İstanbulda bələdiyyə seçkilərinin yenidən keçirilməsinə dair Ali Seçki Şurasının qərarı Erdoğanın hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sıralarından da kəskin tənqid olunur.
Seçki qələbəsini müxalifət namizədinin əlindən almış bu qərarı pisləyənlərin arasında iki AKP veteranı – keçmiş prezident Abdullah Gül və keçmiş baş nazir Ahmet Davutoğlu da var.
Türkiyə mediası yazır ki, AKP daxilindəki son ixtilaf bu partiyanın parçalanacağına və yeni bir siyasi partiyanın meydana çıxa biləcəyinə dair şayiələri daha da körükləyib.
Mayın 7-də axşam yazdığı bir neçə tvitdə Ahmet Davutoğlu bildirib ki, İstanbul seçkisindən sonra baş verənlər və seçki nəticələrinin ləğvi Türkiyə demokratiyasının “təməl dəyərlərinə” ciddi ziyan vurub:
“Siyasi hərəkat üçün ən böyük itki seçki məğlubiyyəti yox, mənəvi ucalığın və ictimai şüurun itirilməsidir”.
Bir sıra şərhçilərin fikrincə, keçmiş baş nazir seçkidən sonra özünün Facebook səhifəsində dərc etdiyi “manifest”lə hakim partiyanın parçalana biləcəyinə dair siqnal verib.
Hələ bələdiyyə seçkisinin ərəfəsində hakim AKP-nin siyasətlərini kəskin tənqid edən Davutoğlu Türkiyə mediasında onun yeni sağ-mərkəzçi siyasi partiya yaradacağına dair xəbərlərin yayılmasına səbəb olmuşdu.
AKP-nin daxilindəki narazılıqlar barədə deyilənlərə keçmiş prezident Abdullah Gülün də Ali Seçki Şurasının qərarını tənqid etməsi qüvvət verib.
Gül Ali Seçki Şurasının qərarını 2007-ci ildə Konstitusiya Məhkəməsinin onun özünə qarşı qərarı ilə müqayisə edib.
O vaxt prezident Böyük Millət Məclisində seçilirdi və bir çox təhlilçilərin fikrincə Gülün prezident seçilməsi parlamentdə CHP tərəfindən bloklanmışdı.
Gülün dini düşüncəli bir şəxs olmasına görə Konstitusiya Məhkəməsinin qərarında onun prezident seçilməsi üçün azı 367 səsin leyhinə verilməsinin zəruriliyi qeyd edilmişdi.
O bu barədə yazdığı tvitdə bildirir ki, İstanbul seçkisi nəticələrinin ləğv olunmasına dair Ali Seçki Şurasının qərarını eşidəndə, 2007-ci ildə onun özünə qarşı “367” qərarını eşidərkən yaşadığı hissləri yaşayıb:
"Əfsus, bir arpa dəni qədər də irəliyə gedə bilməmişik".
Siyasi təhlilçilər Gülü də Davutoğlu kimi AKP daxilində Erdoğana qarşı ciddi rəqib hesab edirlər.
Bu arada Türkiyənin iqtidaryönlü mediası Gül və Davutoğlunu tənqid edən yazılar dərc edir.