Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:32

Gömrük polkovniki pensiyaçılara görə məhkəmə qarşısında


Həbs
Həbs

Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Natiq İmanov noyabrın 14-də hakim önünə çıxarılıb. Rüşvət almaqda suçlanan N.İmanovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Vəkili Əfqan Məmmədov hökm bəlli olana qədər onun ev dustaqlığına buraxılmasını istəyir və məhkəmənin hazırlıq iclasında da bu barədə vəsatət qaldırıb. Deyib ki, heç istintaq orqanı işi doğru-düzgün araşdırmayıb, tələsik istintaqı yekunlaşdırıb məhkəməyə göndərib. Vəkil iddia edir ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı tutarlı sübutlar yoxdur.

Müdafiəçi təqsirləndirilən gömrük polkovnikinin himayəsində iki azyaşlı uşaqların olduğunu, onun məhkəmədən yayınmaq fikrində olmadığını da vurğulayıb: «Sentyabrda həbs eləyiblər, oktyabrda tələm-tələsik işi yekunlaşdırıb göndəriblər məhkəməyə».

Vəkil Ə.Məmmədovun daha bir vəsatəti isə müvəkkilinin məhkəmə zalındakı şüşə kabinədən çıxarılması olub: «Əgər ev dustaqlığına buraxılması barədə vəsatət təmin olunmasa, o halda xahiş edirəm, Natiq İmanovun növbəti məhkəmə iclaslarında şüşənin içində yox, vəkili olaraq mənim yanımda əyləşməsinə icazə verəsiniz. Bu, həm də müdafiə hüququ baxımından vacibdir. Təqsiri sübuta yetirilməmiş şəxsin şüşə və ya dəmir qəfəsdə saxlanması Avropa standartlarına da ziddir».

Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib. Noyabrın 21-də məhkəmədə ittiham aktı elan olunacaq, təqsirləndirilən polkovnik ifadə verəcək.

Dövlət Gömrük Komitəsinin sentyabrın 11-də yaydığı məlumatda iddia olunurdu ki, maliyyə şöbəsinin rəisi pensiya yaşına çatmış komitə əməkdaşlarına ödəniləcək birdəfəlik müavinətləri vaxtından əvvəl vermək üçün onlardan rüşvət alıb. Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşları birgə əməliyyat keçirib, N.İmanov pensiya yaşına çatmış gömrükçülərdən birindən 2 min 500 manat alarkən tutulub. Ona görə dərhal vəzifəsindən azad edilib, haqqında toplanan materiallar da Baş Prokurorluğa göndərilib.

Lakin N.İmanov özünü təqsirli bilmir və ittihamı qəbul etmir.

CM-nin 311-ci maddəsində rüşvət almaya görə 4 ildən 8 ilə qədər həbs cəzası nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG