Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 14:13

FTB direktorluğuna namizəd Rusiyanın seçki müdaxiləsinin araşdırılacağını deyir


FTB direktorluğuna namizəd Christopher Wray

Christopher Wray ABŞ Senatının Ədliyyə Komitəsinə bildirib ki, əgər FTB-nin yeni direktoru vəzifəsinə təsdiq edilərsə, o, Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsinin araşdırılmasını tamamilə dəstəkləyəcək.

Prezident George W. Bush-un vaxtında, 2003-2005-ci illər arasında Ədliyyə Nazirliyinin başçısı olmuş 50 yaşlı Wray Federal Təhqiqatlar Bürosunun direktoru vəzifəsinə iyunun 7-də prezident Trump tərəfindən nominasiya edilib.

Trump bundan əvvəlki direktor James Comey-ni vəzifəsindən azad etmişdi.

Comey vəzifəsindən kənarlaşdırıldığı vaxt Rusiyanın ABŞ seçkisinə müdaxiləsini araşdırırdı.

Wray iyulun 12-də deyib ki, o habelə Trump-ın seçki kampaniyası ilə Rusiya rəsmiləri və başqa fərdlərin arasındakı əlaqələrin təhqiqatını davam etdirəcək.

Wray deyib ki, hazırda keçmiş FTB direktoru Robert Muelller tərəfindən aparılmaqda olan təhqiqatın əngəllənməsinə heç bir cəhd göstərməyəcək. Mueller xüsusi prokuror vəzifəsinə Ədliyyə Nazirliyi təfəfindən məxsusi olaraq bu məsələləri araşdırmaq üçün təyin edilib.

O bildirib ki, Mueller-in təhqiqatına maneçilik törədilməsini qeyri-məqbul hesab edərdi.

Wray deyib ki, əksinə Mueller-in təhqiatına mümkün dəstəyi verəcək.

Trump indiyədək onun yaxın adamlarının Rusiya rəsmiləri ilə əlaqələrinin araşdırılmasını “qurma iş” və “əcinnə ovu” adlandırıb. Trump bu bəyanatını bir daha iyulun 12-də yazdığı tvitdə təkrarlayıb.

Bu barədə suala cavab verərkən Wray deyib ki, Mueller-in apardığı təhqiqatı “əcinnə ovu” hesab etmir.

Respublikaçı senator Lindsey Graham dinləmə zamanı Trump-ın oğlunun rusiyalı vəkillə görüşü barədə sual verib. Senator soruşub ki, belə bir halda Wray nə edərdi?

Wray Graham-a deyib ki, şəxsən o belə bir görüşdən əvvəl hüquq məsləhətçisi ilə danışardı.

Wray deyib ki, “hər hansı ölkə və qeyri-dövlət fiqurunun bizim seçki sistemimizə müdaxiləsi FTB-nin araşdırdığı məsələlərin sırasına daxildir”.

Wray bunu da bildirib ki, Rusiyanın ABŞ seçkisinə müdaxilə etdiyinə dair ABŞ kəşfiyyat orqanlarının gəldiyi nəticəyə şübhə etmir.

Son on ildə Wray Atlantadakı King & Spalding hüquq firmasında fərdi məsləhətçi kimi çalışıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG