Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:42

Gömrük generalının həbsi tələb olundu


Həbsxana
Həbsxana

Dərman qaçaqmalçılığı və ölkədə qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunan səkkiz nəfər hakim önünə çıxarılıb. Onların arasında Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sabiq rəisi, general Fikrət Qədiməliyev də var.

Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan bu səkkiz nəfərdən altısı həbsdədir. Digər iki nəfər haqqında istintaq və məhkəmə dövrü üçün başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib. Azadlıqda qalanlardan biri F.Qədiməliyevdir. Digər təqsirləndirilən şəxslər və onların vəkilləri buna etiraz edirlər.

Hələ ki, məhkəmə prosesinin hazırlıq mərhələsidir. Fevralın 11-də məhkəmənin hazırlıq iclasında öncə həbsdə olan təqsirləndirilən şəxslərin vəkilləri hökmə qədər onların ev dustaqlığına buraxılmasını istəyiblər. Təqsirləndirilən Əlamət Quliyevin vəkili vəsatətini əsaslandırarkən deyib ki, onun səhhətində ciddi problemlər var. Özü də lap başdan istintaqa səmimi etiraflar edib.

Təqsirləndirilən Anar Məmmədovun vəkili də onun sağlıq problemlərinin olduğunu söyləyib.

«Ya bizi buraxın, ya onu həbs edin»

Fərman Məmmədlinin vəkili Gülşən Salmanova isə hesab edir ki, ümumiyyətlə, məhkəmə bu cinayət işini istintaqa geri qaytarmalıdır. Çünki hərtərəfli, ədalətli araşdırma aparılmayıb, günahkarlardan məsuliyyətdən kənarda saxlanılanlar var. Vəkilin sözlərinə görə, məbləğ də çox şişirdilib, dəymiş zərərlə bağlı ekspertiza rəyləri doğru deyil: «Dərmanların satışından gələn gəlir hesablanıb, amma dərmanların alınmasına ayrılan vəsait göstərilməyib. Şəxsən mənim müdafiə etdiyim şəxs hansı məbləği mənimsəyib, bilinmir. Müəyyənləşdirsinlər görək, ekspertizanın gəldiyi nəticədəki məbləği kim mənimsəyib? Müdafiə etdiyim Fərman Məmmədli qaçaqmalçılıqda hansı formada iştirak edib? Əsl cinayətkarlar kənarda qalıb, Fərman Məmmədlini həbs ediblər. Hesab edirəm ki, iş yenidən prokurorluğa qaytarılmalıdır».

Vəkil G.Salmanovanın daha bir vəsatəti isə təqsirləndirilən general-mayor F.Qədiməliyev haqqında həbs-qətimkan tədbiri seçilməsi olub. Vəkil deyir ki, niyə təqsirləndirilən şəxslər arasında fərq qoyulur? Onun sözlərinə görə, F.Qədiməliyev istintaq dövründə ziyanı da ödəməyib, amma ona güzəşt olunur.

Müdafiəçinin fikrincə, başqa bir general - Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi olmuş Sadiq Abdiyev də həbs olunmalıdır.

Təqsirləndirilən F.Məmmədli özü də ayrıseçkiliyə məruz qaldığını bildirib. Deyir ki, günahsız olduğu halda, həbsdə saxlanılır, onunla eyni maddə üzrə ittiham edilən F.Qədiməliyev isə azadlıqdadır: «Nə üçün o azadlıqdadır, biz həbsdə? Ya bizi də buraxın, ya da onu həbs edin».

Təqsirləndirilən Cəmil Mehdiyevin vəkili Əbil Həsənov da işin yenidən araşdırılması üçün istintaqa qaytarılmasını istəyib.

Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası bu vəsatətlərlə bağlı gəldiyi nəticəni fevralın 14-də açıqlayacaq.

İttihamlarda nə deyilir

Təqsirləndirilən səkkiz nəfər arasında bir nəfər Türkiyə vətəndaşı da var – Ateş Atanur. Digər yeddi nəfər isə Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur MəmmədovFərman Məmmədlidir. Onlar ötən ilin aprelində Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsinin birgə əməliyyatı nəticəsində məsuliyyətə cəlb olunublar.

İttihamda yazılıb ki, hava limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında dərmanları çıxarıb, təqsirləndirilən şəxslərdən Anar Məmmədovun evinə daşıyıblar. Dərmanlar dövlət qeydiyyatından keçməyib. Evdə ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 109 min manata yaxın müxtəlif dərmanların tapıldığı iddia edilir.

İttihamda yazılıb ki, Səhiyyə Nazirliyinin əməkdaşları A.Məmmədova məxsus, Yasamal rayonunda yerləşən «Zeytun» aptekinə baxış keçirərkən dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar ediblər.

Daha sonra Yasamal rayonu ərazisindəki «İrem», «Qlükoza», «Avas», «Fatimə», Nəsimi rayonu ərazisindəki «Zeytun», «Medical City», «Elit», «Vahid», «Dokta Elite», Nərimanov rayonu ərazisindəki «Şəfa», «Şəfa Zeytun 426», «Təbib» apteklərinə satılmış, dövlət qeydiyyatından keçməmiş dərmanlar aşkar edilərək dövriyyədən çıxarılıb.

Bundan sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov vəzifədən azad edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG