Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:33

Gəncə məhbusları müdafiəsiz qaldı


Şəhla Hümbətova
Şəhla Hümbətova

“Bu, vəkillik etdiyim adamlara qarşı ədalətsizlikdir”

Vəkillər Kollegiyası məhkəmələrə, istintaq orqanlarına Şəhla Hümbətovanın müdafiəçi kimi proseslərə buraxılmaması üçün məktublar göndərib.

Gəncə Apellyasiya Məhkəməsinin hakimi Teyyub Muxtarov bildirib ki, belə bir məktub onlara da daxil olub. Hakim noyabrın 29-da Gəncə hadisələrinə görə tutulanlardan 8 nəfərlik qrupun işinə baxarkən bu barədə məlumat verib.

Şəhla Hümbətova bu qrupdakı 8 nəfərdən üçünün hüquqlarını müdafiə edir. O bildirib ki, hazırda vəkil kimi müdafiəsi altında olan şəxslərin işlərini başa çatdırmağa icazə verilməsi üçün Vəkillər Kollegiyasının rəhbərliyinə müraciət edib. Hələlik, onun bu müraciətinə baxılmayıb.

Hakim deyir ki, bu məsələ ilə bağlı Vəkillər Kollegiyası rəhbərliyinin yekun qərarı məlum olmadığından, indiki halda Şəhla Hümbətova müdafiəçi kimi prosesə buraxıla bilməz. Ona görə də müvəkkilləri ya yeni vəkil tutmalı, ya da onlara dövlət hesabına müdafiəçi təyin olunmalıdır.

Bu üzdən Gəncə hadisələri ilə bağlı 8 nəfərlik qrupun apellyasiya şikayətlərinə baxılması dekabrın 13-nə qədər təxirə salınıb.

409 manat ödəyib

Şəhla Hümbətova Vəkillər Kollegiyasından xaric olunmasına əsas kimi göstərilən iki səbəbə aydınlıq gətirib. Kollegiya rəhbərliyi iddia edir ki, Şəhla Hümbətova həm 6 aydan çox üzvlük haqqını ödəməyib, həm də bir vətəndaşın şikayəti əsasında onun faktları saxtalaşdırdığı üzə çıxıb.

Şəhla Hümbətova deyir ki, bu il fevralın 2-də Kollegiyaya 409 manat ödəyib, düşünüb ki, bu, qarşıdakı 7 ayın üzvlük haqqıdır. Amma səhv edib, indi məlum olur ki, həmin məbləğ əvvəlki aylara hesablanıb:

“O vaxt Mehman Hüseynovun işinin pik vaxtı idi, hətta düşündüm ki, öncədən yarım ilin pulunu ödəyim, rahat olum, yoxsa yaddan çıxıb qalır. Yoxsa niyə üzvlük haqqı ödəməyim ki? Ödənilməli olan və həmişə ödədiyimiz puldur. Hətta yadımdadır, öz-özümə düşünürdüm ki, növbəti yarım il üçün bir də payızda ödəyərəm”.

Vəkilin sözlərinə görə, ötən müddətdə üzvlük haqqının gecikdirilməsilə əlaqədar ona heç bir xəbərdarlıq da edilməyib.

Bir vətəndaşın şikayətinə gəlincə, Şəhla Hümbətovanın sözlərinə görə, 2018-ci ilin mayında vərəsəliklə bağlı bir mübahisədə tərəflərdən birinin hüquqlarını müdafiə edib. Əvvəlcədən razılaşıblar ki, bu iş üçün qonorarın məbləği 3 min manat olacaq:

“İsrar etdi ki, vəkilə ödədiyi pulun qarşı tərəfdən alınması da iddia tələblərindən biri olsun. Razılaşdım. Dedim ki, həmin pul mənə ödənilməlidir ki, bu barədə qəbzi məhkəməyə təqdim edim. Çıxarıb 1000 manat verdi, dedi ki, “qalanını da gətirəcəyəm”. İş məhkəməyə getdi, qadın isə pulu gətirmədi. İddia təmin olunmadı. Həmin qəbzdən gedir söhbət. Bəli, inanıb aldanmışam, pulun hamısını almamış qəbz yazmışam. Öz ziyanıma etmişəm bunu, heç kimə ziyan vurmamışam...”

Şəhla Hümbətova səhvə yol verdiyini etiraf edir. Ancaq deyir ki, onun diqqətsizliyi və ehtiyatsızlığının vəkillik fəaliyyətinə xitam verilməsilə nəticələnməsi də adekvat deyil, ədalətsizdir:

“Özəlliklə də hazırda vəkillik etdiyim şəxslərə qarşı ədalətsizlikdir. Məncə, vəkilliyə xitam verilməsi - ən sərt tədbirin seçilməsi doğru deyil. İnanıram ki, məsələyə mən yazdığım prizmadan baxılsa, başqa intizam tədbiri seçilə bilər”.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin noyabrın 27-də keçirilən toplantısında vəkil Şəhla Hümbətovanın Kollegiyadan xaric edilməsi üçün məhkəməyə müraciət olunması barədə qərar qəbul edilib.

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Yunis Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən İslam dövləti qurmaq olduğunu iddia edirlər. Məhkəməsi başlanmayan Yunis Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlamayıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunub, 6 ildən 10 ilə qədər həbs cəzası verilib.

Sonradan apellyasiya məhkəməsində cəzalar 11 il 6 aydan 5 il 6 aya qədər azaldılıb, 6 nəfər məhkəmə zalından azadlığa buraxılıb.

Həbs olunanlar məhkəmə ifadələrində həm saxlanılarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG