Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:48

Gəncə hadisələrində tutulanlardan 36-sının məhkəməsidir


İllüstrasiya
İllüstrasiya

Yanvarın 4-də Baş Prokurorluqda ötən ildə prokurorluğun mərkəzi aparatının gördüyü işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Bu barədə Baş Prokurorluğun saytı məlumat yayıb.

Tədbirdə 2018-ci ildə böyük ictimai rezonansa səbəb olan bir sıra cinayət işlərinin istintaqından bəhs edilib.

Bu işlər sırasında ötən il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyəti başçısına və polis əməkdaşına sui-qəsdə də toxunulur:

“Mütəşəkkil dəstənin üzvləri olan 18 nəfərin təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilib. Həmçinin 11 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində beynəlxalq axtarış elan olunub. Hazırda cinayətlərin törədilməsinə aidiyyəti olan bütün şəxslərin və cinayət xarakterli bütün xüsusatların müəyyənləşdirilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Məlumatda habelə həmin sui-qəsdə günahlandırılan Yunis Səfərovun müdafiəsi adı altında radikal dini yönümlü bir qrup şəxsin Gəncə şəhər icra hakimiyyətinin inzibati binasının qarşısında kütləvi iğtişaş törətməsi ilə bağlı istintaqdan da bəhs edilir:

“Xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşının qəsdən öldürülməsi və sair faktlar üzrə ibtidai istintaqı aparılan cinayət işi üzrə 59 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qətimkan tədbiri seçilib, 1 nəfər barəsində isə həbsli axtarış elan olunub. Həmin cinayət işindən 36 şəxs barəsində 4 cinayət işi ayrıca icraata ayrılaraq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda cinayət işi üzrə digər şəxslər barəsində istintaq davam etdirilir”

Gəncə Ağır Cinayətlər Məhkəməsindən verilən məlumata görə, həmin cinayət işlərindən iksi ilə bağlı təqsirləndirilənlərin məhkəməsi yaxın günlərdə başlamalıdır. Cinayət işində 17 zərərçəkmiş var.

Onlara Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz silah gəzdirmə), 220.1 (Kütləvi iğtişaş), 234 (Narkotika) və 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) kimi maddələri ilə ittiham verilib.

Amma, bundan əvvəl Gəncə olaylarına görə məhkəmə qərarı ilə cəzalandırılan da olub. Söhbət Gəncə olaylarından sonra həbs edilən Rza Səfərsoydan gedir. O, Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. 2-ci qrup əlil, Qarabağ müharibəsi iştirakçısı olan Səfərsoy Facebook-dakı statuslarına görə məhkum edilib.

Onun həyat yoldaşının sözlərinə görə, əri qətldə günahlandırılan Yunis Səfərovun həbsindən sonra onun durumundan narahatlıq ifadə edən statuslar yazıb, ictimaiyyəti onu tək qoymamağa çağırıb və bunun ardınca həbs olunub. O, Cinayət Məcəlləsinin 214-2-ci (Terrorçuluğa açıq çağırışlar) maddəsi ilə günahlandırılıb.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Yunis Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan İslam dövləti qurmaq olub. Yunis Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı indiyədək 80-nə yaxın şəxsin həbs edildiyini, 11 nəfərin axtarışda olduğunu açıqlayıb.

Axtarışda olan bəzi şəxslərin silahlı müqavimət göstərərkən öldürüldüyü haqqında məlumatlar yayılıb (rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər).

Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG