Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 08:30

Atışmada yaralanan daha bir FTX əməkdaşı öldü (VIDEO)


FTX binasının yaxınlığında hadisədən sonra
FTX binasının yaxınlığında hadisədən sonra

Dekabrın 19-da Moskvada Federal Təhlükəsizlik Xidmətinin (FTX) binasının qarşısında baş vermiş atışmada yaralanmış ikinci təhlükəsizlik əməkdaşı elə həmin gün xəstəxanada keçinib.

Bu barədə məlumatı İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenkoya istinadən TASS verib.

Petrenko deyib ki, FTX əməkdaşlarından biri elə atışma zamanı ölüb. İkinci əməkdaş ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etməık mümkün olmayıb.

Moskvanın Lubyanka meydanında atışmanı başlamış Yevgeny Manyurovun anası deyib ki, oğlu son illərdə eyni vaxtda bir neçə özəl mühafizə firmasında çalışıb, lakin bir neçə ay bundan əvvəl işdən çıxıb.

Anasının dediyinə görə Manyurov orduda xidmət etməyib. O uşaqlıqda boks və əlbəyaxa döyüş idmanı ilə məşğul olub.

Manyurovun anası Komsomolskaya Pravda qəzetinə deyib ki, oğlu bir neçə il ərzində atıcılıqla məşğul olurdu. Xəbər verilir ki, o bu idman növü üzrə turnirlərdən birində üçüncü yeri tutub.

Anası bildirib ki, Manyurovun dostları yox idi və o evli deyildi. Son vaxtlar işləmirdi.

Qadın bunu da deyib ki, oğlu son vaxtlar “hansısa ərəblərlə” telefonda danışırmış. Söhbətlər ingiliscə olduğundan anası heç nə başa düşməyib.

Manyurovun anası Baza saytına deyib ki, oğlu “keqebeşniklərə nifrət edirdi”.

***

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) bildirib ki, dekabrın 19-da onun Lubyanka meydanındakı iqamətgahının qarşısında naməlum şəxsin atəş açması nəticəsində bir FTX zabiti həlak olub və daha beş nəfər yaralanıb.

Məlumatda atəş açanın tək olduğu və FTX-nin binasına daxil ola bilmədiyi bildirilir.

Bundan əvvəlki məlumatda FTX hücum edənin “neytrallaşdırıldığını” bildirmişdi. Bu söz adətən “öldürülüb” sözü mənasında işlədilir.

Beləliklə, hücum edən şəxsin öldürüldüyü qeyd olunub.

Rusiya FTX keçmiş sovet DTK-sının varisidir.

Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə atışmada 5 nəfər yaralanıb və iki FTX zabitinin vəziyyəti ağırdır.

Hadisə yerindən çəkilmiş videoda adamların Lubyanka meydanında baş verən atışmadan qaçdığı görünür.

Kremlin sözçüsü Dmitry Peskov deyib ki, prezident Putin hadisə barədə məlumatlandırılıb.

Atışma Putinin böyük brifinq keçirdiyi gündə və Rusiya Təhlükəsizlik Xidmətləri gününün (20 dekabr) ərəfəsində baş verib.

Bu da deyilir ki, atışma baş verəndə keçmiş DTK zabiti Putin Kremldə keçirilən təntənəli bayram konsertindən əvvəl böyük nitq edirdi.

O deyib ki, 2019-cu ildə Rusiyada azı 54 terrorla bağlı hadisənin qarşısı alınıb.

FTX hücum edənlərin üç nəfər olduğu barədə bundan əvvəl verilən xəbərləri təkzib edib.

RT dövlət telekanalı bildirib ki, Rusiya kəşfiyyat orqanları atışmanı “terror aktı” adlandırıb.

Bu da deyilir ki, hadisədən saatlar keçməsinə baxmayaraq FTX binasının ətrafındakı küçələr bağlı qalır.

XS
SM
MD
LG