Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 03:51

Kasparov təqaüddən qayıdır – bircə dəfəliyə


Garry Kasparov

Şahmat üzrə keçmiş dünya çempionu, Kremlin tənqidçisi Garry Kasparov 12 illik fasilədən sonra qısa müddətə idmana qayıdır. 1985-2000-ci illərdə peşəkar şahmatda liderlik etmiş Kasparov ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində «Sinquefield» kuboku çərçivəsində «Rapid and Blitz» yarışmasına qatılacaq.

«BEŞGÜNLÜK FASİLƏDİR»

Avqustun 14-dən 19-dək keçiriləcək yarışda şahmat üzrə ad çıxarmış şəxslər, o cümlədən rusiyalı Sergei Karjakin də iştirak edəcək.

54 yaşlı Kasparov Bakıda doğulub. 2005-ci ildə şahmatdan gedib və Rusiya prezidenti Vladimir Putin-ə müxalif «Fərqli Rusiya» siyasi hərəkatını yaradıb. Ancaq o, sonradan Rusiyadan gedib, 2013-cü ildə deyib ki, heç vaxt bu ölkəyə qayıtmayacaq. 2014-cü ildə Xorvatiya vətəndaşlığını qəbul edən Kasparov vaxtının çoxunu Nyu-Yorkda keçirir.

***Buna da bax-Garry Kasparov: 'Putin rejiminin məhvinə gətirəcək dəqiq alqoritm...'

Şahmatçı avqustun 13-də aydın şəkildə bildirib ki, budəfəki qayıdış bircə dəfəlikdir. «Facebook»da yazıb ki, yarışmaya qoşulması şahmatdan istefasının sonu demək deyil, sadəcə, «beşgünlük fasilədir».

«ÇİNDƏN, HİNDİSTANDAN BİLET ALIB GƏLİRLƏR Kİ...»

«Bu tədbirdən sonra oynamaq planım yoxdur. 54 yaşımda şahmata 40 yaşımdakı formada qayıtmağa ümid etmək saçımı 20 yaşındakına qaytarmaq kimi bir şeydir», – Kasparov yazıb.

***Buna da bax-Garry Kasparov. 'Mən dünyanı idarə etsəydim...'

Ancaq yenə də onun dönüşü şahmat dünyasında bir çaxnaşma yaradıb.

«Hamı bu haqda danışır. Çindən, Hindistandan bilet alıb gəlirlər ki, bu adamın oyununa tamaşa etsinlər», – ABŞ şahmat qrossmeysteri Alejandro Ramirez «France-Presse» agentliyinə deyib.

«Garry Kasparov-un döyüş ruhunun tayı-bərabəri yoxdur və həmişə son dərəcə rəqabətli savaşıb. Ancaq çox sərt yarışma olacaq. Dünyanın ən yaxşıları yarışır», – Ramirez deyib.

Qalib 150 min dollar qazanacaq. Kasparov deyib ki, udarsa, pulu Afrikada şahmatın inkişafına ianə edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG