Gürcüstanda hakim Gürcü Arzusu partiyasından olan millət vəkilləri yeni parlamentin birinci sessiyasına müxalifətçı deputatlar olmadan başlayıblar.
Seçki nəticələrinin saxtalaşdırıldığını iddia edən müxalifətçi millət vəkilləri parlamentin sessiyasını boykot ediblər.
Dekabrın 11-də yeni parlamentin sessiyasını giriş sözü ilə açan prezident Salome Zurabişvili Gürcüstanın bütün siyasi qüvvələrini və bütövlükdə cəmiyyəti qarşıdurma mühitinə son qoymağa çağırıb və deyib ki, indi ölkəyə “qütbsüzləşmə, həmrəylik və birlik” lazımdır:
"Biz sonsuz lənətlənmə, təhqir, habelə Gürcüstan və Qafqaz dəyərlərinə sayğısızlıqdan yorulmuşuq. Nifrət bu ölkəni parçalayır, zəiflədir və çətinlikləri dəf etmək üçün milli enerjinin səfərbər edilməsinə ehtiyac olduğu bir vaxtda milləti gücdən salır”.
Zalda olmayanlara müraciət
Zurabişvili nitqini demək olar ki, bütünlüklə zalda olmayan müxalifətçilərə müraciətə həsr etmişdi:
"Cəmiyyətin səbri tükənib...Müstəqilliyin bərpasından az qala 30 il ötür, Sovet imperiyası çöküb və biz dövlət qururuq. 30 il yetkinlik yaşıdır – həm adamlar, həm də dövlət üçün. Bu mənfur qapalı dairəni sındırmaq və irəli getmək vaxtıdır”.
Prezidentin çıxış etdiyi vaxt müxalifət partiyalarının nümayəndələri parlamentin yaxınlığında yerləşən Tələbə Gənclər Sarayının qarşısına toplaşmışdılar.
Onlar elə buradaca deputat mandatlarından imtina edəcəklərinə dair memorandumu imzalayıblar və seçki nəticələrinin ləğvinə çağırıblar.
Mərkəzi Seçki Komissiyasının açıqladığı rəsmi nəticələrə görə milyarder Bidzina İvanişvili tərəfindən maliyyələşdirilən Gürcü Arzusu partiyası səslərin 48.22 faizini qazanıb. Vahid Milli Hərəkat Partiyasının müxalifət bloku səslərin 27.18, Avropa Gürcüstanı Partiyası isə 3.79 faizinə sahib olub.
Daha 6 kiçik partiya parlamentə daxil olmaq imkanı verən 1 faizlik baryeri aşıb.
İlk sessiyada ABŞ səfiri də iştirak edib
Gürcüstanın hakim partiyası və müxalifət nümayəndələri arasında Tbilisidəki ABŞ səfirliyində keçirilən danışıqların növbəti raundu nəticəsiz başa çatmışdı.
Dekabrın 9-da yer alan bu danışıqlarda oktyabr ayında keçirilmiş parlament seçkisi nəticələrinin doğurduğu fikir ayrılıqları müzakirə olunurdu.
Müxalifət hakim Gürcü Arzusu partiyasını və onun tərəfdarlarını səslərin satin alınmasında, habelə seçicilərin və müşahidəçilərin təhdid olunmasında, səslərin sayılmasında yol verilmiş saxtakarlıqda ittiham edir.
Bu da xəbər verilir ki, ABŞ səfiri Kelli Denan yeni Gürcüstan parlamentinin ilk sessiyasına dəvət edilmiş qonaqların arasında idi.