Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

Gözəl Bayramlı pasportunu alıb


Gözəl Bayramlı
Gözəl Bayramlı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlıya ümumvətəndaş pasportu verilib.

Bu gün, iyulun 25-də G.Bayramlı AzadlıqRadiosuna bildirib ki, dünən, iyulun 24-də axşam saatlarında ona 4 saylı ASAN Xidməti Mərkəzindən zəng vuraraq, gəlib pasportunu götürə biləcəyini söyləyiblər: «Bir neçə dəfə zəng vuraraq anlaşılmazlıq olduğunu deyib, Mərkəzə gəlib pasportumu götürə biləcəyimi bildirdilər. Hətta gəlib pasportumu götürməyim üçün axşam əməkdaşlarını orada növbətçi saxladıqlarını da əlavə etmişdilər. Bu gün, iyulun 25-də səhər gedib pasportumu aldım».

Gözəl Bayramlı: "Mənə ümumvətəndaşlıq pasportu verilmir"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı ona ümumvətəndaşlıq pasportunun verilmədiyini bildirir.

Bu barədə iyulun 24-də məlumat verən Gözəl Bayramlı qeyd edib ki, o, sağlamlığında problem olduğuna görə, xaricidə müayinə olunmaq məqsədi ilə ümumvətəndaşlıq pasportu almaqdan ötrü, Bakıxanov qəsəbəsində yerləşən 4 saylı Bakı "ASAN Xidmət" Mərkəzinə müraciət edib, lakin həmin sənədi ala bilməyib:

"Sənədlərimi qəbul etsələr də, sonunda pasport vermədilər. Mərkəzin əməkdaşı mənə bildirdi ki, sənədi verə bilməzlər, imtina gəlib. İmtinanın kimdən və nə səbəbdən gəldiyini soruşsam da, cavab ala bilmədim. Özümə qarşı çox qərəzli münasibət gördüm, elə bil kiminsə tapşırığını yerinə yetirirdilər".

Gözəl Bayramlı əlavə edib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə müraciət edib:

“Oradan bildirilən ehtimala görə, 2017-ci ildə mənə cinayət işi açılanda ölkədən çıxışıma qadağa qoyulub və ola bilər ki, həmin qadağa, hələ, götürülməyib”.

Gözəl Bayramlının vurğulamasına görə, ona Mərkəzdən Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət etməyi məsləhət görüblər. "Sabah, iyulun 25-də İdarəyə gedib səbəbini araşdıracağam", - deyə Bayramlı bildirib.

“Turan” agentliyinin xəbərinə görə isə, məsələ ilə bağlı Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində bu barədə məlumatları olmadıqlarını bildirdilər.

Gözəl Bayramlının açıqlamasına, hələlik, 4 saylı Bakı "ASAN Xidmət" Mərkəzindən isə münasibət almaq mümkün olmayıb.

Xanım siyasətçinin təmsil olunduğu partiyanın sədri Əli Kərimli də bir müddət öncə 2006-cı ildən ümumvətəndaşlıq pasportu ala bilmədiyini açıqlayıb:

“2008-ci ildə Avropa İnsan Haqları Məhkəməsinə müraciət etdim. Məhkəmə 3 il əvvəl, 2016-cı ildə Azərbaycan hökumətini cərimələyib, pasportumla bağlı qərarı qanunsuz saydı və hakimiyyətə mənə pasport verməyi tövsiyə etdi. Amma cərimə ödənilsə də, qərar yerinə yetirilməyib”, deyə AXCP sədri vurğulayıb.

Əli Kərimovun deməsinə görə, ona vətəndaşlıq pasportunun verilməməsi haqqında 1994-cü ildə açılmış bir cinayət işi ilə izah edilib.

Əli Kərimlinin də açıqlamasına rəsmi qurumlardan hər hansı münasibət bildirilməyib.

Xatırlatma

Gözəl Bayramlını 2017-ci il mayın 25-də Gürcüstandan Azərbaycana qayıdarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları saxlayıb.

Onun barəsində qaçaqmalçılıq maddəsi ilə cinayət işi başlanıb və haqqında həbs qətimkan tədbiri seçilib. 2018-ci il yanvarın 23-də Qazax Rayon Məhkəməsi onu 3 il azadlıqdan məhrum edib.

Həmin il noyabrın 14-də kassasiya şikayətinə əsasən xanım siyasətçinin cəzası iki ay azaldılıb.

Bu ilin martında isə Gözəl Bayramlı əfv sərəncamı ilə azadlığa buraxılıb. Gözəl Bayramlı öz həbsini sifariş adlandırmışdı, hüquq müdafiəçiləri onu siyasi məhbus elan etmişdi.

Amma Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.Onların fikrincə, siyasi məhbus adlandırılan şəxslər konkret törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG