Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Fuad Əhmədli həbsdən buraxılmadı


Fuad Əhmədli
Fuad Əhmədli

"Azərbaycanda insanların məhkəmələrə, ədalət mühakiməsinə inamı ölüb. Mən də ərizəni verməklə ədalətli qərara ümid eləmirdim, sadəcə, bu kişiləri görməkdən ötrü bura gəldim", - AXCP Gənclər Komitəsinin həbsdə olan üzvü Fuad Əhmədli hakimlərə belə deyib.

İyulun 5-də Bakı Apellyasiya Məhkəməsində onun dörd illik cəzasının üçdə ikisindən də çoxunu çəkməsi əsasıyla vaxtından əvvəl buraxılması məsələsinə baxılıb.

“Müalicə müəssisəsində olmamışam...”

Fuad deyib ki, Suraxanı Rayon Məhkəməsi onun həbsdə olduğu müddətdə bir neçə dəfə töhmət alması, cəzaçəkmə müəssisəsində yaxşı xarakterizə olunmaması, cinayət törətməsini etiraf etməməsi kimi səbəblər göstərib, onu buraxmaqdan imtina edib: "Amma bunların hamısı əsassız bəhanələr, sifarişli quramalardır. Bilirsinizmi cərimə təcridxanası cəzasının biri mənə niyə verilib? Müəssisədə AXCP sədrinin müşaviri Məmməd İbrahimin yatağından bıçaq tapılması məsələsi ortaya çıxanda partiyanın bəyanatı oldu ki, bu, birbaşa dövlət rəhbərliyinin sifarişilə olan işdir. Mən, partiyadan başqa bir dostumuz Asif Yusifli və jurnalist Əfqan Muxtarlı ilə bu məsələni müzakirə etdiyimizə görə. Buna görə əvvəl çağırıb izahat yazdırdılar. Mən də yazdım ki, bəyanatı müzakirə etməyin daxili intizam qaydalarının pozuntusu olduğunu bilmirdim..."

Məhkəmədə Fuadın saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsini Asif Kərimov təmsil edib. Deyib ki, Fuadın buraxılmasını məqsədəuyğun hesab etmir. Cəbhəçi fəal isə bildirib ki, A.Kərimov ikinci dəstənin rəhbəridir, amma o, dördüncü dəstədədir: "O, mənim haqqımda nə rəy verə bilər axı..."

F.Əhmədli əlavə edib ki, onu həbsdən buraxmaqdan imtina edən Suraxanı Rayon Məhkəməsinin qərarında Penitensiar Xidmətin Müalicə Müəssisəsindən Ceyhun Quliyevin rəyinə istinad olunub: "Mən Müalicə Müəssisəsində olmadığım halda, onun rəyinə niyə istinad olunub, anlaya bilmirəm".

Bakı Apellyasiya Məhkəməsində Habil Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası da şikayəti təmin etməyib, qərar qüvvədə saxlanılıb.

F.Əhmədlinin atası Zəfər Əhmədli AzadlıqRadiosu-na bildirib ki, fərqli nəticə gözləmirdilər: "Ona görə yox ki, Fuad günahkardır, islah olunmayıb və s. Fuadın layiq olmadığı cəzanı çəkdiyini hakimlər özləri də yaxşı bilir. Sadəcə, onu layiq olmadığı cəzadan azad etməyə cəsarətləri çatmadı..."

Zəfər Əhmədli
Zəfər Əhmədli

Xatırlatma

F.Əhmədli 2016-cı il avqustun 17-də saxlanıb. İttihama görə, o, operator işlədiyi “Azerfon” şirkətində (Nar Mobile) texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqqında fərdi məlumatları kənar şəxslərə ötürüb.

AXCP üzvü Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası verilib.

F.Əhmədli ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduğunu bildirir. Rəsmilər isə ölkədə siyasi sifarişlə həbslərin olması haqqında deyilənləri düzgün saymırlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG