Rusiyanın dövlət enerji nəhəngi Gazprom bildirir ki, Türkmənistanın Turkmengaz şirkəti ilə bağladığı müqaviləyə əsasən 2024-cü ilin iyulunadək bu ölkədən qaz idxal edəcək.
Gazpromun saytında dərc olunmuş məlumatda deyilir ki, Türkmənistandan ildə 5.5 milyard kubmetr qaz idxal olunacaq.
Bundan əvvəl iki dövlət şirkəti 1.2 milyard kubmetr türkmən qazının idxalı barədə iki ay yarımlıq müqavilə bağlamışdı. Həmin müqavilənin vaxtı ötən iyunda başa çatıb.
Türkmənistan və Rusiya arasında hələ SSRİ vaxtı çəkilmiş qaz kəmərinin tutumu kifayət qədər aşağıdır.
Rusiya əvvəllər Türkmənistanın ən böyük qaz idxalçısı olsa da, son onillikdə onun yerini Çin tutub.
Türkmənistandan və başqa Mərkəzi Asiya ölkələrindən aldığı nisbətən ucuz qaz Rusiyaya özünün Avropaya qaz ixracatının həcmlərini artırmaq imkanı verib.
Gazprom 2015-ci ildə bəyan etmişdi ki, 2010-cu ildən bəri Türkmənistandan hər il adığı 10 milyard kubmetr qazın həcmini 4 milyarda endirəcək.
Şirkət 2016-cı ildə isə Türkmənistandan qaz idxalını tamamilə dayandırmışdı. Tərəflər qiymət barədə razılığa gələ bilməmişdilər.
Karbohidrogenlər Türkmənistanın yeganə xarici valyuta gəliri mənbəyidir.