Azərbaycanda sahibkarlığın güzəştli kreditləşdirilməsində yeni qaydalar tətbiq ediləcək.
Bu gün, oktyabrın 2-də İqtisadiyyat Nazirliyinin rəsmi şəxsləri yeni qaydaları ictimaiyyətə açıqlayıblar.
Nazirliyin Sahibkarlığın İnkişafı Fondunun rəsmisi Arif Vəliməmmədovun bildirməsinə görə, güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə onların kreditlərinin illik faiz dərəcəsi 6-dan 5-ə endirilib.
«Eyni zamanda, yeni qaydalarda orta həcmli kreditlərin hədləri dəyişdirilərək 50001 manatdan 1000000 manatadək artırılıb», - fond rəsmisi deyib.
Onun fikrincə, yeni qaydaların tətbiqi sahibkarların güzəştli maliyyə resurslarına çıxışını daha da rahatlaşdıracaq.
A.Vəliməmmədov deyib ki, fondun strukturunda təhlil və risklərin idarə edilməsi şöbəsi yaradılıb.
«Bu şöbə fondun vəsaitlərinin səmərəli yerləşdirilməsi məqsədilə təhlil və araşdırmalar aparacaq. Yeni yaradılmış Daxili audit şöbəsi isə fondun risklərinin idarə olunması, idarəetmə prosesinin təkmilləşdirilməsi və struktur bölmələrinin auditini həyata keçirəcək», - o qeyd edib.
Xatırlatma
Azərbaycanda sahibkarlığın maliyyə resursları ilə təmin olunmasında əsas dövlət mexanizmini İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu həyata keçirirdi. Həmin fondun fəaliyyət göstərdiyi dövrdə 35 mindən çox sahibkara 2.2 milyard manat güzəştli kredit verdiyi bildirilir.
Prezident İlham Əliyev iyul ayında «Azərbaycanda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında» Fərman verib. Həmin fərmana görə, Sahibkarlığa Kömək Milli Fondu ləğv edilib, yerində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb.