"The Guardian" qəzeti yazır ki, İngiltərə futbolçusu Markus Raşford aztəminatlı ailələrin uşaqlarına erkən yaşlardan kitab oxumaq vərdişini aşılamaq üçün kitab klubu yaradır.
Eyni zamanda həm "Manchester United" klubunun, həm də İngiltərə yığmasının oyunçusu olan Raşford sosial-iqtisadi durumu bir-birindən fərqli uşaqlar arasında qiraət və savadlılığı təbliğ etmək üçün "Macmillan Children's Books" (MCB) uşaq kitabları nəşriyyatı ilə əməkdaşlıq edir.
380 min uşağa təsir etmək
Futbolçunun özünün uşaqlıqda kitablara kifayət qədər çıxışı olmayıb. Raşford deyib ki, uşaqlıqda ailəsi yeməklə kitab arasında daim birincinin xeyrinə seçim etməli olub. O bu əməkdaşlıq sayəsində bütün Britaniyada heç vaxt kitabı olmamış 380 min uşağa təsir etmək istədiyini deyib: "Yalnız 17 yaşımda oxumağa başlamışam və bu mənim dünyagörüşümü və düşüncə tərzimi tamamilə dəyişdirib. Kaş mənə uşaqlıqda çoxlu oxumaq imkanı verilmiş olaydı. Ancaq ailəmizə masaya yemək qoyulmalydı, kitablara büdcə ayrıla bilməzdi. [Həyatımda] elə zamanlar olub ki, hər şeydən qaçıb kitablarla vaxt keçirmək mənə çox kömək edə bilərdi. Bütün uşaqların bu imkana malik olmasını istəyirəm, təkcə bunun üçün maddi imkanı olanların yox. Bilirik ki, bu gün Britaniyada 380 mindən çox uşağın heç vaxt kitabı olmayıb. Bu, həssas mühitdə yaşayan uşaqlardır".
Özü də kitab yazır
MCB nəşriyyatı bildirib ki, bu təşəbbüs ilk növbədə kitabların birbaşa həssas və imkansız mühitdə yaşayan uşaqlara çatdırılmasına fokuslanacaq.
Raşfordun özü də uşaqlar üçün kitablar yazır. Onun "You Are A Champion: Unlock Your Potential, Find Your Voice And Be the Best You Can Be" adlı ilk kitabı 2021-ci ilin mayında çıxmalıdır. Bu kitabın hər fəsli Raşfordun öz həyatından götürülmüş hekayə ilə başlayacaq. Kitabın fəsilləri təhsilin dəyəri, pozitiv düşüncə tərzi, mədəniyyəti anlamaq və qadın rol modellər kimi maraqlı mövzuları əhatə edəcək. Raşford bu kitabı jurnalist Karl Anka və idman psixoloqu Keti Uorriner ilə birgə hazırlayır.
Raşfordun daha iki kitabı isə 2021-ci ilin sonu və 2022-ci ildə çıxacaq. 7 yaşdan yuxarı oxucular üçün nəzərdə tutulmuş bu kitabların hər ikisi bədiidir.
26 faiz
Britaniyanın Milli Savadlılıq Fondunun (National Literacy Trust) bu ilin yayında apardığı araşdırma üzə çıxarıb ki, ötən il yaşı 18-dən aşağı olan uşaqların yalnız 26%-i hər gün kitab oxuyur. Bu, fondun sorğunu keçirməyə başladığı 2005-ci ildən bəri qeydə alınmış ən aşağı göstəricidir. Şair və uşaq kitabları müəllifi Maykl Rozen deyib ki, bu nəticələr hökumət üçün həyəcan təbili olmalıdır.
Raşford deyib ki, uşaqlara çatdırılacaq kitablarda fərqli personajlar olmalıdır. Onun sözlərinə görə, bu, uşaqlara müxtəlif personajlarda özlərini görmək, bütün irqlərə, dinlərə və cinslərə mənsub insanların təsvir olunduğunu görmək imkanı verəcək. "Harada böyüməyindən asılı olmayaraq, istedad tanınmalı və qalib gəlməlidir", –o əlavə edib.
Raşfordun daha öncə uşaq qida yoxsulluğu ilə bağlı kampaniyası hökumətin bu sahədə köklü dəyişiklik edərək uşaqlara pulsuz yemək verməsi ilə nəticələnib. İmkansız ailələrin uşaqları Milad bayramı günlərində pulsuz yeməklə təmin olunacaqlar.
Bu yeni kitab təşəbbüsü də hökumətin diqqətini cəlb edib. Baş nazirin sözçüsü bu təşəbbüsü "fantastik" adlandırıb, Raşfordun özünü isə kitabların gücünə işıq saldığı üçün alqışlayıb.