Keçid linkləri

2026, 01 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:30

Trampın elçiləri Zelenski ilə danışdı, rusiyalı nazir isə G20-yə qatıldı

Rusiyanın maliyyə naziri Anton Siluanov Şimali Karolinada keçirilən G20 maliyyə sammitinin plenar iclasına qatılıb.
Rusiyanın maliyyə naziri Anton Siluanov Şimali Karolinada keçirilən G20 maliyyə sammitinin plenar iclasına qatılıb.

Ukrayna prezidenti Volodimir Zelenskinin dediyinə görə, ABŞ prezidenti Donald Trampın xüsusi elçiləri Moskvaya son səfərdən sonra ona məlumat veriblər və yaxın vaxtlarda Kiyevə səfər planları üzərində işləyirlər.

Bu arada, Rusiyanın maliyyə naziri Anton Siluanov gözlənilmədən Şimali Karolinada keçirilən G20 maliyyə toplantısına qatılıb. Rusiya prezidenti Vladimir Putin isə Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edir. G20-nin bəzi iştirakçıları Ukrayna ilə müharibə aparan Rusiyanın təmsilçisinin toplantıya gəlməsinə etiraz ediblər.

Tramp yaxın həftələrdə xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşneri Kiyevə göndərəcəyini təsdiqləyib. Onlar Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalını dayandırmaq səylərində aparıcı rol alandan bəri Ukraynaya ilk dəfə gedəcəklər.

Trampın ikinci prezidentlik dövründə Uitkoff və Kuşner Moskvaya dəfələrlə səfər edib, ABŞ-də Rusiya təmsilçiləri ilə görüşüblər. Bu, administrasiyanın Putin və Kremlə üstünlük verdiyinə dair tənqidlərə yol açıb.

"ABŞ prezidentinin elçilərinin nəyə nail ola biləcəyini görəcəyik", – Zelenski onlarla "ətraflı və konstruktiv" telefon danışığından sonra Telegram-da yazıb.

Sentyabr çox şeyin dəyişə biləcəyini yazan prezident əlavə edib ki, Moskva – Putin düzgün yanaşma tutmalı, müharibəni davam etdirmək yox, bitirmək niyyətində olmalıdır. O, kəşfiyyat məlumatlarının, Rusiyadan gələn siqnalların Putinin daha çox müharibə istədiyini göstərdiyini söyləyib.

G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri Eşvildə bir araya gəliblər.
G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri Eşvildə bir araya gəliblər.

"Normal deyil"

Moskva 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan bəri ilk dəfə Rusiya təmsilçisi - maliyyə naziri A.Siluanov Şimali Karolinanın Eşvill şəhərində G20 toplantısına qatılıb.

Tramp dəfələrlə Rusiyanı beynəlxalq birliklərə, o cümlədən "Böyük Yeddilik" (G7) qrupuna qaytarmaqdan danışıb. Üzv ölkələrin əksəriyyəti isə buna qəti qarşı çıxır.

G20-yə 19 ölkə və Avropa İttifaqı daxildir. Bu qrup dünya iqtisadiyyatının təxminən 85 faizini, dünya əhalisinin üçdə ikisini əhatə edir.

Almaniyanın maliyyə naziri Lars Klinqbayl Rusiya ilə bağlı durumun normal olmadığını deyib, Siluanovun toplantıda iştirakı barədə öncədən məlumat verilməməsindən narazılığını bildirib.

"Hər gün insanlar ölür. Təzəlikcə Rusiya hücumları yenidən şiddətləndirib. Sadəcə, həmişəki vəziyyətə qayıtmaq olmaz", – Klinqbayl deyib.

Avropa ölkələrinin rəsmiləri "Reuters"ə bildiriblər ki, Avropanın maliyyə nazirləri və mərkəzi bank rəhbərləri tədbirdə ənənəvi ailə fotosunda Siluanovla birlikdə görünməyə etiraz ediblər. Bundan sonra foto Siluanovsuz çəkilib.

2022-ci ildə G20 maliyyə nazirlərinin toplantısına Siluanov məsafədən qatılmışdı. O zaman Rusiya rəsmiləri danışanda ABŞ daxil, bir sıra ölkələrin təmsilçiləri zalı tərk etmişdi. Onda ABŞ prezidenti Co Bayden idi.

Siluanovun builki toplantıda iştirakı ilə bağlı Ağ evin sözçüsü Kuş Desai AFP-yə deyib ki, ABŞ administrasiyası Moskva ilə "prezidentin gerçəkdən pislədiyi sonsuz qan tökülməsini dayandıracaq" razılaşmanın əldə olunması üçün işləyir.

Rusiya Maliyyə Nazirliyi bildirib ki, Siluanov və ABŞ-nin maliyyə naziri Skot Bessent ikitərəfli danışıqlarda Rusiya-ABŞ maliyyə əməkdaşlığını və G20 çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.

ABŞ rəsmisi AFP-yə deyib ki, Bessent üzbəüz görüşdə Trampın Ukrayna ilə bağlı sülh planını müdafiə edib.

XS
SM
MD
LG