Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 17:56

Gözəl Bayramlının cəzası 2 ay azaldıldı


G.Bayramlıya dəstək aksiyası - 14 noyabr 2018

AXCP sədrinin müavini Gözəl Bayramlıya verilmiş üç illik həbs cəzası iki ay azaldılıb. Noyabrın 14-də Ali Məhkəmədə Hafiz Nəsibovun sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxarıb.

Qərara əsasən, G.Bayramlıya qarşı CM-in 206.1 (qaçaqmalçılıq) maddəsi ilə irəli sürülmüş ittiham da dəyişdirilib. İttiham 29.206.1 maddəsinə, yəni qaçaqmalçılığa cəhdə tövsif olunub.

Qərardan öncə G.Bayramlının vəkili Elçin Sadıqov çıxış edib. Bildirib ki, onun müvəkkili Azərbaycanda CM-in 206.1 maddəsi ilə həbsdə saxlanılan yeganə şəxsdir. Vəkil xatırladıb ki, G.Bayramlı dəfələrlə günahsız olduğunu, siyasi fəaliyyətinə görə şərlənib həbs edildiyini söyləyib. Müdafiəçinin sözlərinə görə, bu, iş materiallarından da görünür: «Cinayət işinin materialları arasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin məktubları var. O məktublardan görünür ki, G.Bayramlı, hətta Gürcüstanda da olanda izlənilib».

Vəkil bildirib ki, G.Bayramlı 12 min dolları gömrüyə bəyan etmədən qaçaqmal yoluyla keçirməkdə təqsirləndirilir. Amma o, Gürcüstandan qayıdarkən «Sınıq körpü» məntəqəsində heç gömrük postundan keçməmiş saxlanılıb: «Biz Gözəl Bayramlının həbsinin ertəsi gün istintaq qarşısında məntəqədəki videogörüntülərin alınması haqda vəsatət qaldırdıq. Bir ay sonra cavab gəldi ki, həmin görüntülər saxlanmayıb. Bu iş üzrə məhkəmədə 14 vəsatət qaldırdıq, heç biri təmin olunmadı».

Vəkildən sonra prokuror kassasiya şikayətinin əsassız olduğunu bildirib və təmin olunmamasını xahiş edib.

Qısa müşavirədən sonra hakimlər hökmün dəyişdirilməsi barədə qərarı elan ediblər.

«Bu, AXCP-yə divan tutmaq, qisasçılıqdır»

Müavininin cəzasının iki ay azaldılması barədə Ali Məhkəmənin qərarına münasibət bildirən AXCP sədri Əli Kərimli deyib ki, günahsız insana qarşı bu cür münasibət gülünc davranışdır.

Partiya sədri bildirib ki, eyni maddə ilə başqalarına cərimə və digər alternativ cəzalar tətbiq olunduğu halda, G.Bayramlıya 2 il 10 həbs verilməsi də qərəzdən, qisasçılıqdan irəli gəlir: «Vəkilin ortaya qoyduğu sübutlar da göstərdi ki, o pulun Gözəl xanıma aidiyyəti yoxdur, gömrük postuna çatmamış onun çantasına atıb saxlayıblar. Bütün bunlar Azərbaycanda müxalifətə, müxalifətçiliyə, konkret olaraq, AXCP-yə, Milli Şuraya divan tutmaq, qisasçılıq, bizim haqq mübarizəmizin qarşısını almaqdan ötrü atılan qanunsuz addımlardır».

G.Bayramlının yaxınları AzadlıqRadiosuna bildirib ki, Ali Məhkəmənin qərarını alandan sonra Avropa Məhkəməsinə şikayət göndəriləcək: «Azərbaycan İnsan haqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasını ratifikasiya edib. Gözəl Bayramlıya münasibətdə isə bu Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ), 14-cü (ayrı-seçkiliyin qadağan olunması), 18-ci (Konvensiyada nəzərdə tutulan məhdudiyyətlərdən başqa məqsədlər üçün istifadənin qadağan olunması) maddələri pozulub».

Xatırlatma

AXCP sədrinin müavini G.Bayramlı 2017-ci il mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu müddət daha iki dəfə uzadılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.

XS
SM
MD
LG