Keçid linkləri

Təcili xəbərlər
2020, 12 İyul, bazar, Bakı vaxtı 22:01

Gürcüstan müxalifəti iqtidara ultimatum verir


İqtidar-müxalifət anlaşma memorandumu

Gürcüstanın müxalifət partiyaları bəyan ediblər ki, “siyasi məhbuslar” azad edilməsə, beynəlxalq vasitəçilər tərəfindən əldə olunmuş iqtidar-müxalifət seçki razılaşmasını tərk edəcəklər.

Gürcüstanda hakim partiya və müxalifət partiyaları arasında martın 8-də imzalanmış sazişdə bir sıra başqa şərtlərlə yanaşı yeni parlamentə 120 deputatın proporsional, 30 deputatın isə majoritar sistemlə seçiləcəyi nəzərdə tutulub.

Lakin növbəti seçkinin oktyabrda keçiriləcəyinə baxmayaraq saziş tərəfləri onun şərtlərinin icrası istiqamətində hərəkət etməyiblər.

Mayın 13-də verilmiş bəyanatında müxalifət hakim Gürcü Arzusu partiyasını sazişin şərtlərinə əməl etməyə çağırıb.

Bu şərtlərdən biri də “siyasi məhbusların” azad edilməsidir.

Bəyanatda habelə bildirilir ki, müxalifət partiyalarının bu tələbləri yerinə yetirilməyincə, onlara aid fraksiyalar parlament iclaslarının boykotunu davam etdirəcəklər.

Müxalifət, onun qənaətinə görə siyasi motivlərlə məhkum edilmiş bir neçə siyasətçinin azad edilməsini istəyir.

Gürcü Arzusu partiyasının rəsmiləri bu iddiaları rədd edirlər.

Saziş seçki sistemini necə dəyişməlidir

Bu həftənin əvvəllərində ABŞ və Avropa İttifaqı səfirləri Gürcüstanın hakim və müxalifət partiyalarını seçki sazişinin icrasına başlamağa çağırmışdılar.

Səfirlərin verdiyi birgə bəyanatda deyilirdi ki, bu razılaşma Gürcüstanın “siyasi sistemindəki qütbləşmənin aradan qaldırılmasına” və oktyabr seçkilərindəın əvvəl “daha yaxşı mühit yaradılmasına” xidmət etməlidir.

Söhbət konkret olaraq martın 8-də imzalanmış anlaşma memorandumundan gedir.

Bu sənədə görə parlamentin 120 üzvü proporsional, 30 üzvü isə majoritar sistemlə seçilməlidir.

Majoritar sistemli dairələrdə səslərin 50 faizindən çoxunu qazanmış namizəd və ya partiya qalib hesab olunur.

Sənəddə qeyd olunur ki, parlamentə seçilmək üçün baryer həddi 1 faiz müəyyən edilir.

Gürcüstanda hazırda qüvvədə olan seçki məcəlləsinə görə, parlamentin 150 mandatından 73-nü dairələr üzrə ən çox səs toplayan namizədlər qazanır.

Qalan yerlər isə proporsional qaydada qalib gələn partiyanın namizədləri arasında bölüşdürülür.

Belə bir sistem indiyədək milyarder Bidzina Ivanishvili-nin hakim Gürcü Arzusu partiyasına parlamentdəki yerlərin 76 faizinə sahiblənmək imkanı verib. Halbuki bu partiya elektorat səslərinin 50 faizindən azını qazanıb.

XS
SM
MD
LG