Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 23:27

‘Günaybank’ sədrinin müavininə 13 il cəza istəndi


"Günaybank" İdarə Heyəti keçmiş sədrinin müavini Emin Zeynalova 13 il həbs tələbi səslənib. Bu tələbi martın 6-da keçirilən məhkəmədə prokuror dilə gətirib.

Dövlət ittihamçısının iddiasına görə, Emin Zeynalov valyuta alqı-satqısından gəlir vermək adıyla adamlardan toplam 41 milyon manat pul alıb.

Araşdırmalarda üzə çıxıb ki, adamlara verdikləri pulun müqabilində aylıq qazanc ödənilib, bəziləri həmin məbləğin 3 faizi, digərləri 4 və ya 5 faizi civarında gəlir götürüb. Bir müddət sonra aylıq gəlirlər ödənməyib və Emin Zeynalov yoxa çıxıb. O, axtarışa veriləndən bir müddət sonra saxlanıb.

Prokurorun sözlərinə görə, 41 milyon manatdan 4 milyon 400 min manat qaytarılıb.

Zərərçəkənlərdən biri özünə mənzil istəyirmiş?

Onlarla zərərçəkən arasında həmin pulu valyuta alverindən qazanc üçün deyil, mənzil almaqdan ötrü verən Xalidə Məmmədova prokurorun çıxışına münasibət bildirərkən deyib ki, Emin Zeynalova verdiyi 143 min dolları geri ala bilməyib.

Emin Zeynalovun bir sıra əmlakının üzərində həbs var. Xalidə Məmmədova təklif edib ki, belə əmlakdan bir mənzil ödədiyi pulun müqabilində ona verilsin.

Şikayətini geri götürənlər var

Zərərçəkmişlərdən bir neçəsi məhkəmədə şikayətini geri götürüb. Onlardan biri - Elvin Xalıqov deyir ki, pulu birbaşa Eminin özünə vermədiyindən, ondan şikayətçi deyil. Başqa bir zərərçəkən İlkin Nuriyev 750 min dollar pul verdiyini desə də, şikayətçi olmadığını söyləyib.

Bu işbirliyində 1 milyon dollar ziyana düşdüyünü deyən Fərid Məmmədov da artıq şikayətindən vaz keçib və aralarındakı razılaşmanı əsas gətirərək, Emin Zeynalov azadlığa çıxandan sonra aralarındakı pul məsələsini çözəcəklərini söyləyib.

Fərid Məmmədov keçmiş sədr müavininin bacısının həyat yoldaşıdır.

Qalan zərərçəkmişlərin də fikri dinləndikdən və Emin Zeynalov son sözünü deyəndən sonra məhkəmənin bu işlə bağlı hökmü bilinəcək.

Özünü təqsirli saymayan Emin Zeynalov kimsəni aldatmaq niyyəti olmadığını vurğulayıb:

"Elə vaxt olub ki, o adamlara aylıq gəliri öz cibimdən vermişəm".

Valyuta bazarına nəzarət edib?

"Günaybank"ın sabiq sədr müavini iddia edir ki, bir müddət əvvələdək Bakıda valyuta bazarına özü nəzarət edib və hər səhər paytaxtın valyutadəyişmə məntəqələrində məzənnə onun rəyinə uyğun müəyyənləşdirilib.

Valyutadəyişmə səlahiyyəti yalnız banklara veriləndən sonra da bu işi davam etdirdiyini söyləyən Emin Zeynalovun sözlərinə görə, onun işçiləri bir neçə bankda fəaliyyət göstərib və rəsmən çalışdıqları bankın əməkdaşları sayılsalar da, maaşı ondan alıblar.

Valyuta alverindən gəlir götürməkdən ötrü Emin Zeynalova pul verdiyi iddia olunanlar arasında bir sıra məmur övladları da var. Cinayət işinin materiallarında Xətai rayon prokuroru Yusif İldırımzadənin qardaşı oğlu, "Əmrahbank"ın səhmdarlarından olan Əmrah İldırımzadənin, Prezident Administrasiyasının siyasi partiyalarla iş şöbəsinin müdiri Ədalət Vəliyevin oğlu Orxan Vəliyevin adları çəkilir.

XS
SM
MD
LG