxınlığında yaşayanlar dəfələrlə prezident İlham Əliyevə müraciət ediblər. Ondan kömək istəyiblər. Onlar həmçinin, prezidentin yadına salmaq istəyiblər ki, o, mədən işə düşərkən işçi kontingentinin əsasən ətrafda yaşayanlardan formalaşacağını bildirmişdi. Bunu mədənin ərazisində yaşayan Elşad İbrahimov deyir:
«Mədən işə düşəndə prezident bildirdi ki, bu mədən həm də yerli əhaliyə iş yeri olaraq açılır. Göstəriş verdi ki, əsasən, ətrafdakı adamlar mədəndə işlə təmin olunsun. Çünki bu mədənin hesabına əkindən, heyvandarlıqdan, işdən-gücdən uzaq düşmüşük. Şəxsən məni əvvəl ora işə götürdülər, ancaq elə münasibət göstərdilər ki, özüm oradan qaçdım. Bu münasibəti də qəsdən sərgiləyirlər ki, yerlilər işdən könüllü əl çəksinlər. 3 il öncə elə vəziyyətə çatdırdılar ki, özüm ərizəmi yazıb çıxdım. Ancaq baxıram ki, hər şeyimizi əlimizdən alıblar, bizə dolanışıq yeri qoymayıblar. Məcbur qaldım yenə ərizə yazdım ki, işimə qayıdım, dedilər, «bir dəfə çıxmısan, geri yol yoxdur». Mədəndəki işçilərin 80-90 faizi rəhbərliyin özünün tanışlıqla başına yığdığı adamlardır. Yerli əhalidən heç 100 nəfər orda işləmir».
İCRA HAKİMİYYƏTİ TƏKZİB EDİR
Gədəbəy rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, qızıl mədənində, əsasən, yerli əhali çalışır. Mədənin işə düşməsi rayonda işsizliyin azalmasına kömək edib. Əsasən də mədənə yaxın ərazilərdə yaşayanlar iş üçün müraciət etdikdə, əgər iş varsa, geri qaytarılmır: «Evlərə dəyən zərərə gəlincə, orada evlərlə mədən arasında xeyli məsafə var. Düzü, indiyə qədər eşitməmişik ki, orda partlayışdan hansısa evə zərər dəysin. Su da var, insanlar əkinlə, heyvandarlıqla da əvvəlki kimi məşğul olur».