Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:27

Əli Kərimli: 'Zimbabveyə gülməyək...'


Əli Kərimli
Əli Kərimli

«Biz azərbaycanlıların Zimbabveyə gülməyə haqqı yoxdur. Bütün beynəlxalq reytinqlərdə hətta Zimbabve də, Belarus da Azərbaycandan yüksəkdə dururlar». «Freedom House» insan haqları təşkilatının «Keçid ölkələri 2017» adlı hesabatını AzadlıqRadiosuna şərh edən AXCP sədri Əli Kərimli belə deyir.

O, hesabatda seçkilərə, mətbuat azadlığına, məhkəmələrə verilən qiymətlərlə tam razıdır: «Azərbaycanda mətbuat tamamilə susdurulub, televiziyalar çoxdan hökumətin nəzarətindədir, qismən, arabir müxalif fikri yox, maraqlı informasiyaları çatdıran ANS belə bağlandı, sonuncu qəzet «Azadlıq» sentyabrdan çıxmır. Nəhayət, Milli Şuranın mitinq qərarından sonra ölkədəki ən nüfuzlu və müstəqil üç sayta – azadliq.info, azadliq.org və meydan.tv-yə giriş bloklanıb. Beləliklə, azad mətbuat tam olaraq susdurulub».

***Buna da bax-Azərbaycanın demokratiya balı bir az da düşüb

«HANSI SEÇKİDƏN DANIŞMAQ OLAR?»

Seçkilərə gəlincə, Ə.Kərimli Azərbaycanda seçkilərin azad keçirilməməsi haqda qənaəti də xüsusi vurğulayır: «Dövlət Departamentinin hesabatında da deyilirdi ki, 2010-cu ildən bəri ölkə parlamentində bir nəfər də müxalifətçi təmsil olunmur. Təsəvvür edin! Bu vəziyyətdə ölkədəki seçkilər haqda nə demək olar?..».

İ.Əliyev
İ.Əliyev

Partiya sədri korrupsiya haqda söylənilənlərə də qatılır. O, «ən irimiqyaslı korrupsiya»ların hakim ailəyə bağlı olduğunu bildirir və başqa ölkədə bu qədər korrupsiyalaşmaya rastlanacağına inanmır.

Ə.Kərimli siyasi partiyaların fəaliyyətinin, az qala, qeyri-leqallaşdığını söyləyir: «Bizim partiyadan bir neçə nəfər həbs edilib, özümün 11 ildir ölkədən çıxışıma imkan verilmir. Partiya qərargahının biri möhürlənib, o biri partladılıb, yeni qərargah götürməyə şərait yaradılmır. Qurultayın nəticələri tanınmır deyə, partiyanın qeydiyyatı faktiki sual altındadır».

***Buna da bax-Deputat: ''Freedom House'da Azərbaycana qərəzli yanaşma var'

AXCP sədri Azərbaycanda diktatura qurulduğunu bəyan edir. «Sadəcə, bu diktatura XIX-XX əsrin diktaturalarından fərqlənir, onlarla müqayisədə hər şeyi qabarıq, kobud şəkildə etmirlər, amma mahiyyət etibarilə ölkədə bir şəxsin, bir ailənin mütləq hakimiyyəti formalaşıb. Hakimiyyət bölgüsündən, məhkəmə hakimiyyətindən söhbət gedə bilməz, vətəndaş cəmiyyətinin varlığına son qoyulub».

Elman Nəsirov
Elman Nəsirov

DEPUTAT: «SELEKTİV VƏ ANTİ-AZƏRBAYCAN HESABATDIR»

Hakim partiyanın, deputatlarınsa «Freedom House»un hesabatına münasibəti ənənəvi mövqedən fərqlənmir. Onlar yenə də qurumu qeyri-obyektivlikdə suçlayırlar.

Milli Məclisin İnsan haqları komitəsinin üzvü Elman Nəsirov AzadlıqRadiosuna bunları söyləyir: ««Freedom House»un hesabatlarına Azərbaycanda heç kim obyektiv, şəffaf hesabat kimi yanaşmır. O səbəbdən ki, bu təşkilat fəaliyyəti dövründə sifariş yerinə yetirib. Ayrı-ayrı siyasi dairələrin, dövlətlərin əlində alətə çevrilib. Onların büdcəsi də həmin sifarişçinin hesabına formalaşdırılıb. Ona görə də, Azərbaycan cəmiyyəti birmənalı şəkildə «Freedom House» və onun hesabatı ifadəsini eşidəndə, bu qurumun yenə növbəti sifarişi yerinə yetirdiyini düşünür».

Deputat insan haqları təşkilatını azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulmasına, iki Azərbaycan vətəndaşının Ermənistanda girov saxlanılmasına diqqət çəkməməkdə, onlarla bağlı qətiyyətli mövqe sərgiləməməkdə qınayır. «Hesabatı hazırlayan təşkilatın yanaşmalarında selektiv qiymətləndirmələrin şahidi oluruq. Bu hesabat da daha bir anti-Azərbaycan sənəddir. Orda əksini tapan müddəaları qəbul etmirik», – deputat söyləyir.

«Freedom House»un aprelin 4-də açıqladığı hesabatda Azərbaycanın demokratiya balının bir az da gerilədiyi vurğulanır. Ölkə əksər kateqoriyalar üzrə ən aşağı sayılan 7 xalla dəyərləndirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG