Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 23:46

Əli Həsənovun nəvəsi özünü qismən təqsirli bilib


Nail Allahverdiyev

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun həbsdə olan nəvəsi Nail Allahverdiyevin məhkəməsinə jurnalistlərin buraxılmamasına göstəriş verilib.

Qeyd edək ki, ilk iclasda onun hərbi xidmətdə olmaması məsələsi üzə çıxmış, bu məlumat mətbuatda yayılmışdı.

Dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nail Allahverdiyevin mühakiməsi davam etdirilib. Məhkəmənin adı açıq olsa da, faktiki qapalı keçirilib. Prosesdə kənar adamların, o cümlədən jurnalistlərin iştirakı qadağan edilib.

"Mercedes-Geländewagen" markalı avtomobillə iki nəfərin ölümünə səbəb olan yol qəzasına görə həbs edilmiş Nail Allahverdiyevin işinə Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax: Əli Həsənovun nəvəsi məhkəmə qarşısında

AzadlıqRadiosu-nun vəkillərdən əldə etdiyi məlumata görə, prosesdə məhkəmə istintaqının başlandığı elan olunub. Prokuror Ramin Nağdəliyev ittiham aktını elan edib. İttihama münasibət bildirən N.Allahverdiyev özünü qismən təqsirli bildiyini deyib. Ona ifadə vermək təklif olunsa da, indiki mərhələdə danışmaqdan imtina edib. Bildirib ki, zərərçəkmiş və şahidlər dindirildikdən sonra ifadə verəcək.

Məhkəmə dekabrın 8-də davam edəcək.

Buna da bax: Əli Həsənovun qəza törədən nəvəsi hərbi xidmətdə olmayıb

XATIRLATMA

N.Allahverdiyevin həbsinə səbəb olmuş qəza avqustun 3-də axşam saat 21.00 radələrində paytaxtın Heydər Əliyev prospektində baş verib. Allahverdiyevin idarə etdiyi “Mercedes-Geländewagen” yolu keçən piyadalar Vaqif Əsədovu və Türkiyə vətəndaşları olan Tekiş cütlüyünü vurub, ardınca “VAZ 21015” markalı avtomobilə çırpılıb. Bundan sonra yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçən “Mercedes-Geländewagen” yanmağa başlayıb. Qəza nəticəsində piyada Vaqif Əsədov və avtomobildə Nail Allahverdiyevin yanında olmuş 31 yaşlı Mehdi Əliyev dünyasını dəyişib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin hadisə ilə bağlı birgə məlumatında bildirilir ki, qəzanı törədən “Mercedes-Geländewagen” markalı avtomobilin sükanı arxasında 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olduğu müəyyənləşdirilib. Bundan sonra onun barəsində ilkin istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

“Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılovun olduğu da müəyyən edilib. Məhkəmə onun barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib”, - rəsmi məlumatda deyilir.

N.Allahverdiyevin ittiham olunduğu CM-nin 263.3 maddəsində beş ildən on ilə qədər həbs cəzası nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG