Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:29

Gömrük işçisi Astara sakinini cərimələtdirib


F.Cəfərzadə
F.Cəfərzadə

Astara Gömrük İdarəsinin əməkdaşı bu rayonun Ərçivan qəsəbə sakini, keçmiş icra başçısı Fayıq Cəfərzadəni məhkəməyə verib. F.Cəfərzadə məhkəmənin qərarı ilə cərimə edilib.

Bu barədə AzadlıqRadiosuna F.Cəfərzadə özü məlumat verib. Onun deməsinə görə, İnzibati Xətalar Məcəlləsinin (İXM) 157 (döymə və sair zorakı hərəkətlər ), 510 (xırda xuliqanlıq) maddələri ilə ittiham edilib.

F.Cəfərzadə vurğulayıb ki, bu maddələr əsasında da Astara Rayon Məhkəməsində işə baxılıb. Amma o, birbaşa məhkəmənin detallarına keçmir:

«Aprelin 26-da İrandan gəlirdim. Astara gömrük postunda gömrük işçisi mənim üstümü yoxladı. Gömrük işçisi sonra da dedi ki, ayaqqabını çıxart. Mənim 80 yaşım var. Bu mənə ağır gəldi. İmtina etdim. O, başladı əl-qol atmağa. Mən təklif etdim ki, mənim üstümü yoxlamaq istəyirsinizsə, protokollaşdırın. Bunu adamların gözü qarşısında eləməyin. Ağsaqqal adamam. Nəticə vermədi. Polis çağırdılar».

«Məni rayon prokurorluğuna çağırdılar»

F.Cəfərzadənin verdiyi məlumata görə, onu polisdə bir neçə saat saxlayıblar, izahat alandan sonra sərbəst buraxılıb: «Bir həftədən sonra məni rayon prokurorluğuna çağırdılar. Yenidən izahat aldılar. Bildirdilər ki, gömrük işçisi Qəlbinur Bağırlı məndən şikayət verib. İddia edir ki, mən 80-yaşlı bir adam onu vurmuşam. Halbuki, belə olmayıb. Özümü müdafiə etmişəm, onu əllərimlə özümdən uzaqlaşdırmaq istəmişəm».

Astara gömrük postu
Astara gömrük postu

V.Cəfərzadənin sözlərinə görə, aprelin 21-də məhkəmə iclası olub: «Gömrükdən adam gəlmədi. Hakim iclası ayın 22-nə keçirtdi. Həmin günü də gələmədilər. Dedilər ki, gömrük işçiləri istirahətdədirlər. Ayın 23-də məhkəmə baş tutdu. Üç nəfər şahid gəlmişdi. Zərərçəkən gəlməmişdi. Məhkəmədə şahidlər dindirildi. Məlum oldu ki, şahidlər hadisə baş verərkən orda olmayıblar. Səsə gəliblər. Onların iddialarına görə, İrandan qayıdanda gömrük işçilərinə mane olmuşam, iş rejimini pozmuşam. Məhkəmənin gedişindən məlum oldu ki, üstümü yoxlayarkən protokol tərtib edilməyib».

F.Cəfərzadənin iddiasına görə, şərlənib, məqsəd onu susdurmaq olub: «Mən vaxtaşırı İrana gedirəm. Yoldaşım xəstədir, özüm də müalicəyə ehtiyacım var. İrandan dərman alıram, bazarlıq edirəm. Həm İranın, həm də bizim gömrükdə vətəndaşlarımızı nahaqdan incidəndə etiraz səsimi qaldırmışam. İranda demirlər bura gəlmə. Amma onların hərəkətlərindən bilinir ki, bizim ora getməyimizi istəmirlər. İrana kütləvi şəkildə gedən vətəndaşlarımızı ən çox bizim gömrükdə incidirlər. Məni də aşağılamaq üçün ayaqqabını çıxartmağı tələb edirdilər. Demək istəyirdilər ki, baxın, sizi müdafiə edən yaşlı adamı da cəzalandırırıq».

300 manat cərimə

O hesab edir ki, gömrükdə baş verənlərlə bağlı müxtəlif kütləvi informasiya vasitələrində verdiyi obyektiv məlumatlar da onları narahat edib: «Bizim ölkədə həqiqəti danışan dilləri susdurmaq adəti var. Gömrük də belədir. Ancaq mən susan deyiləm. İnsanlar İrana ehtiyac üzündən gedirlər. Bizdə dərman, müalicə, ərzaq bahadır. Problemin kökündə bunlar durur. Mən demirəm ki, qanunu pozanları cəzalandırmasınlar. Etsinlər. Amma bunu qanunla etmək lazımdır».

Astara Rayon Məhkəməsi F.Cəfərzadəni təqsirli bilərək 300 manat cərimə edib.

Gömrükdən nə deyirlər?

Cənub Ərazi Baş Gömrük İdarəsinin növbətçi hissəsindən sözügedən məsələ ilə bağlı yalnız bunları bildiriblər: «Şəxsi yoxlamada adamın ayaqqabısı yoxlanıla bilər. Qanunda vətəndaşa fiziki qüvvə tətbiq edilsin və ya təhqir edilsin, bu yoxdur. Belə hal olmaz. Gömrük keçid məntəqəsində şəxsin lazım gələrsə, ayaqqabısı da, çantası da yoxlana bilər...».

Qurumdan konkret qeyd edilən hadisəyə münasibət bildirməyiblər.

Deyilənlərə Astara Rayon Məhkəməsindən isə münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG