Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Fuad Əhmədli: ‘Dostları görməkdən ötrü belə böhtanları eşitməyə dəyər’


Fuad Əhmədli
Fuad Əhmədli

"Mən bilirdim ki, ərizəm təmin olunmayacaq. Çünki mənim məsələm cəzaçəkmə müəssisəsi səviyyəsində yox, ölkə rəhbərliyi səviyyəsində verilən sifarişlə həll olunur. Məhkəməyə müraciət etməkdə məqsədim prosesə gələcək dostlarımı görmək idi...", - AXCP Gənclər Komitəsinin üzvü Fuad Əhmədli oktyabrın 4-də məhkəmədə çıxış edərkən belə deyib.

O, cəzasının yarısından çoxunu çəkməsini əsas gətirib, məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi üçün Suraxanı Rayon Məhkəməsinə müraciət edib. Ordan aldığı imtina cavabından da Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Amma bu məhkəmədə də onun şikayəti təmin edilməyib.

Xəbərdarlıq edilib, tənbeh olunub...

Fuad Əhmədlinin saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsi onun haqqında müsbət xasiyyətnamə verməyib. Müəssisənin dəstə rəhbəri məhkəmədə də bildirib ki, Fuad dərnəklərdə iştirakdan boyun qaçırır, ona şifahi şəkildə xəbərdarlıqlar edilib, tənbeh olunub. Ona görə də indiki halda, məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi məqsədəuyğun deyil.

Fuad Əhmədli onun söylədiklərilə razılaşmayıb. O bildirib ki, cəzaçəkmə müəssisəsində tənbeh olmayıb: "İstintaq təcridxanasında olub. O da 6 aydan sonra qüvvədən düşür. Mən isə 1 il 3 aydır cəzaçəkmə müəssisəsindəyəm".

Onunla bağlı qərarların siyasi sifariş əsasında çıxarıldığını deyən AXCP fəalı bildirib ki, məhkəmədən ədalətli nəticə gözləntisi yox idi. Sadəcə, məhkəməyə çıxıb, gələn dostlarını görmək istəyirdi:

"Mənim müəssisədə kütləvi tədbirlərdə iştirak etmədiyim barədə deyilənlər də doğru deyil. Ancaq dostları görməkdən ötrü on belə böhtanı da eşitməyə dəyər".

Xatırlatma

Fuad Əhmədli 2016-cı il avqustun 17-də saxlanılıb. İttihama görə, o, işlədiyi "Azerfon" şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqda fərdi məlumatları kənar şəxslərə ötürüb. Həmçinin iddia olunur ki, Fuadın həbsindən sonra onun yaşadığı evdə aparılan axtarış nəticəsində ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülənə aid materiallar olan disklər, kitablar tapılıb.

Fuad Əhmədli Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası kəsilib. Yuxarı instansiya məhkəmələri də hökmü qüvvədə saxlayıb.

Fuad Əhmədli ittihamları rədd edir və siyasi baxışlarına görə sifarişlə həbs olunduğunu bildirir.

XS
SM
MD
LG