Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 17:11

Vəkil: 'Cəbhəçi rühi-əsəb dispanserində müayinə olunub'


Füzuli Hüseynov (Arxiv)

“Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) inzibati qaydada həbs edilən fəalı Füzuli Hüseynov oktyabrn 13-ü axşam vaxtı Maştağadakı 1 saylı ruhi-əsəb dispanserinə yerləşdirilib. Oktyabrın 14-də o,müayinədən keçirilib”.

Bunu F.Hüseynovla oktyabrın 14-ü dispanserdə görüşdüyünü bildirən vəkil Əsabəli Mustafayev deyib.

Vəkil F.Hüseynovun müayinəsinin bir saatdan çox çəkdiyini bildirib: “Onun səhhətində hər hansı psixoloji pozuntu yoxdur və özünü yaxşı hiss edir”.

Ə.Mustafayev F.Hüseynovun saxlandığı Binəqədi Müvəqqəti Təcridxanasından ruhi-əsəb dispanserinə gətirilməsini isə belə izah edib:

“F.Hüseynov inzibati həbsinə etiraz olaraq təcridxanada quru aclıq aksiyası (su da içməyib) keçirib. Təcridxana rəhbərliyi isə görünür F.Hüseynovun başına nəsə gələ biləcəyi və buna görə məsuliyyət daşıyacağı təlaşı keçirib. Hesab ediblər ki, ən yaxşı çıxış yolu onun ruhi-əsəb dispanserinə göndərilməsidir. Bu hərəkətilə təcridxana rəhbərliyi bir növ özünü sığortalayıb. Amma əslində, F.Hüseynovda hər hansı psixoloji məsələ yoxdur. Bununla təcridxana rəhbərliyi bir hadisə olarsa 'xəstə idi, ona görə bu baş verdi' bəhanəsi qazanmaq istəyib. Amma istənilən halda bu yeni haldır və indiyə kimi belə bir hadisə olmamışdı ki, siyasi şəxsi ruhi-əsəb xəstəxanasına göndərsinlər”.

Vəkil bildirib ki, F.Hüseynov mənsub olduğu partiya rəhbərliyinin xahişini nəzərə alaraq aksiyanı dayandırıb. Vəkilin deyib ki, Füzuli Hüseynov oktyabrın 14-ü qida qəbul edib:

“Beləliklə, problem aradan qalxıb, burada artıq, adamdır. Çünki müayinə F.Hüseynovda hər hansı pozuntu olmadığını aşkar edib. Beləliklə, o yenidən təcridxanaya göndərilməlidir və yaxın saatlarda bu baş verməlidir”.

Vəkil bu məsələnin aydınlaşmasında oktyabrın 13-dən ona yardım edən Ombudsman Aparatının əməkdaşlarına təşəkkürünü bildirib.

Vəkilin bu açıqlamasına, hələlik, Binəqədi Müvəqqəti Təcridxanasının rəhbərliyinin və başqa rəsmi qurumların münasibətini almaq mümkün olmayıb.

Buna da bax: Qohumları 'müsavatçı olduğuna görə' işdən çıxarıldılar

Füzuli Hüseynov niyə həbs edilib?

Ötən həftə AXCP-nin 6 fəalı inzibati qaydada həbs edilib.Onlar polisin qanuni tələbinə əməl etməməkdə ittiham ediliblər.10 gündən 30 günə kimi inzibati həbs cəzası alıblar.

Onlardan Füzuli Hüseynov da 30 günlük inzibati cəza alıb.

Partiya onların Milli Şuranın oktyabrın 7-də keçirdiyi mitinqdən öncə saxlanmasına diqqət çəkir.AXCP hesab edir ki, onlar aksiyanın kütləviliyinin qarşısını almaq məqsədi ilə uydurma ittihamla saxlanıb.

Oktyabrın 7-si Milli Şura Bakıda mitinq keçirib. Mitinq zamanı AXCP sədri Əli Kərimli demişdi ki, ümumilikdə 200-ə yaxın fəal polisə çağırılıb. Onlardan bəziləri saxlanıb.

Amma mitinqdə səslənən bu açıqlamanı hüquq- mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmamışdı.

Sonra isə Vəkil Əsabəli Mustafayev bildirdi ki, AXCP-nin ümumilikdə 6 fəalına 10 sutkadan 30 sutkaya kimi inzibati həbslər verilib.

Buna da bax: Mitinqçilərin şəkillərini gizlicə kimlər çəkir?

Hərçənd, aksiya Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılıb. Mitinqdə «Talana yox», «İstefa» kimi şüarlar səslənib. Mitinqdə çıxış edən Milli Şuranın rəhbərliyi hakimiyyəti sərt tənqid edib. Onlar deyiblər ki, hakimiyyətin neft siyasəti xalqın yox, bir ailənin mənafeyinə xidmət edib.

Mitinqdən sonra KİV-lərə açıqlama verən hakim Yeni Azərbaycan Partiyasından olan deputatlar isə müxalifəti qərəzdə və hakimiyyətin ünvanına böhtan atmaqda günahlandırıblar.

Dünən, oktayabrın 13-də Bakı Apellyasiya Məhkəməsi F.Hüseynov da daxil olmaqla cəbhəçilərin şikayətini baxıb, onları rədd etmişdi.

XATIRLATMA

Füzuli Hüseynov Bakıda «Siyasi məhbuslara azadlıq!» şüarı ilə təkadamlıq etiraz aksiyaları keçirməsi ilə tanınır.

O, may və iyun aylarında Bakının mərkəzi hissələrində siyasi məhbus sayılan şəxslərə azadlıq tələb etmişdi.

İyunda keçirdiyi təkadamlıq aksiyaya görə, Nəsimi Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisə müqavimət) maddəsi ilə günahlandıraraq 200 manat cərimə etmişdi.

İyulda gerçəkləşdirdiyi növbəti təkadamlıq aksiya zamanı isə onu saxlayıb, məhkəməyə aparmışdılar.

Səbail Rayon Məhkəməsi onu 10 sutka inzibati qaydada həbs etmişdi. F.Hüseynov yenə də İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisə müqavimət) maddəsi ilə günahlandırılmışdı.

Azərbaycanda bundan əvvəl də oxşar hadisənin baş verdiyi bildirilmişdi.

Hələ bir neçə il əvvəl, Naxçıvan Muxtar Respulikasından Bakıya şikayət məktubu yazan bir müxalifətçinin də Maştağadakı 1 saylı ruhi-əsəb dispanserinə salındığı bildirilirdi. Azadlıq Radiosunun əməkdaşı da həmin vaxt onunla dispanserdə görüşmüşdü.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkert tərətdikləri əmələ görə, məsuliyyətə alınıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG