Keçid linkləri

Təcili xəbərlər
2023, 06 Dekabr, çərşənbə, Bakı vaxtı 02:52

Vəkillər Kollegiyası: Fuad Agayevə verilən töhmət ‘qanunidir’


Fuad Ağayev
Fuad Ağayev

“Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasından dərhal sonra vəkil Fuad Ağayev tərəfindən mətbuata barəsində aparılan intizam icraatı ilə bağlı təhrif olunmuş məlumatlar verilib”.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin dünən, iyulun 9-da keçirilmiş iclası ilə bağlı bu qurumun yaydığı açıqlamada belə yazılır.

Açıqlamada vurğulanır ki, vəkil Fuad Agayevə töhmət verilməsi qanuni olub.

Vəkillər Kollegiyası bildirir ki, vəkil müvəkkili ilə görüş zamanı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisəsinin əməkdaşlarının qanuni fəaliyyətinə maneçilik törədib, həmin müəssisənin rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlədib.

Açıqlamada deyilir: “Həmçinin Cəzaların İcrası Məcəlləsinin müəyyən etdiyi müddətləri gözləməməklə vəkil Fuad Ağayev öz müvəkkilinə göndərdiyi məktubun və sənədlərin cəzaçəkmə müəssisəsi tərəfindən çatdırılmaması ilə bağlı sosial şəbəkədə, internet resurslarda əsası olmayan məlumatlar yaymaqla ictimaiyyəti çaşdırıb”.

Kollegiya hesab edir ki, Fuad Ağayev “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun və vəkillərin davranış qaydaları haqqında Əsasnamənin tələblərinin pozuntusuna yol verib.

Fuad Ağayev iyulun 9-da töhmət qərarını AzadlıqRadiosuna şərh etmişdi. O, kollegiyanın bu cür qərarlarının vəkillərin fəaliyyətinin daha da məhdudlaşdırılmasına xidmət etdiyini vurğulamışdı:

"...Mənim hüquqi əsasa söykənən mövqeyimi dinləsələr də, təəssüf ki, eşitmədilər və mənə töhmət verdilər. Hesab edirəm ki, bu, vəkillərin öz müvəkkillərinin hüquqlarını qoruyarkən daha qorxaq fəaliyyət göstərmələrinə zəmin yaradacaq qərardır. Bu cür qərar vəkilləri istintaq orqanlarından, cəzaçəkmə müəssisələrindən asılı salmağa xidmət edir. Və bu, tək mənə aid deyil".

Xatırlatma

Vəkillər Kollegiyasında son yeddi ayda xeyli vəkilin fəaliyyəti dayandırılıb. Onların arasında Yalçın İmanov, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev və digərləri var.

Yalçın İmanov istisna olmaqla, digərlərinə bir illik məhdudiyyət tətbiq olunub.

Buna qədər isə Aslan İsmayılov, Xalid Bağırov, Əlayif Həsənov, Namizəd Səfərov, Müzəffər Baxışovun vəkillik fəaliyyətinə xitam verilib.

Ən son olaraq, bu yaxınlarda vəkil İradə Cavadova cəzalandırılıb.

Vəkillər barəsində cəza qərarları əsasən, hüquq-mühafizə qurumlarının - Daxili İşlər Nazirliyi orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Baş Prokurorluğun müraciətləri əsasında verilib.

Vəkillər bu tendensiyanı daha çox yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxsləri müdafiə etmələri ilə əlaqələndirir. Vəkillər Kollegiyası bu iddiaları rədd edir.

Rəsmi Bakı ölkədə ümumiyyətlə siyasi məhbus olmadığını bəyan edir.

XS
SM
MD
LG