Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:38

Gözlər daha 28 dairəyə dikilib


Bakıda səsvermə. 9 fevral 2020
Bakıda səsvermə. 9 fevral 2020

Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası (MSK) dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Amma indi bir çox dairələrdən şikayətlər yüksəlir. Artıq MSK 4 dairədə nəticələri ləğv edib. Bir xeyli şikayət də baxılması üçün dairə seçki komissiyalarına (DSK) göndərilib.

Bəs başqa dairələrdə də nəticələr ləğv edilə bilərmi və hadisələrin bundan sonrakı gedişi necə proqnozlaşdırılır?

Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov AzadlıqRadiosuna deyib ki, son dövrlər hakimiyyət seçki dairələrində nəticələri ləğv etməyib, əksinə, pozuntuları ört-basdır etməyə çalışıb. A.Qurbanova görə, 2020-ci il fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərinə hakimiyyət fərqli münasibət sərgiləyir. Onun fikrincə, buna təsir edən bir neçə amil var: «Bir amil budur ki, beynəlxalq təzyiqlər var. Amma beynəlxalq təzyiq həmişə olub. Əvvəlki illərdə seçkilərlə bağlı bəyanatlar sərt olurdu, amma hakimiyyət deyilənləri qulaqardına vururdu. Bu dəfə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu hesabatı korrekt hazırlamışdı, hesabat nisbətən yumşaq tərzdə idi. Hakimiyyət də bu hesabatı balanslı saydı».

A.Qurbanov
A.Qurbanov

«İctimai rəyi yumşaltmaq üçün...»

Ekspertə görə, bu məsələdə rol oynayan daha bir amil əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə sosial şəbəkələrdə olan fəallıqdır: «Belə ki, ayrı-ayrı seçki dairələrində baş verənlər sosial şəbəkə vasitəsilə ictimailəşdirildi. Bu isə cəmiyyətdə gərginlik yaradırdı. Bu, təkcə seçki tərəflərinə aid gərginlik deyildi. Sadə vətəndaşlar arasında, hətta siyasətdən uzaq olduqlarını deyən mədəniyyət, şou cameəsi daxilində belə gərginlik yaşanırdı. Hakimiyyətin həssas məsələlərindən biri ictimai rəyə nəzarəti itirməkdir. Odur ki, ictimai rəyi yumşaltmaq üçün müəyyən addımlar atılmalı idi və bu addımlar məcburiyyətdən irəli gəlirdi».

A.Qurbanov hesab edir ki, bununla belə, inzibati resurslarla hakimiyyət namizədləri dəstəklənib.

«Bu, 10 seçki dairəsindən çoxunu əhatə etməyəcək»

A.Qurbanovun fikrincə, ortada siyasi qərar var və pozuntularla bağlı videoların geniş yayılması bu addımı atmağa vadar edib.

Ekspert vurğulayıb ki, bəzi dairələrdə nəticələr həmin siyasi qərara görə ləğv edilir və bu, hakimiyyətə müsbət imic qazandırır: «Amma deyə bilmərəm, bu ləğvetmələr nə qədər davam edəcək? Yalnız aydın olan budur ki, siyasi iradə nə qədər istəyəcəksə, ləğvetmələr o qədər davam edəcək. Amma fikrimcə, bu, 10 seçki dairəsindən çoxunu əhatə etməyəcək».

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafina Yardım Assosiasiyasının (AVCİYA) Seçki qərargahının sədri Məhərrəm Zülfüqarlı isə hesab edir ki, seçki pozuntuları ilə bağlı dairələr üzrə nəticələrin ləğv olunmasına sadə şəkildə yanaşmaq olmaz:

M.Zülfüqarlı
M.Zülfüqarlı

«Əgər bu hadisələrin üzərindən heç nə olmamış kimi keçilsə,...»

«Mənə belə gəlir ki, hansı dairələr üzrə kimlər saxtakarlığa yol veribsə, onlar cəzalandırılmalıdır. Əgər bu hadisələrin üzərindən heç nə olmamış kimi keçilsə, sabah bu, fəsadlar verəcək. Nəticələri ləğv olunan dairələrdə kimin günahı varsa, saxtakarlığı kim edibsə, qanunla cəzalandırılmalıdır ki, gələcək seçkilərdə belə hallar yaşanmasın».

28 dairə üzrə araşdırma gedir

Mərkəzi Seçki Komissiyasından (MSK) isə «Turan» agentliyinə bildiriblər ki, 28 seçki dairəsi üzrə daxil olan şikayətlər araşdırılması üçün aidiyyəti dairələrə göndərilib. «Dairə seçki komissiyaları (DSK) şikayətləri mahiyyəti üzrə araşdırmalı və şikayətçiyə cavab verməlidir. Əgər DSK-nın qərarı şikayətçini qane etsə, bununla da məsələ qapanır. Əks halda isə, şikayətçi şikayətin araşdırılması üçün MSK-ya müraciət edir. MSK-da isə DSK-nın aidiyyəti məsələ üzrə qəbul etdiyi qərar mübahisələndirilir. MSK da üç gün ərzində şikayətçiyə cavab verməlidir. Şikayətçi MSK-nın qərarını da qaneedici saymasa, artıq məhkəmə perspektivi başlayır»,- MSK-dan vurğulayıblar.

MSK-nın iclası
MSK-nın iclası

Bu həftə olanlar

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası (MSK) dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri qazanıb. Bir çox dairələr üzrə şikayətlər eşidilməkdədir. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. «Seçki günü baş tutan səsvermə prosesi müşahidə aparılan seçki məntəqələrinin 7 faizində mənfi qiymətləndirilmişdir ki, bu da kifayət qədər böyük say olduğuna görə ciddi prosedur çatışmamazlıqlarının olmasının göstəricisidir... », - rəydə vurğulanıb.

Prezident İlham Əliyev isə deyib ki, bu seçkilərdə pozuntular olubsa, araşdırılacaq. «Bilirəm ki, Mərkəzi Seçki Komissiyası artıq fəal işə başlayıb, yerlərdən məlumat toplayırıq. Biz istəmirik ki, pozuntular olsun. Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə belə hallara yol verilməsin», - o vurğulayıb.

Xatırlatma

2019-cu il dekabrın 5-də prezident İ.Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər. Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib. Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG