Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

‘Gəncə işi’ndə buraxılan olmadı, cəzalar azaldıldı


Gəncə hadisələrinə görə həbs olunmuş şəxslərdən daha 7 nəfərin cəzası azaldılıb.

Avqustun 26-da Bakı Apellyasiya məhkəməsində bu barədə qərar açıqlanıb. Qərarı Gəncə Apellyasiya Məhkəməsinin hakimləri verib.

Qərara əsasən, təqsirləndirilən şəxslərə CM-nin 220.1 (kütləvi iğtişaşların təşkili) maddəsi ilə verilən ittiham dəyişdirilib, CM-in 29.220.1 (kütləvi iğtişaşlarda iştiraka cəhd) maddəsinə tövsif olunub.

Yalnız Sumqayıt Dövlət Universitetinin müəllimi Elman Quliyevə münasibətdə ittiham olduğu kimi saxlanıb. Amma E.Quliyevin də cəzası azaldılıb - 8 ildən 5 ilə endirilib.

Digər təqsirləndirilən şəxslərin də cəzası azaldılıb. Ən az cəza Riya Nuruzadə və Cabir Əzizova verilib – 1 il 6 ay. Onların hər ikisi qardaşları Gülmirzə Nuruzadə və Sabir Əzizovla birlikdə həbs olunub. Qardaşlarının üzərində isə 2 il 6 ay saxlanılıb. Fikrət Mirzəliyev və Səbuhi Rəcəbova da 2 il 6 ay cəza kəsilib.

Qərardan öncə təqsirləndirilən şəxslər son sözlərini deyiblər. Məhkəməyə jurnalistlər buraxılmayıb. Media nümayəndələrinə deyilib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlizamin Abdullayevin göstərişi var, jurnalistlər zala buraxılmasın.

“Budur ədalət ki, çay içənə iki il altı ay cəza verirlər?”

AzadlıqRadiosu-nun əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxslər son sözlərində ədalət istəyiblər. Bildiriblər ki, onların günahı yoxdur.

"Biz günahsız həbs olunmuşuq. Özümüzü qətiyyən təqsirli bilmirik. Mənim üç övladım var. İstəmirəm ki, övladlarım məni cinayətkar kimi tanısın. Axı, mən heç bir cinayət törətməmişəm...", – Gülmirzə Nuruzadə belə deyib.

Onun qardaşı Riya da cinayət törətmədiyini, günahsız olduğunu söyləyib.

Eyruz Hacıyev son sözündə deyib ki, Gəncədə ötən il iyulun 10-da aksiya axşam saatlarında olub, onları isə günorta çay içdikləri vaxt polislər tutub aparıblar:

"Biz Göygölə gəzməyə gedəndə Gəncədə oturub çay içdiyimiz yerdə tutub aparıblar. Harda görünüb ki, gəzməyə getdiyinə görə adamı tutub cəzalandırsınlar? Bu qədər haqsızlıq olmaz axı. Birinci məhkəmə haqsızlıq, ədalətsizlik elədi, siz eləməyin".

Cəzalar azaldılsa da, təqsirləndirilən şəxslərin yaxınları qərardan narazı qalıblar. Eyruz Hacıyevin qardaşı Yasər Hacıyev AzadlıqRadiosu-na bildirib ki, Ali Məhkəməyə kassasiya şikayəti veriləcək:

"Yenə də sifariş icra olundu, günahsız adamlara cəza verildi. Bəlkə mən indi bu sözləri dediyimə görə gəlib mənim özümü də şərləyib, evimdən ballistik raket-filan "çıxaracaqlar". Budur azadlıq? Budur ədalət ki, çay içənə iki il altı ay cəza verirlər?"

Sabir və Cabir Əzizov qardaşlarının anası Gülnaz Əzizova deyir ki, heç olmasa, oğullarından birinin buraxılmasına ümid edirdi:

"Prezident Aparatında Ceyhun müəllim mənə söz verdi. Dedi, heç yerə şikayətə getmə, köməyimiz dəyəcək. Atalarının bir ayağı yoxdur, o vəziyyətdə gəlirdi bura. Niyə günahsız yerə mənim balalarımı tutub basıblar içəri? Niyə onların ömürlərini çürüdürlər?"

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Yunis Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir.

Məhkəməsi başlamayan Yunis Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlamayıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada isə yüksək rütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə olaylarına görə 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Bəzilərinə hökm oxunub, bəzi işlər hazırda apellyasiya məhkəməsində araşdırılır. Avqustun 9-da qruplardan birində dörd nəfər məhkəmə zalından azadlığa buraxılıb.

“Gəncə işi” üzrə 11 nəfər də beynəlxalq axtarışa verilib.

Həbs olunanlar məhkəmədə saxlanarkən və ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər. Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG