Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:05

Gürcüstan vətəndaşının Berlində Rusiyanın sifarişi ilə öldürüldüyü iddia olunur


Zelimkhan Khangoshvili-nin yaxınları Almaniyanın Tbilisidəki səfirliyinin qarşısında
Zelimkhan Khangoshvili-nin yaxınları Almaniyanın Tbilisidəki səfirliyinin qarşısında

Ötən il Berlində Gürcüstan vətəndaşı Zelimkhan Khangoshvili-ni güllələyərək öldürmüş Rusiya vətəndaşı, qondarma adı Vadim Sokolov olan şəxsin – Vadim Krasikovun Avropaya səfər etməzdən əvvəl Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) “Vımpel” xüsusi təyinatlı dəstəsinin bazasında təlim keçdiyi məlum olub.

Britaniyanın Bellingcat jurnalist təhqiqatı qrupunun, Almaniyanın Der Spiegel jurnalının və Rusiyanın The Insider saytının birgə apardıqları araşdırmanın fevralın 17-də dərc olunmuş hesabatında deyilir ki, Krasikov FTX-nin Vernadski prosopektində yerləşən antiterror idarəsinə dəfələrlə baş çəkib və FTX-nin bir indiki və bir neçə keçmiş əməkdaşı ilə dəfələrlə zəngləşib.

Təhqiqat müəllifləri Berlindəki qətldən əvvəl nə onun, nə də arvadının adına Rusiyada heç vaxt SİM-kart verilməməsinə baxmayaraq, Vadim Krasikovun istifadə etdiyi telefonun nömrəsini aşkar edə biliblər.

Bu nömrəni Krasikovun arvadının telefon nömrəsi vasitəsilə aşkara çıxarmaq mümkün olub, beləki Krasikov bu telefondan həm də tez-tez arvadına zəng edirdi.

Bu telefon nömrəsindən edilən zənglərin araşdırılması nəticəsində Krasikovun FTX ilə əlaqələrinin daimi olduğu müəyyənləşdirilib.

İntensiv zənglərin isə Berlinə səfər ərəfəsində olması ona işarə edir ki, Krasikov FTX ilə təmaslarında məhz Khangoshvili-nin qətli əməliyyatını müzakirə edə bilərdi.

Eduard Bendersky
Eduard Bendersky

Təhqiqatçılar bildirirlər ki, əməliyyatı FTX-nin xüsusi təyinatlı mərkəzinin rəisi general-polkovnik Aleksandr Tikhonov kurasiya edib, amma Krasikovla birbaşa təmasda mərkəzin keçmiş əməkdaşı Eduard Bendersky olub.

Təhqiqat əmindir ki, Khangoshvili-nin qətlinə ən aşağısı FTX səviyyəsində əmr verilib.

Khangoshvili-nin qətli

Əslən Pankisi dərəsindən olan Khangoshvili rus-çeçen müharibəsinin iştirakçısı olub və Gürcüstan Daxili İşlər Nazirliyinin antiterror departamentinin keçmiş əməkdaşı idi.

O 2019-cu il, avqustun 23-də Berlində qətlə yetirilib. Onu günün-günorta çağı yoldan keçənlərin gözü qarşısında başına tapançadan açılan atəşlə öldürüblər.

Berlində qətl yeri
Berlində qətl yeri

Hücum edən silahı Şpri çayına atıb və hadisə yerindən velosipedlə qaçmağa çalışlıb, lakin tezliklə həbs edilib.

Şübhəlinin üstündən Rusiya vətəndaşı, 49 yaşlı Vadim Sokolovun adına pasport tapılıb.

Almaniyadakı Rusiya konsulluğunun işçiləri ona həbsxanada baş çəkiblər.

Buna baxmayaraq o bügünədək Almaniya müstəntiqlərinə ifadə verməkdən imtina edir. Elə Rusiya səfirliyi də bu qətlin təhqiqatında əməkdaşlıqdan boyun qaçırır.

Berlin polisi hazırda bu qənaətdədir ki, Sokolovun adına verilmiş pasport saxtadır və bu qətldə Rusiya xüsusi xidmətlərinin əli var.

Dekabrın 4-də təhqiqatın gedişində yeni məlumatlar aldıqdan sonra Almaniya hakimiyyət orqanları Rusiya səfirliyinin iki əməkdaşını ölkədən qovmaq qərarına gəlib.

Buna cavab olaraq Moskva da dekabrın 12-də Rusiyadan iki Almaniya diplomatının çıxarıldığını elan edib.

Şübhəlinin həyat yolu

Bundan əvvəl The Insider və Bellingcat təhqiqatçıları bildirmişdilər ki, qətldə şübhəli şəxsin əsl adı Vadim Nikolayevich Krasikov ola bilər.

Onun 10 avqust 1965-ci ildə Qazaxıstanın Turkestan vilayətinin Kenestobe kəndində doğulduğu bildirilirdi.

Bu da deyilirdi ki, 1980-ci illərdə Krasikovun valideynləri Buryatiyaya köçüblər, onun özü isə arvadı və iki uşağı ilə birlikdə İtkutska köçüb.

Şübhəli Vadim Sokolov
Şübhəli Vadim Sokolov

Təhqiqatçılar bunu da bildirirdilər ki, Krasikov-Sokolov 2013-cü ildə Moskvada törədilmiş azı bir cinayətlə bağlı ola bilər.

Onda da killer qurbanına velosipedlə yaxınlaşmış və ona altı güllə atmışdı.

Vadim Krasikov Rusiyada federal axtarışa verilsə də, az sonra axtarış dayandırılmışdı.

Almaniya təhqiqatçılarının versiyasına görə Rusiya xüsusi xidmətləri gələcək cinayətlərin törədilməsi üçün onu ələ ala bilərdi.

Bu cinayətlərin daha asanlıqla törədilə bilməsi üçünsə Krasikova yeni saxta kimlik – Vadim Sokolov adı verilmişdi.

Khangoshvili öz həyatına görə narahat idi və Almaniya hakimiyyət orqanlarına özünün Rusiya hökuməti tərəfindən təqib olunduğunu bildirmişdi.

Gürcüstan vətəndaşı Khangoshvili Almaniyada sığınacaq alması üçün 2017-ci ilin yanvarında keçirilən məhkəmə dinləməsində demişdi ki, Rusiya hakimiyyət orqanları onun qətlini təşkil etməyi planlaşdırırlar.

Buna baxmayaraq Khangoshvili-yə məhkəmə tərəfindən rədd cavabı verilmişdi. Lakin o dərhal deportasiya olunmamış və Almaniya ərazisində qalmışdı.

XS
SM
MD
LG